Ukraynanın İrpen şəhərindəki 12 saylı orta məktəbin Prezident İlham Əliyev tərəfindən təltif edilən müəllim heyətinə orden və medallar təqdim olunub
Diaspora

Ukraynanın İrpen şəhərindəki 12 saylı orta məktəbin Prezident İlham Əliyev tərəfindən təltif edilən müəllim heyətinə orden və medallar təqdim olunub

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta ümumtəhsil məktəbində Prezident İlham Əliyev tərəfindən orden və medallarla təltif edilən müəllim heyətinə mükafatların təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar əvvəlcə İrpen şəhərində akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda onun büstü önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları məktəbin nəzdində akademikin adını daşıyan muzeydə onun həyat və yaradıcılığına həsr olunan foto və nəşrlər ilə tanış olublar.

Daha sonra məktəbin akt zalında mükafatların təqdimetmə mərasimi keçirilib. Məktəbin direktoru Valentina Antonenko çıxış edərək bildirib ki, bu təhsil ocağının Zərifə xanım Əliyevanın adını daşıması, müəllimlərinin Azərbaycan Prezidenti tərəfindən yüksək mükafatlara layiq görülməsi kollektiv üçün böyük şərəfdir. Belə addımların Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirdiyini qeyd edən direktor deyib: "Zərifə xanım görkəmli oftalmoloq olmaqla yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı olub. Bu gün belə bir insanın xatirəsi şəhərimizdə iki ölkənin dostluğu üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları bu məktəbə daim diqqət göstərir, burada müxtəlif tədbirlər keçirilir. Məktəbimizdə Zərifə xanımın adına yaradılan muzeydə bu əlaqələri özündə ehtiva edən qiymətli nümunələr də sərgilənir", - deyə Valentina Antonenko əlavə edib.

Çıxış edən şəhər meri Aleksandr Markuşin diqqətə çatdırıb ki, İrpendə məktəblə yanaşı, park və mərkəzi küçənin də Zərifə xanımın adını daşıması onlarda qürur hissi doğurur. Mer qeyd edib ki, tanınmış azərbaycanlı akademikin xatirəsinin İrpendə əbədiləşdirilməsi şəhərin beynəlxalq əməkdaşlıqda rolunu da gücləndirir. Merin sözlərinə görə, qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.

Ukrayna ilə Azərbaycan arasında əlaqələrin genişləndiyini qeyd edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova isə bildirib ki, Zərifə xanımın adını daşıyan məktəb bu əlaqələrin əsas fundamental daşıyıcılarındandır. Səfir qeyd edib ki, məktəbin, xüsusilə məktəbin direktoru Valentina Antonenkonun iki ölkə arasında xidmətləri yüksəkdir və Azərbaycan Prezidenti də bu xidməti layiqincə qiymətləndirib.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin çıxış edərək müəllim heyətinə təbriklərini çatdırıb, Azərbaycan dövləti tərəfindən ukraynalı müəllimlərə verilən dəyəri iki ölkə xalqları arasında möhkəm dostluğun bariz nümunəsi olduğunu bildirib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə çıxış edərək bu kimi təltiflərin, tədbirlərin xalqlararası dostluqda yeni stimullara yol açdığını vurğulayıb.

Azərbaycanın sabiq xarici işlər naziri, fövqəladə səfir Vilayət Quliyev də təbriklərə qoşularaq belə tədbirlərin ölkələrarası, xalqlararası münasibətlərin dinamikasında oynadığı roldan bəhs edib.

Tədbirin sonunda Elmira Axundova, Oleq Krapivin və Rövşən Tağıyevin iştirakı ilə məktəbin direktoru Valentina Antonenkoya "Dostluq" ordeni, müəllimlər Alla Çumak və Yuliya Krılaça isə "Tərəqqi" medalları təqdim olunub.

Yerli ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələrinin də iştirak etdiyi tədbir Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasovun, müğənni Nataliya Kudryaşovanın ifasında bədii hissə ilə davam edib.

Qeyd edək ki, yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Ukraynanın İrpen şəhərindəki 12 nömrəli orta ümumtəhsil məktəbinin direktoru və müəllimləri ali dövlət mükafatlarına layiq görülüblər.

AZƏRTAC