Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq körpüsü
Siyasət

Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq körpüsü

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Alyansın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. SPECA-ya daxil olan ölkələr Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Bu il quruma sədrliyi ölkəmiz həyata keçirir. Bu məqsədlə də noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının 25-ci ildönümünə həsr olunan Zirvə görüşü təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda çıxış edib. Dövlətimizin başçısı bildirib ki, SPECA yarananda üzv ölkələr yenicə müstəqillik qazanmışdılar və bir çox problemlər mövcud idi. Son 25 ildə isə alyansa daxil olan dövlətlər suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib və iqtisadi cəhətdən sürətlə inkişaf edib. Prezident Gürcüstan və Macarıstanın Baş nazirlərini, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibini Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdiyini də vurğulayıb. Qeyd edib ki, bu ölkələri birləşdirən əsas amil siyasi sabitlikdir: "Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur".

İlham Əliyev bu uğuru SPECA-ya üzv olan ölkələrin müstəqil xarici və daxili siyasət yürütməsi ilə əlaqələndirib. Bunun fonunda bildirib ki, dünyada hələ də Ermənistan kimi bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Dövlət başçımız, həmçinin SPECA çərçivəsində görüləcək işlərdən də danışıb. Qeyd edib ki, Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. O cümlədən, sammit həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum üzv ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək.

Zirvə görüşündə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın dövlət başçısı Emoməli Rəhmon, Özbəkistan lideri Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın hökumət başçısı Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlıq ifadə ediblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz növbəsində bildirib ki, Azərbaycanın SPECA-nın inkişafına verdiyi töhfəni alqışlayır. Tokayev, həmçinin qeyd edib ki, Qazaxıstan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazırdır. Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi isə Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini vurğulayıb. Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib. Sonda SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Odur ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının növbəti sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Belə tədbirlərin keçirilməsi, ümumiyyətlə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, SPECA-ya daxil olan bir çox ölkənin türksoylu olduğunu nəzərə alsaq, bu həm də siyasi baxımdan türk coğrafiyasının birliyinə dair mesajdır. Digər tərəfdən, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına üzv ölkələr sırf Orta Dəhliz marşrutunda yerləşir. Sammitdə səsləndirilən fikirlər isə onu göstərir ki, artıq SPECA ölkələri Orta Dəhlizin əhəmiyyətini anlayaraq bu istiqamətdə birgə çalışmaq istəyirlər. Sözügedən dövlətlərin geosiyasi proseslərə regional və daha qlobal anlamda ortaq baxışının mövcud olması da əməkdaşlığın uğurlu olacağına işarə edir. Bu prosesdə ölkəmizin əhəmiyyəti olduqca böyükdür. Çünki Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında həyata keçirilməsi planlaşdırılan böyük layihələri, o cümlədən enerji və ticarət marşrutlarını Azərbaycansız təsəvvür etmək çətindir.

Jalə QASIMZADƏ,

"Respublika".