BAYKAL-AMUR MAGİSTRALI MÜDRİK RƏHBƏRİN MÜSTƏSNA XİDMƏTLƏRİNİN BƏHRƏSİDİR
Diaspora

BAYKAL-AMUR MAGİSTRALI MÜDRİK RƏHBƏRİN MÜSTƏSNA XİDMƏTLƏRİNİN BƏHRƏSİDİR

Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik mehriban qonşuluq, səmimi dostluq, qarşılıqlı əməkdaşlıq münasibətləri birləşdirir. Keçmiş sovet dönəmində hər iki ölkənin vahid ittifaqda yer alması münasibətləri dövrün tələbinə uyğun formalaşdırıb. Azərbaycan müstəqillik qazanandan sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin yayında hakimiyyətə qayıdışından sonra siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələr daha yüksək səviyyədə inkişaf etməyə başlayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin qarşılıqlı səfərləri, imzalanan mühüm tarixi sənədlər xalqlarımızı daha da yaxınlaşdırıb, ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafına zəmin yaradıb.

Rusiya prezidentinin sözçüsü D.Peskovun fikrincə, Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. Bizim çoxlu ortaq maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız var, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfin siyasi iradəsi var.

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskvaya rəsmi səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək, Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri səmərəli, işgüzar görüşlər xalqlarımız tərəfindən yüksək qiymətləndirilir. Rusiya Federasiyasında yaşayan soydaşlarımız, diaspor fəalları ölkələrimiz arasında münasibətlərin dostluq, qarşılıqlı anlaşma, bir-birinə dəstək kimi möhkəm təməllərə əsaslandığını bildirir, yubiley tədbirində Rusiya Prezidentinin və dəmir yolu sahəsinin veteranlarının və işçilərinin ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərinin yüksək qiymətləndirməsindən sonsuz sevinc yaşadıqlarını, qürur duyduqlarını ifadə edirlər.

Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində Azərbaycan Diasporunun və Milli Mədəni Muxtariyyətin rəhbəri Cəmil Hüseynov deyir:

– Əslən Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Toradi kəndindənəm. Artıq 32 ildir ki, taleyimi uzaq Buryatiya diyarına bağlamışam. Azərbaycanın və Rusiyanın dövlət başçılarının Baykal-Amur Magistralının 50 illik yubileyinə həsr edilmiş birgə görüşünü televiziya vasitəsilə diqqətlə izlədim. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı dedi: "BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi".

Rusiya Prezidenti tərəfindən ulu öndər Heydər Əliyevin gərgin, yorulmaz əməyinin yüksək qiymətləndirilməsi Buryatiyada yaşayan soydaşlarımızı hədsiz dərəcədə sevindirib. Yarım əsr əvvəl tikintisinə başlanan Baykal-Amur Magistralı təkcə Rusiyanın deyil, dünyanın ən böyük dəmir yolu xətlərindən biridir. Bu nəhəng tikintidə keçmiş ittifaqın hər yerindən iki milyon gənc iştirak edib.

O illərdə Heydər Əliyev Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri idi və işlərin gedişini tam nəzarətdə saxlayırdı. Müdrik rəhbər 1984-cü ilin iyun ayında Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə uzun bir yol qət edərək BAM-çılarla görüşüb, inşaatçıların qayğı və çətinlikləri ilə yerindəcə tanış olub. İyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin əsrin tikintisi ilə əlaqədar məruzəsi dinlənildi. Tikinti işlərini sürətləndirmək məqsədilə mövcud vəziyyət, problemlər geniş müzakirə olundu və müvafiq qərar qəbul edildi.

Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə çox çətin iqlimə, mürəkkəb relyefə malik ucsuz-bucaqsız ərazidə dünya tarixində misli-bərabəri olmayan bir layihə həyata keçirildi. O vaxt SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov bu barədə belə deyib: "Biz BAM-ın tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi. Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir".

BAM-ın tikintisində digər xalqların nümayəndələri ilə birlikdə azərbaycanlı layihəçilər və inşaatçılar da yüksək fəallıq göstəriblər. Soydaşlarımızın gərgin əməyi sayəsində ölkəmizin milli arxitektura ənənələrinə uyğun iki qəsəbə - Ulkan və Anqoya salınıb. Anqoya stansiyasının istifadəyə verilməsi həm inşaatçılar, həm də yerli sakinlər üçün əsl bayrama çevrilib. 2008-ci il iyulun 18-də Anqoya stansiyasındakı vağzala xalqımızın ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, burada ulu öndərin xatirə lövhəsi asılıb.

