Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

1993 -cü il 29 oktyabr. Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü. Bu şəhərin 27 il davam edən işğalına 44 günlük Vətən müharibəsinin 25-ci günündə, 2020-ci il oktyabrın 20-də son qoyuldu...

Azərbaycan Ordusunun mövqelərinin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətində Ermənistan silahlı birləşmələrinin atıcı silahlar, minaatanlar və toplardan atəşə tutmasına cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatına başladı. Oktyabrın 18-də axşam saatlarında ordumuzun Qubadlı-Zəngilan istiqamətində başladığı hücum ermənilər üçün gözlənilməz idi və bu döyüşlər nəticəsində oktyabrın 19-da Cəbrayıl rayonunun 13 kəndi, oktyabrın 20-də günün birinci yarısında Füzuli rayonunun 6 kəndi: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli və Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun 7 kəndi: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun 5 kəndi: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri azad olundu. Əsas zərbənin məhz bu istiqamətdə endirildiyi qəanətinə gələn erməni komandanlığı qüvvə toplamağa başlasa da, xüsusi təyinatlı və motoatıcı mobil hissələr əsas yollardan kənarda yerləşən təpələrlə irəliləyərək Zəngilan şəhərinə yaxınlaşdılar, sürətli həmlə nəticəsində şəhəri və rayonun daha 6 kəndini: Zəngilan şəhərini, Havalı, Məmmədbəyli, Həkəri qəsəbəsini, Şərifan, Muğanlı kəndlərini azad etdilər. Oktyabrın 21-də isə Azərbaycanın qərbindəki ən uzaq dəmiryol stansiyası olan Mincivan qəsəbəsi də azad olundu.

Vətən müharibəsi başladığı ilk gündən Füzuli rayonunun 24, Cəbrayıl rayonunun  43, Xocavənd rayonunun 19, Zəngilan rayonunun 6 kəndi işğaldan azad edilib.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdı.

Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananlar olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində kəndlərimizin və Zəngilan şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edərək demişdir: "Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk, düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq".

Həmin gün saat 16 radələrində işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını nümayiş etdirən videogörüntü yayımlandı.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhəboyu əks-hücum əməliyyatının uğurla davam etməsi və Ermənistan silahlı qüvvələrinin ağır itki verərək geri çəkilməsi barədə məlumat yaydı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva isə rəsmi "İnstagram" səhifəsində paylaşım etmişdi. Paylaşımda deyilirdi: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Böyük qələbə isə addım-addım yaxınlaşırdı...

"Respublika".