İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Güləşçimiz dünya çempionu olub

Rumıniyanın Konstansa şəhərində Çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub. Seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvləri İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıblar.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kiloqram çəki dərəcəsində ən çox xal toplayan güləşçi kimi dünya çempionu adına sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.


Paracüdo idman növü üzrə milli komandamız 6 medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Millimizin digər üzvləri Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Paracüdoçularımız bir qızıl və beş bürünc olmaqla ümumilikdə altı medalla Avropa çempionatını tamamlayıblar.

Azərbaycan parataekvondoçuları Qran-Pridə 3 medal əldə ediblər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvü Sabir Zeynalov (58 kq) "Paris 2022 World Taekwondo" Qran-Prisinin gümüş medalına sahib olub. Millimizin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) Qran-Prinin bürünc medalını qazanıblar. Qran-Pridə yüksək nəticə göstərmiş idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.


Karateçilərimiz Premyer Liqa turnirini 6 medalla başa vurublar

Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirində Azərbaycan karateçiləri 3 qızıl və 3 bürünc olmaqla 6 medal qazanıblar. Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıb.

Turnirdə 58 ölkədən 348 karateçi mübarizə aparıb. Turnirin iştirakçıları arasında olimpiya, dünya və qitə çempionları və mükafatçıları yer alıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".