Azərbaycanlı inşaatçılar bu gün də Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulmasında və müasirləşdirilməsində əzmlə çalışır, misilsiz hünər göstərirlər. Bir vaxtlar ümumittifaq tikintisinə çevrilən BAM kimi, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi də müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. Ölkələrimizin birgə səylərinin birləşdirilməsi sayəsində yaxın zamanlarda Avrasiya və qlobal cənub ölkələrini birləşdirəcək yeni logistik marşrutlar inşa ediləcək və beynəlxalq əməkdaşlığın daha bir nümunəsinə çevriləcəkdir.

Kalininqrad şəhərində yaşayan Nəsib Əliyev:

– Uzaq Kalininqrad diyarında doğulub boya-başa çatdığım Lerik rayonu ilə yanaşı, respublikamızın əksər bölgələrindən gəlmiş soydaşlarımız yaşayır. Qəlbimiz daim Vətənlə, doğma yurda məhəbbətlə döyünür. Müstəqil Azərbaycanın hər bir qələbəsinə, zəfərinə, uğuruna sevinir, fərəhlənirik. Azərbaycan və Rusiya prezidentlərinin Moskvada növbəti görüşü Kalininqrad diyarında da unudulmaz tarixi hadisəyə çevrildi. Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə prezidentlərin birgə görüşü soydaşlarımız tərəfindən böyük maraqla qarşılandı.

Keçmişə nəzər saldıqda görürük ki, tarixin ayrı-ayrı məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcək inkişafına parlaq töhfələr verir. Ümummilli liderin rəhbərliyi ilə BAM-ın tikilməsi təkcə keçən əsr üçün deyil, eləcə də XXI əsr üçün qlobal logistikanı müəyyənləşdirdi. Şərqə dönüş demək olar ki, Baykal-Amur Magistralı sayəsində reallaşdı. Sibirin və uzaq Şərqin inkişafı, Sakit okeana doğru yükdaşımaların genişləndirilməsi təkcə Rusiya üçün deyil, ümumilikdə MDB dövlətləri üçün böyük imkanlar açdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüşdə qeyd etdiyi kimi: "2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.

Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi".

BAM-ın tikintisinə 1974-cü ildə başlanılmışdı. İqtisadi, siyasi və hərbi əhəmiyyət kəsb edən magistralın tikintisinin 10 il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi nəzərdə tutulurdu. Miqyasına və əhəmiyyətinə görə, dünyanın ən böyük tikintiləri ilə müqayisə edilən Baykal-Amur Magistralında 3150 kilometr dəmir yolu xəttinin çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəhəng layihələrin ifadəsi idi.

1982-ci ilin dekabr ayında Heydər Əliyev Kremldə yüksək vəzifəyə irəli çəkiləndə iqtisadiyyatın ən çətin və ağır sahələrinə rəhbərlik təcrübəli, işgüzar, nüfuzlu dövlət xadimi kimi ona tapşırılmışdı. Eyni zamanda Baykal-Amur Magistralının tikintisi üzrə komissiyanın rəhbəri idi. 1983-cü il martın 4-də Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin iclasında tikintinin ən aktual məsələləri gündəliyə salınaraq geniş müzakirə olundu. O vaxt BAM-ın işə düşməsində başlıca maneə Sevaramuysk tunelində yaranmış çətinliklər idi. Ümummilli liderin rəhbərliyi ilə problemlər qısa vaxtda aradan qaldırıldı.

Müdrik rəhbər hər dəfə BAM-a səfər edərkən tikinti işləri ilə yanaşı, inşaatçıların həyat şəraiti ilə yaxından tanış olur, mərkəzdən uzaqda yaşayan insanların güzəranlarını, qayğılarını diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin titanik səyləri və verdiyi cəsarətli qərarlar sayəsində 1984-cü ildə BAM fəaliyyətə başladı.

Ulu öndərin bu nəhəng layihənin həyata keçirilməsində sərf etdiyi bütün səylər, gərgin əmək təkcə Rusiya üçün deyil, həm də Müstəqil Dövlətlər Birliyi üçün mühüm əhəmiyyətə malikdir. Bu gün həmin ölkələr bu mühüm nəqliyyat arteriyasından lazımi səviyyədə istifadə edir, bəhrələnirlər. Rusiyanın, eləcə də keçmiş ittifaqa daxil olan bir sıra ölkələrin iqtisadiyyatına BAM-ın verdiyi töhfələr kifayət qədər böyükdür.

Söhbəti yazdı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".