Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Ursula Fon der Lyayen Paşinyanla görüşdən əvvəl Azərbaycan Prezidentinə zəng edib

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığı zamanı Brüsseldə aprelin 5-də keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib.

Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri də qeyd olunub.

"Tass": Prezident İlham Əliyev Azərbaycanın Konqoda investisiya layihələrində iştirak etmək niyyətini açıqlayıb

"Tass" yazır ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib: "Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar", - deyə ölkə başçısı diqqətə çatdırıb. Öz növbəsində, Sassu-Nqesso ölkəsinin kənd təsərrüfatı sahəsində çox böyük potensiala malik olduğunu bildirib. "Biz becərilən torpaqların bəlkə də yalnız 3 faizindən istifadə edirik, bu o deməkdir ki, qalanları istifadəyə hazırdır", - deyə Konqo prezidenti vurğulayıb. Qeyd edək ki, Sassu-Nqesso Azərbaycana üçgünlük səfərə gəlib. Onun Prezident İlham Əliyevlə apardığı danışıqlar nəticəsində Azərbaycan və Konqo arasında Əməkdaşlıq Bəyannaməsi, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Korporasiyası arasında müqavilə imzalanıb.

"Hürriyyət": Azərbaycan-Ermənistan sülhü naminə tərəfsiz olun

Türkiyə Xarici İşlər Nazirliyi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasındakı sülhün əldə olunması üçün üçüncü ölkələrə tərəfsizlik çağırışı edib. Türkiyə XİN tərəfindən verilən bəyanatda qeyd olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarının azad edilməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə torpaqlarında suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət ortaya çıxıb. Bildirilib ki, Azərbaycanın dəvət olunmadığı bu görüş sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.

"JNS": Azərbaycan və İsrail turizmin inkişafına çalışır

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı" (IMTM 2024) sərgisində təbliğ olunur.

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC, "Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

"Azərbaycan israilli turistlər üçün açıq və təhlükəsiz olmaqda davam edir", - Azərbaycan Turizm Şurasının baş direktoru Florian Sanqeşmidt JNS-ə açıqlamasında belə bildirib. Qeyd edib ki, müharibədən sonra İsraildə turizmin təşviqinə yönəlmiş 3-4 aprel tarixlərində keçirilən Təl-Əviv Turizm Sərgisinə Azərbaycan da daxil olmaqla cəmi 12 ölkə öz nümayəndələrini göndərib.

"Anadolu Agency": Azərbaycan və Aİ Bakıda keçiriləcək COP29-un yaşıl əməkdaşlıq üçün əlverişli imkanlar təmin edəcəyini bildirib

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər və bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Bu barədə "Anadolu Agency" xəbər saytı məlumat yayıb. Fon der Lyayen Aİ-nin minatəmizləmə səylərində Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb. Telefon danışığında aprelin 5-də Brüsseldə Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli danışıqlarla bağlı məsələlər müzakirə olunub və İlham Əliyev Azərbaycanın bu görüşlə bağlı mövqeyini bir daha təkrarlayıb, regional inklüzivliyin zəruriliyini vurğulayıb.

"Emirates News Agency": Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

"Emirates News Agency" xəbər verir ki, dünya birjalarında Azərbaycan neftinin qiyməti artıb. "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,8 dollar artaraq 92,65 dollar təşkil edib.

"Respublika".