Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib
Siyasət

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Pakistan İslam Respublikasının Senatı Azərbaycan Respublikası ilə diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə səmimi təbriklərini ifadə edən qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, qətnamədə Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına davamlı və sarsılmaz dəstək ifadə olunub, 2020-ci ildə torpaqlarımızın 30 ilə yaxın davam edən erməni işğalından azad edilməsi ilə nəticələnən tarixi Qələbəsinin böyük sevinc hissi doğurduğu qeyd olunub.

Sənəddə bildirilib ki, Senat uzunmüddətli və dəyişməz mövqeyini ifadə edərək Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi, Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiqləyir.

Vurğulanıb ki, Senat Azərbaycanın və Pakistanın iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin və sərmayələrin artırılması, xalqlar arasında təmasların, həmçinin tarixən dostluq münasibətlərindən irəli gələn ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinə və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş mühüm birgə addımlarına tam dəstəyini bildirir.

AZƏRTAC