Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçirilib
İdman

Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, “Smartscoring”in dəstəyi ilə sentyabrın 3-də Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. 

Həm fərdi, həm də komanda formatında baş tutan yarışda idmançılar əvvəlcə 1500 metr üzüblər, sonra 40 km velosiped sürüblər və sonda 10 km qaçıblar.

Kişilər arasında (Elit, U23, 18+) Toğrul Məmmədli birinci, Roman Qlavatski ikinci, Elçin Bəkirov üçüncü olublar. Qadınların mübarizəsində ilk üç yeri Kseniya Voronina, Milanə Xəlilova, Marina Belan tutublar.

Komanda (estafet) yarışında kişilər arasında Cəfər Məmmədov, Musa Mikayılzadə, Cəlal Süleymanov, qadınların yarışında Aysel Səfərova, Sveta Yevkina, Lalə Əzizova birinci yerə layiq görülüblər.

10-13 yaş qızlar arasında Zəhra Cavadzadə, Xədicə Qasımzadə, Duyğu Bağırova ilk üçlükdə qərarlaşıblar. Oğlanların yarışında Nihat Xudiyev bütün rəqiblərini qabaqlayaraq birinci olub. Antoni Skalabre yarışı ikinci və Yeqor Maynitski üçüncü pillədə başa vurublar.

14-17 yaş qızlar arasında Radha Şabanova, Leyla Abduləzizova, Qumru Musazadə fərqləniblər. Oğlanlar arasında Əli Rzazadə yarışı birinci pillədə başa vurub. Tamerlan Musayev və Teymur Cəfərov isə ilk üçlüyü tamamlayıblar.

Sonda qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi şəxslər təqdim ediblər.