Ölkəmizin müdafiə sənayesi müasir texnologiyalar əsasında sürətlə inkişaf edir
Siyasət

Ölkəmizin müdafiə sənayesi müasir texnologiyalar əsasında sürətlə inkişaf edir

"Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır". Bu fikirləri dövlət başçımız hələ 10 il bundan əvvəl, 2012-ci ildə Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirmişdir.

Respublikaya rəhbərliyinin ilk vaxtlarından etibarən müasir ordu quruculuğu sahəsində mühüm işlər həyata keçirən Prezident İlham Əliyev milli ordunun formalaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi məsələsində prinsipial mövqe ortaya qoyaraq bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan yenilməz Azərbaycan Ordusunun yenidən yaradılmasına nail olmuşdur. Bu, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüzün təmin olunması uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bir daha öz təsdiqini tapdı. Bu illər ərzində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi nəticəsində Azərbaycan əzəli torpaqlarının 30 illik işğalına son qoydu. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti, eyni zamanda son dərəcə müasir hərbi potensialı düşmən üzərində möhtəşəm Zəfərimizi şərtləndirdi. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin Qələbəyə aparan döyüş yolu dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətlər tərəfindən araşdırılır, ətraflı şəkildə öyrənilir. Hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bu müharibəni XXI əsrin müharibəsi adlandırırlar. Bütün bunlar isə şanlı Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisidir.

Dünyanın ən güclü ordularının reytinqində 50-ci yerlərdə qərarlaşan Azərbaycan Ordusunun arsenalında hərbi gücümüzün göstəricisi olan yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur.

Bu gün Azərbaycan Ordusu ən yaxın müttəfiqi olan Türkiyənin hərbi modeli əsasında formalaşdırılır. Belə ki, orduya sərf olunan xərclərin artırılması, yeni bölmələrin, milli müdafiə institutlarının yaradılmasını və xüsusi təyinatlıların sayının artırılmasını nəzərdə tutan bir sıra yeni hərbi islahatların aparılması da məhz türk modeli əsasında həyata keçirilir. NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələri ilə birgə fəaliyyət, qardaş ölkənin müdafiə sənayesinin yeni texnoloji məhsulları ordumuzu daha da gücləndirir. Ötən il Türkiyə Müdafiə Universitetinin standartları əsasında Milli Müdafiə Universiteti yaradılmış, eyni zamanda Türkiyədə təhsil alan hərbi qulluqçuların sayı artırılmışdır. Azərbaycan ordusunun maddi-texniki bazası Türkiyə müdafiə sənayesinin TB2 Bayraktar pilotsuz təyyarələri ilə yanaşı, "Dragon Eye" elektro-optik sensor sistemi, "Cobra II" zirehli maşınları, "TRG-300" idarəolunan çoxsaylı buraxılış raket sistemləri, "TRLG-230" lazerlə idarə olunan raketlər, "T-122 Sakarya" çoxsaylı buraxılış raket sistemləri ilə möhkəmləndirilmişdir.

Aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışı zamanı ölkə başçımız demişdir: "İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır".

Milli Ordunun modernləşdirilməsi dövlətimizin hərbi gücünü daha da artırır. Bortunda komandir olmadan uçuş həyata keçirən, uzaq məsafədən, yerdən, havadan, digər gəmi bortundan, kosmosdan tam idarə olunan və avtonom şəkildə proqramlaşdırılan hava vasitəsi olan PUA-lar, dronlar hərbi üstünlüyümüzü təmin edən müasir texnoloji vasitələrdir. 44 günlük müharibədə "Harop" zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə" dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş şəkildə istifadə olunmuş, təkcə "Bayraktar TB2" dronları ilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikası məhv edilmişdir. Azərbaycan Ordusunun arsenalında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən "Bayraktar TB2", "HAROP", "İtiqovan", "Zərbə", "Orbiter" PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyalı müasir silahlardır. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirmək, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədilə tətbiq olunur.

Bu gün ölkəmizin müdafiə sənayesi müasir texnologiyalar əsasında sürətlə inkişaf edir. Milli ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bu sahədə qabaqcıl olan ölkələrdən ən müasir silahlar alınır, eyni zamanda, ölkəmizdə müxtəlif hərbi təyinatlı silah-sursatlar, zirehli texnikalar istehsal edilir. Dövlətimizin müdafiə potensialının müasir standartlara uyğun formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin istehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılması, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatların alınaraq silah-sursat və hərbi texnika istehsalı üçün müəssisələrə verilməsi bu istiqamətdə görülən işlərin bir hissəsini təşkil edir. Azərbaycanın dünyada piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biri olmaqla müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınması bunu bir daha təsdiq edir.

2009-cu ildə dövlət başçımız İlham Əliyevin ölkəmizdə kosmik sənayenin yaradılması məqsədilə imzaladığı sərəncamla "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi Azərbaycanın bu sahədə inkişaf etmiş dövlətlər sırasında da yerini müəyyənləşdirmiş, kosmik tədqiqatlar sahəsində elmi biliklərin dərinləşdirilməsi bu sahənin inkişafında mühüm amil olmuşdur.

Müdafiə sənayesində müasir standartlara uyğun yüksək texnologiyaların tətbiqi qarşıya qoyulan mühüm vəzifələrdəndir. Belə ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizin texnoloji ixrac məkanına çevrilməsi üçün perspektivlərin yaradılması, elmtutumlu və gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafının təmin edilməsinin vacibliyi qeyd olunmuşdur. Bu baxımdan, hərbi-texniki əməkdaşlıq sahəsində silahlı qüvvələrimizi ən müasir silahlarla təchiz etmək və bu istiqamətdə tərəfdaşlıq imkanlarını şaxələndirmək dövlət siyasətinin ən vacib istiqamətlərindən hesab olunur.

2014-cü ildən ölkəmizdə keçirilən "ADEX" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi milli müdafiə sənayemizin geniş istehsal imkanlarını nümayiş etdirir. Dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradan "ADEX" sərgisində də ölkəmizin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşli sistem, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunur. Ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün çox mühüm və əlverişli platformaya çevrilən "ADEX" sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Milli ordumuzun müasir, ən yeni texnologiyalarla təmin olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi bilik və təcrübələrin artırılması, döyüş qabiliyyətinin daha da yüksəldilməsi ölkəmizin müdafiə sənayesinin müasir texnologiyalar əsasında sürətlə inkişafının göstəricisidir.

Mehparə ƏLİYEVA,

"Respublika".