“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ
Region

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ"

Mingəçevir

"Heydər Əliyev İli" ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirilmişdir. İlk öncə iştirakçılar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qeyd etmişdir ki, tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. "Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur", - deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. 

Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuş, 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi: "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun".

Bu gün inamla demək olar ki, Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov "1978-ci il Konstitusiyasında Azərbaycanda dövlət dilinin Azərbaycan dili kimi tətbiq edilməsində Heydər Əliyevin rolu əvəzedilməzdir", Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva "Ümummilli lider Heydər Əliyev Ana dilinin böyük qayğıkeşi və hamisi idi", 19 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Yusifova "Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2021-ci il tarixli Fərmanı Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsində əsas sənəddir", Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Səfərli "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası", 20 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsəd Əşrəfov "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilinin həyatımızın bütün sahələrində tətbiqini gerçəkləşdirməsi Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olmasının bariz nümunəsidir" mövzularında məruzələr etmişlər.

 

İmişli

"Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda İmişli RİH-in başçısı Elçin Rzayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

 Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edildi. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar dinlənildi.

Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirdi ki, müstəqil ölkədə yaşamaq, ana dilində danışmaq qürurvericidir. Dil hər bir millətin mənəvi simasıdır. Azərbaycan dilinin həm ümumxalq, həm də dövlət dili kimi inkişafında böyük şəxsiyyət, vətənpərvər Heydər Əliyevin misilsiz xidmətləri olub. Rəsmi yığıncaqların rus dilində aparıldığı 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində Heydər Əliyev rus dilində deyil, doğma ana dilində çıxış edib.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirir və deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

 O, bu sözləri hansısa tədbirdə sadəcə bəlağətli söz kimi deməyib, ana dilimizin yaşamasına cavabdeh olan şəxslərin məsuliyyətini xatırladıb. Heydər Əliyev öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirməklə indiki və gələcək nəsil üçün bir örnək yaradıb. Ulu öndərə ümumxalq məhəbbətinin bir səbəbi də bundadır. Konfransda qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub.

 

Ağstafa

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı respublikanın hər yerində, eləcə də bir sıra xarici ölkələrdə silsilə tədbirləri keçirilir. Ağstafa rayonunda da “Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlərin keçirilməsi davamlı hal almışdır.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı qeyd edib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev bu sahədəki fəaliyyətinə Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Bu gün Ümummilli Liderin əsasını qoyduğu dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu sahədə hərtərəfli inkişafın bariz nümunəsidir.

Mərasimdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi İndira Vəliyeva, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin coğrafiya müəllimi Vüsal Həsənov və rayon Mədəniyyət Mərkəzinin müdiri Xuraman Əzimova "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda geniş məruzələrlə çıxış edib, ana dilimizin inkişafı və qorunması sahəsində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açıblar. 

"Respublika".