Kayseri şəhərində
Diaspora

Kayseri şəhərində "Şuşa" Azərbaycan Evi açılıb

Kayseri Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhərdir və Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür.

Dünyanın ən qədim şəhərlərindən biri olan Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olub. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim işğallara məruz qalıb. Həmçinin bölgə bir çox sivilizasiyaların beşiyi olub.

Beynəlxalq və iqtisadi əlaqələrin güclənməsi məqsədilə Kayseri ümumilikdə 10-a yaxın şəhərlə qardaşlaşıb. Belə şəhərlərdən biri də Azərbaycanın mədəniyyət paytaxtı Şuşadır. Qardaşlaşmış şəhərlər arasında protokol 2022-ci ilin 14 oktyabr tarixində imzalanıb.

2022-ci il noyabr ayının 4-də isə Kayserinin Talas Bələdiyyəsinin və Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşkilatçılığı ilə adıçəkilən şəhərdə Azərbaycan Qardaşlıq Parkının təntənəli açılış mərasimi keçirilib.

Növbəti açılış mərasimi isə bu günlərdə baş tutub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Kayseri şəhərinin Talas rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə şəhərdəki Xocalı parkında "Şuşa" Azərbaycan Evinin açılışı keçirilib.

Xatırladaq ki, Xocalı parkı 2018-ci il oktyabr ayının 20-də Heydər Əliyev Fondunun, Türkiyənin Erciyez Universitetinin və Talas Bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılıb.

"Şuşa" Azərbaycan Evinin açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri Bələdiyyə sədri Memduh Büyükkılıç, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, "Şuşa" Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Erciyez Universitetinin azərbaycanlı müəllimləri, diplomatlar və digər soydaşlarımız, eləcə də yerli sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları ilk öncə parkın ərazisindəki Xocalı soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad ediblər. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov qeyd edib ki, dünyanın 15 ölkəsində Azərbaycan evləri açılsa da, amma ən gözəl, mənalı və siyasi yüklüsü "Şuşa" Azərbaycan Evidir. O, qeyd edib ki, Şuşa Azərbaycanın gözüdür: "Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dedikləri kimi, Türkiyə-Azərbaycan qardaşlığı təkcə bu gün üçün deyil, həm də gələcəyimiz üçündür. Türkiyənin hər bir bölgəsi bizim üçün doğmadır. Bu gün açılışını etdiyimiz ''Şuşa'' Azərbaycan Evi dövlətimizin dəstək verdiyi 29-cu belə layihədir".

Komitə sədri "Şuşa" Azərbaycan Evinin açılışına dəstək verdikləri üçün Kayseri və Talas Bələdiyyə sədrlərinə, həmin şəhərdə fəaliyyət göstərən Azərbaycan dərnəklərinə təşəkkür edib.

Tədbirdə çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, qədim şəhər erməni işğalından azad olunduqdan sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, o cümlədən Türkiyə şəhərləri ilə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilib. A.Kərimov xatırladıb ki, 2021-ci ilin iyun ayında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edib, tarixi Şuşa Bəyannaməsini imzalayıblar.

O deyib ki, Azərbaycan və Türkiyə arasında bənzəri olmayan qardaşlıq münasibətləri bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin əsasını təşkil edir. Ötən dövr ərzində Şuşa ilə qardaşlaşmış şəhərlər arasında Türkiyənin iki şəhəri - Kayseri və Ərzurum da olub, Kayseri şəhərindəki "Şuşa" Azərbaycan Evini iki ölkə xalqlarının qardaşlığına növbəti töhfə adlandırıb. Prezidentin xüsusi nümayəndəsi Şuşa ilə bu cür əhəmiyyətli əməkdaşlıq layihələrinin sayının artacağına ümidvar olduğunu bildirib, "Şuşa" Azərbaycan Evinin Kayseri və Şuşa şəhərlərinin, xüsusən qarşılıqlı əlaqəsi kontekstində iki ölkə arasında dostluq və qardaşlığın daha bir simvolu olacağına əminliyini ifadə edib.

Öz növbəsində, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın xatırladıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Türkiyənin Kayseri şəhərləri qardaşlaşıblar, bu isə tərəflərin üzərinə ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzrə xüsusi məsuliyyət qoyur.

 "Şuşa" Azərbaycan Evinin fasadı məşhur Şuşa qalası şəklində inşa olunub, girişində isə Azərbaycan və Türkiyə bayraqları asılıb.

Binada Azərbaycan mədəniyyəti və tarixini əks etdirən eksponatlar, o cümlədən xalçalar, milli geyimlər, musiqi alətləri, müxtəlif kitablar yerləşdirilib. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərinə və Şuşaya həsr olunmuş fotostend yaradılıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.