UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə ANAMA-da görüş olub
Digər xəbərlər

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə ANAMA-da görüş olub

Sentyabrın 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Vüqar Süleymanov yeni təyinatı ilə bağlı Aleks Haykensi təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra Agentliyin yaradılması, məqsədi və üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş prioritetləri, eləcə də işğaldan azad edilən ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarının gedişi barədə məlumat verib.

Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində ANAMA ilə UNİCEF-in bir neçə uğurlu layihələri haqda məlumat verən Vüqar Süleymanov mina riskinin azaldılması sahəsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Aleks Haykens UNİCEF ilə Agentliyin 20 ilə yaxın sıx əməkdaşlıq tarixçəsinin olduğunu qeyd edib. İşğaldan azad edilən ərazilərin yaxınlığında yaşayan ailə və uşaqlar arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması məqsədilə minimum risklərə nail olmaq üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC