Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Azərbaycan Respublikasının Prezidentinə ad günü münasibətilə çoxsaylı təbrik məktubları gəlib

Dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin 62 yaşı tamam olub. Bu münasibətlə onu əvvəlcə Rusiya və Çin liderləri təbrik ediblər. Azərbaycan dövlətinin başçısına Türkiyə Cümhuriyyətinin və Özbəkistanın liderləri də təbrik göndəriblər.

Təbriklərin siyahısı isə olduqca genişdir. Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Xorvatiya Prezidenti Zoran Milanoviç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Moldova Respublikasının Prezidenti Maya Sandu və digər ölkə rəhbərlərindən əlavə bir sıra nüfuzlu yerli və beynəlxalq təşkilat, elmi cəmiyyət və qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının Prezidentini təbrik ediblər.

"Ria Novosti": Vladimir Putin və İlham Əliyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər

"Ria Novosti" xəbər saytı yazır ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində iki ölkə arasında münasibətlərin və strateji tərəfdaşlığın yüksək səviyyəsini vurğulayıb, təmasların bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Liderlər Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

"İnterfax": Tokayevin Azərbaycana səfəri 2024-cü ilə planlaşdırılıb

Dekabrın 24-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə "İnterfax Kazakhstan" xəbər saytı məlumat yayıb. Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

"BNR": SOCAR Burqasdakı neft emalı zavodunu almaqda maraqlıdır

BNR xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aprelin sonunda Sofiyada ofis açıb. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bildirib ki, SOCAR-ın ofisi təkcə Bolqarıstan üçün deyil, bütün region üçün baş qərargahdır.

"Burqas neft emalı zavodunun alınması ilə bağlı təklif göndərilsə, SOCAR və dövlət buna baxacaq. İmkanlar var, amma konkret təklif yoxdur. Sofiyadan konkret təklif olmalıdır ki, biz təklif verə bilək", - deyə səfir qeyd edib.

Hüseyn Hüseynov sonda vurğulayıb ki, biz həmişə Bolqarıstanın həm enerji, həm də nəqliyyat qovşağı olması ideyasını dəstəkləmişik.

Xatırladaq ki, Bolqarıstanın "Həmrəylik halqası" müqaviləsi çərçivəsində Avropada qazpaylama məntəqəsinə çevrilməsi gözlənilir.

"Manila Standart": Bakının memarlıq möcüzələri

Filippin mediası Bakının memarlıq üslubu və gözəllikləri ilə bağlı irihəcmli məqalə yayımlayıb. Jurnalist Bob Zozobradonun qələmə aldığı yazıda qeyd edilib ki, "Keçən həftəki köşə yazımda qeyd etdiyim kimi, televiziyada gördüyüm və ya qəzetlərdə oxuduğum bir ölkədə nə görəcəyimi bilmədən Azərbaycana uçdum. Amma Maniladan 12 saatlıq təyyarə səfərimizdən enən an, gözəl hava limanı, otelə gedən yolda yanından keçdiyim ofis və yaşayış binalarının bənzərsiz müasir memarlıq dizaynı məni dərhal heyran etdi.

Azərbaycan yüksək iqtisadi inkişaf tempinə və çox aşağı işsizliyə malikdir və bu "sərvəti" Bakıda asanlıqla görmək olar. Şəhər mənzərəsində seçilən müasir şüşə və polad binalar ölkənin iqtisadi tərəqqisinin göstəricisidir. Bu səhifədə siz turistləri, xüsusən də üçüncü Dünya ölkələrindən olan turistləri heyran edən bu heyrətamiz dərəcədə bənzərsiz strukturlardan bir neçəsini görəcəksiniz...".

Yazıda həmçinin, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi və digər müasir tikililərimiz haqqında məlumat da yer alıb.

"Respublika".