Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"TRT World": Azərbaycan Ermənistana sərhəddəki hərbi təxribatına görə xəbərdarlıq edib

Məşhur "TRT World" xəbər saytı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistana xəbərdarlığı barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan ordusunun canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların artması özünü büruzə verir: "Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir".

"Sputnik": Saxta xəbər yayanların kimliyi müəyyən olunub

"Sputnik" yazır ki, Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycan hərbçiləri arasında guya döyüş əməliyyatlarının başlanması, hərbi texnikanın ötürülməsi və itkilər barədə yalan məlumat yayanları müəyyənləşdirib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib. Hazırda onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Qeyd edək ki, bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb. DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Nazirlik vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırıb: "Bu hallar qanunvericiliklə məsuliyyət yaradır", - deyə məlumatda bildirilib.

"Menafn.com": Azərbaycan və Rusiya əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Moskvada rusiyalı həmkarı Mixail Qaluzinlə görüşüb.

Bu barədə "Menafn" xəbər saytı məlumat yayıb. Tərəflər ikitərəfli münasibətlərin aspektlərini və qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Görüşdə, həmçinin perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini də nəzərdən keçiriblər. Səfər çərçivəsində E.Məmmədov Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri və Latın Amerikası ölkələri ilə əlaqələrə cavabdeh olan nümayəndələri ilə də görüşüb.

"Embassy Life": Azərbaycan Rusiyadan buğda idxalını artırıb

"Embassy Life" xəbər verir ki, Azərbaycan 2023-cü ildə Rusiyadan buğda idxalını 0,9 faiz artıraraq 1,1 milyon tona çatdırıb. Həmçinin ötən il Rusiya Azərbaycana 250 milyon dollardan çox taxıl ixrac edib.

Bundan əlavə, 2023-cü ildə Qazaxıstan Azərbaycana 51,7 milyon dollar dəyərində 152,4 min ton buğda tədarük edib. Qeyd edək ki, 2023-cü ildə Azərbaycana buğda tədarükünün 87 faizi Rusiyanın, qalan hissəsi isə Qazaxıstanın payına düşüb.

"Vestnik Kavkaza": Azərbaycan gimnastları Fransada keçirilən Qran-Pri yarışında qızıl medal qazanıblar

Azərbaycan bədii gimnastları Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-Pri yarışında qızıl medal qazanıblar.

"Vestnik Kavkaza" xəbər verir ki, qrup hərəkətləri üzrə millinin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Onlar 5 halqa ilə hərəkətlərin icrasında buna nail olublar.

"Respublika".