10 il sonraya səyahət – Dünyada nələr dəyişəcək?
İqtisadiyyat

10 il sonraya səyahət – Dünyada nələr dəyişəcək?

"Sehrli xalat" filmini yəqin ki, hamımız izləmişik. Ekran işində keçmiş və gələcəyə dair səhnələr yer alır. Səyahət illüzionist İo Kio babanın sehrli xalatı ilə həyata keçirilir. Xalatın yaşıl üzü keçmişə, qırmızı tərəfi isə gələcəyə aparır. Böyük ehtimalla əksəriyyətimiz bu kinoya baxanda illər sonra nələrin baş verə biləcəyinin xəyalını qurmuşuq. Bəlkə də o zaman xəyal etdiklərimiz indi bizə mənasız gəlir. Gələcəklə bağlı təxminlərimiz də bir çox halda bizi yanıldır. Amma yenə də 5-10 il sonranı görmək, nələrin dəyişəcəyini bilmək, özümüzün hansı nöqtəyə çatdığının şahidi olmaq arzusu uşaqlı-böyüklü hər kəsin içində var. Çünki maraq yaşından asılı olmayaraq insana xas xüsusiyyətdir.

Gələcəkdə nələrin dəyişəcəyini bilmək istəyi o qədər güclüdür ki, zaman-zaman müxtəlif ekspertlər dünyada nələrin baş verəcəyi barədə proqnozlar verirlər. Son olaraq, Amerika Birləşmiş Ştatlarının "Atlantic Council" beyin mərkəzi 300 analitik arasında "Dünya 2034-cü ildə necə olacaq?" sualı ətrafında sorğu keçirib. Tədqiqatda iştirak edən respondentlərin 60 faizi 10 ildən sonra dünyanın daha pis vəziyyətdə olacağı qənaətinə gəlib. Çox az analitik bu dövr ərzində Yaxın Şərqdəki vəziyyətin normallaşacağına inandığını bildirib. Əslində, bu təxmin real ola bilər. Çünki sözügedən region hər zaman qarşıdurmaların meydanı olub. Bölgədə fəaliyyət göstərən sonsuz sayda terrorçular və onların yaratdığı radikal birləşmələr də Yaxın Şərqdəki sabitliyi pozur. Hazırda davam edən İsrail-HƏMAS müharibəsi yaxın dövrdə bitsə belə, gərginlik səngiməyəcək. Çünki iki milyondan çox insanın yaşadığı və yer kürəsində ən sıx insan məskənlərindən olan Qəzza zolağındakı vəziyyət miqrant problemini aktuallaşdırır. Bu məsələdə Misirin tarixi həqiqətlərin üzə çıxmasından duyduğu narahatlıq xüsusilə hiss olunur. Belə ki, vaxtilə fələstinlilər Misirin Sinay yarımadasından indiki Qəzza bölgəsinə köçürülüblər. Bu səbəbdən, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bəri başdan fələstinlilərin yenidən Sinay bölgəsinə köçürülə biləcəyi variantına qarşı çıxır. Yəni aydın olur ki, Yaxın Şərqdə problemlər çoxşaxəlidir və 10 ildə regionun bütün təhlükələrdən sovuşaraq çiçəklənməsi arzuolunan olsa da, gözlənilən deyil.

Araşdırma mərkəzinin analitiklərinin əksəriyyəti 10 ildən sonra Çinin inkişaf edəcəyini proqnozlaşdırıblar. Bu təxmin də reallığa çox yaxındır. Çünki bu ölkədə qiymətlər aşağıdır, hökumətin borc səviyyəsi yüksək deyil, pul və fiskal siyasətin həyata keçirilməsini gücləndirmək üçün şərait mövcuddur. Doğrudur, tələb, istehlak və müəssisə investisiyaları zəif olduğundan daxili iqtisadi tsikldə durğunluq davam edir. Amma Pekin davamlı istehlak artımına keçməyi hədəfləyir. Beynəlxalq Valyuta Fondu Çinin iqtisadi artımını təxminən 5,4%-ə qədər proqnozlaşdırır. Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkə bu il turizm və idman tədbirləri kimi istehlak artımının yeni sahələrini də inkişaf etdirəcəyini açıqlayıb. Çinin iqtisadiyyatı ilə yanaşı, ordusu da güclənir. Belə ki, arsenalında 500-dən çox nüvə başlığı olan Pekinin 2030-cu ilə qədər bu sayı iki dəfə artıracağı və 2035-ci ilə qədər 1500 başlığa sahib olacağı gözlənilir. Bundan əlavə, xidmətdə olan gəmilərin və sualtı qayıqların sayı 340-dan 370-ə çatdırılıb. Həm iqtisadi, həm də hərbi sahədə uğurlu siyasət izləyən Çinin fövqəldövlət olacağı istisna edilmir.

"Atlantic Council" beyin mərkəzinin keçirdiyi sorğuya qatılanların 84 faizi isə 10 ildən sonra dünyada ən azı bir dövlətin də nüvə silahına malik olacağı fikrindədir. Həmin ölkənin İran ola biləcəyi ehtimalı isə yüksəkdir. Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İran bir neçə nüvə başlığı istehsal etmək üçün resurslara malikdir. Doğrudur, bu günə qədər MAQATE müfəttişləri İranın uran ehtiyatlarının nüvə silahı üçün yönləndirilməsini aşkar etməyiblər. Bununla belə, bu qədər material hazırlamaq və saxlamaq narahatedicidir. Bu mövzuda optimist proqnoz isə odur ki, sorğuya qatılanların əksəriyyəti 10 ildən sonra nüvə müharibəsinin baş verəcəyinə inanmırlar.

Sözügedən araşdırmada maraqlı məqam isə bir çox problemli bölgələr barədə proqnozlar verildiyi halda, Qarabağla bağlı tək bir cümlənin belə istifadə olunmamasıdır. Görünən odur ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməsə, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş ölkəmizə qarşı təxribatlar törədilsə də, əslində bütün dünya reallığı yaxşı dərk edir. Anlayır ki, Qarabağ problemi, onun kimə məxsusluğu məsələsi həll olunub. Bütün qlobal güclər birgə çalışaraq bu reallığı dəyişdirməyə çalışsalar da bu, mümkün deyil. Azərbaycan Cənubi Qafqazın qalib ölkəsi olaraq geosiyasi maraqlarını təmin etməyə davam edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".