Köçüb ürəklərdə qalan oldunuz...
Digər xəbərlər

Köçüb ürəklərdə qalan oldunuz...

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ordumuzun zabiti, şəhid polkovnik-leytenant Rəşad Rəhim oğlu Hüseynovun 40 mərasimi günündə Şəhidlər xiyabanındakı məzarı ziyarət olundu.

Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər icra hakimiyyəti başçısının müavinləri, hərbçilər, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət dilədi. Bildirdi ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş şəhidləri unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində "Dəmir yumruq" ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik yurd həsrətinə son qoydu. 44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror tədbirlərinin keçirilməsini qaçılmaz etdi. Bu tədbirlərlə cəmi 23 saat ərzində terrorçular məhv edildi, Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Antiterror tədbirlərindən sonra Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izlədi.

Daxili Qoşunların polkovniki, hərbi hissə komandiri Rəşadət Süleymanov tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, antiterror tədbirlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, şəhid Rəşad Hüseynovla bağlı xatirələrdən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açdı.

Mərasimi şəhidlərə həsr olunmuş "Köçüb ürəklərdə qalan oldunuz" mahnısının sədaları müşayiət etdi.

Şəhidin doğmaları dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

"Respublika".