İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Multi Avropa Oyunlarında altı medal

Bosniya Herseqovinanın paytaxtı Sarayevoda gənc yeniyetmə taekvondoçular arasında Multi Avropa Oyunlarına yekun vurulub. Yarışın ikinci günü yeniyetmə idmançılar dayanq üzərinə çıxıblar. Yığmamız yarışda 2 qızıl 1 gümüş medal qazanıb. İlyas Hətəmli (160 sm) Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələniblər. Novruz Əliyev isə gümüş medala layiq görülüb. Ölkəmiz yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub. Milli komandamız Multi Avropa Oyunlarını 6 medalla bitirib. Yarışın ilk günündə isə Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar.

 

Cüdoçumuz üçüncü olub

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev bürünc medal uğrunda mübarizə aparıb. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz gürcüstanlı idmançı İlya Sulamanidzeyə qalib gələrək bürünc medal əldə edib.

 

Boksçumuz bürünc medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri çərçivəsində millimizin üzvləri Alfonso Dominqes (86 kq), ardınca isə Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıblar.

Məhəmməd Abdullayev dünya çempionatını bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatıdır. Daha öncə, Algonso Dominqes yarımfinalda gürcüstanlı rəqibini məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək.

 

İdmançımız yarışı ikinci pillədə başa vurub

Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında Azərbaycan paraüzgüçüsü Roman Saley yeni uğura imza atıb. Üçqat paralimpiya çempionumuz 50 metr məsafəyə arxası üstə üzmədə 27.96 saniyə nəticə göstərərək gümüş medala sahib çıxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".