İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Üzgüçümüz qızıl medal qazanıb

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında üçqat paralimpiya çempionu, üzgüçümüz Raman Saley 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb. O, həmçinin 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

 

17 yaşadək həndbolçu qızların Avropa çempionatı başlayır

Bu gün Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatı start götürür. Yarışın açılış mərasimi saat 17:15-də Bakı İdman Sarayında təşkil olunacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri "A" qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer Adaları komandaları isə "B" qrupunda mübarizə aparacaqlar.

 

Yay turnirinin qalibləri müəyyənləşib

Tovuzda güc idman növləri üzrə yay turniri keçirilib. "Deadlift", "strict curl" və "bench-pess" hərəkətləri üzrə təşkil olunan yarışda Tovuz, Mingəçevir, Yevlax, Goranboy və Gəncədən olan idmançılar birincilik uğrunda mübarizə aparıblar. Otuzdan artıq idmançının qatıldığı yarışda Yevlax idmançıları komanda hesabında birinci olublar. Tovuz idmançıları yarışı ikinci, Mingəçevir idmançıları isə üçüncü pillədə başa vurublar.

 

İkinci MDB Oyunlarında Azərbaycanın 177 idmançısı mübarizə aparacaq

Bu gün Belarusda II MDB Oyunlarına start verilir. Yarışa Azərbaycanın 16 idman növündə 177 idmançısı qatılacaq. İdmançılarımız bədii gimnastika, güllə atıcılığı, Yunan-Roma güləşi, çimərlik futbolu, atletika, cüdo, boks, kamandan oxatma, ağır atletika, minifutbol, sərbəst güləş, üzgüçülük, muaytay, karate, para idman rəqsləri, sambo kimi idman yarışlarında güclərini sınayacaqlar. Qeyd edək ki, II MDB Oyunları avqustun 15-də başa çatacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".