Məğlub haylar yeni eyforiyaya qapılıb
Siyasət

Məğlub haylar yeni eyforiyaya qapılıb

Son vaxtlar Ermənistanın 31 kəndinin guya Azərbaycanın işğalı altında olması barədə erməni mətbuatında ardıcıl feyk xəbərlər tirajlanır. Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev açıqlama verib. Bildirib ki, rəsmi İrəvanın irəli sürdüyü ittihamlar tamamilə əsassızdır.

Şahin Mustafayev, həmçinin onu da vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi mübahisəsiz şəkildə dərhal azad edilməlidir. Bu məsələ də delimitasiya prosesi çərçivəsində həll olunacaq.  Baş nazirin müavininin 4 kənd barədə açıqlaması isə təsadüfi deyil. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə deputatlarla keçirdiyi qapalı toplantıda  ilk növbədə geri veriləcək kəndlərin Tavuş bölgəsində yerləşdiyini deyib. Burada iki maraqlı məqam var. Birincisi, Paşinyanın sözlərindən aydın olur ki, söhbət Bağanis Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı ərazilərindən gedir. Təsadüfi deyil ki, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda Azərbaycan kəndləri var. İki açıqlamanın eyni zamanda verilməsi onu göstərir ki, deməli, İrəvan rəhbərliyi bu plan üzərində aktiv şəkildə işləyir. Bu da səbəbsiz deyil. Çünki sözügedən kəndlərin qaytarılması onlar üçün kritik əhəmiyyətə malik deyil. Belə ki, adıçəkilən əraziləri ermənilər anklav hesab etmir. Üstəlik, hazırda boş qalan kəndlər Azərbaycana bitişikdir və coğrafi mövqelərindən dolayı risk yaratmır. Bunu bir qədər açıq izah etsək, Kərkinin verilməsi Ermənistanın İranla əlaqələrinə birbaşa təsir etdiyi halda, 4 kəndin belə bir xüsusiyyəti yoxdur. Amma aydın məsələdir ki, bu reallıq əvvəlcədən mövcud idi. Nəyə görə indiki məqamda aktuallaşdırılmasına gələndə isə Paşinyan rəhbərliyi bilir ki, işğal altındakı anklav olmayan kəndlərin Azərbaycana qaytarılması an məsələsidir və rəsmi Bakı istənilən zaman bu prosesi qısa müddətdə həyata keçirə bilər. Bu səbəbdən də həmin ərazilərin güc tətbiq olunmadan qaytarılması Ermənistan üçün faydalıdır ki, danışıqlarda öz xeyrinə müsbət atmosfer formalaşdıra bilsin.

Paşinyanın çıxışındakı ikinci diqqətçəkən məqam isə onun istifadə etdiyi "ilk növbədə" sözüdür. Məlum məsələdir ki, rəsmi Bakı 4 yox, 8 kəndin qaytarılmasını tələb edir. Bunu nəzərə alsaq, baş nazirin çıxışı həm də ona işarə edə bilər ki, Ermənistan əvvəlcə problemsiz əraziləri geri verəcək.  Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra isə qalan kəndlər də təslim ediləcək. Erməni mətbuatında da tez-tez istinad edilən fikir budur ki, Paşinyan vaxtaşırı ictimaiyyəti müharibə ilə qorxutmaqla mərhələli təslim proqramı həyata keçirir.

Amma İrəvanın siyasi rəhbərliyi həmin 4 kənddən alver predmeti kimi istifadə edərək qarşılığında rıçaqlar qazanmaq istəyir. Bu fikri əsaslandıraq. Belə ki, yeni ilin ilk günlərindən bəzi erməni nəşrləri yazırdılar ki, Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun əvəzində Azərbaycan Ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyir. Amma bu, absurddur. Çünki həmin yüksəkliklər Ordumuz üçün strateji əhəmiyyət daşıyır. Sözügedən nöqtələrdən Ermənistanın yolları və hava limanlarının bir qisminə nəzarət edilir, yəni mümkün təhdidlərin qarşısı alınır. Odur ki, Paşinyanın kəndlərin qarşılığında əldə etmək istədiyi qazanc strateji yüksəkliklərə bərabər ola bilməz. Digər tərəfdən isə Paşinyan Administrasiyası anlamalıdır ki, onlar məğlub tərəf olaraq rəsmi Bakı qarşısında şərt qoya bilməzlər. Regionda yeni reallıqların yaradıcısı da, onların icrasına nəzarət edən də məhz Azərbaycandır. Bu müstəvidə ölkəmiz sülh əldə olunsa da, olunmasa da heç nə itirmir. Əgər Ermənistan dövlətçiliyini itirmək riski ilə üzləşmək istəmirsə, o zaman bölgədə sabitliyin bərqərar olmasında maraqlı tərəf kimi çıxış etməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".