O da bir xatirəyə döndü...
Sosial həyat

O da bir xatirəyə döndü...

Ömür bir göz qırpımında gəlib keçir, deyirlər. Hər halda bizə belə görünür, ötənləri, yaşananları xatırlayıb nəzərdən keçirəndə isə mənzil başına çatanadək böyük bir yol qət etdiyinin fərqinə varırsan. Əlbəttə, yarıda qalmış ömür yaşamamısansa...

O da bir ömür yaşadı, həyatın dolanbaclarından, çətinliklərindən, enişindən-yoxuşundan keçərək, ona öz naxışlarını vurdu. Ləyaqətlə yaşadı, xoş əməllərdən, yaxşılıqdan qalmadı, düşündü ki, bu gəlimli-gedimli dünyada bizdən sonra qalan elə bu olacaq: yaxşılıq, yaxşı ad...

Sıramızı yenə bir insan tərk etdi. İmzası qəzetimizin səhifələrində tez-tez görünən Rasim Amanov. İşinin xüsusiyyətinə görə redaksiyaya arada-sırada gələrdi. Tapşırıqlarını alıb işinin başına dönərdi. Bölgə müxbiri idi, açığını deyək ki, həmkarları, digər bölgə müxbirləri arasında fərqlənərdi, maraqlı yazıları, üslub tərzi ilə. Zəhmət, əmək adamlarının, vaxtilə xidmətləri olmuş insanların həyatını geniş işıqlandırar, portret yazılar hazırlayardı. Bölgənin ictimai-siyasi, mədəni, sosial həyatında baş verən yenilikləri, gedən prosesləri əks etdirən yazılarla o yerlər haqqında məlumat verməklə, həm də oxucunun gözü qarşısında real bir mənzərə yarada bilirdi. Xüsusən də tarixi yerlər, abidələr, turizm obyektləri haqqında yazıları o yerlərə marağı, yurdumuzun o gözəl guşəsinə səyahət etmək istəyini artırırdı.

Amanov Rasim Əhməd oğlu 1949-cu il sentyabrın 15-də Oğuz rayonunun Muxas kəndində anadan olmuş, 1965-1966-cı tədris ilində həmin kənddəki orta məktəbi bitirmiş və istehsalatda işləməyə başlamışdı. 1969-cu ildə Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuş, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Oğuz (keçmiş Vartaşen) rayonunda çıxan "Oğuz yurdu" (keçmiş "Lenin bayrağı") qəzetində işləməyə göndərilmişdi. O, həmin qəzetdə 1973-1975-ci illərdə şöbə müdiri, 1975-1984-cü illərdə məsul katib, 1984-1990-cı illərdə redaktor müavini, 1990-1995-ci illərdə redaktor vəzifələrində çalışmışdı. 1995-ci il sentyabr ayının 28-dən isə icra hakimiyyətinin tövsiyəsinə və kolxozun ümumi yığıncağının qərarına əsasən Oğuz rayonundakı S.Vurğun adına kolxozun idarə heyətinin sədri vəzifəsinə seçilmiş, 1996-cı il iyul ayının 23-dək həmin işdə işləmişdi. Bu dəfə isə həmin vəzifədən səhhətində yaranmış problem səbəbindən özü könüllü şəkildə uzaqlaşmış və yenidən öz sevimli peşəsinə qayıtmışdı. Rasim müəllim 1996-cı ildən ömrünün sonuna qədər jurnalistlik fəaliyyətini davam etdirmişdir. 1997-ci ildən "Respublika" qəzetinin bölgə müxbiri idi.

Rasim Amanov zəhmətkeş, çoxuşaqlı bir ailədə doğulmuşdu. Atası Əhməd kişi həyat yoldaşı Həcər xanımla birgə 6 övlad böyüdüb boya-başa çatdırmış, onlara təhsil, sənət vermiş, ev-eşik sahibi etmişdilər. Rasim müəllim ailənin üçüncü övladı idi.

Mətbuatda çalışdığı müddətdə hələ Sovetlər Birliyi dövründə respublikada nəşr olunan "Kommunist", "Sovet kəndi", "Azərbaycan gəncləri" qəzetlərində, respublika radiosunda müxtəlif janrlarda yazılarla çıxış etmişdir. Onun Oğuz, Qəbələ, Zaqatala və digər rayonlarla bağlı yazıları həmişə diqqət çəkir, oxucu marağına səbəb olurdu.

Artıq 40 gündür ki, aramızda yoxdur, qəzetimizin səhifələrində imzası görünmür. Sıramızı azaltmaqla acımızı çoxaldan hörmətli həmkarımız Rasim Amanov artıq xatirəyə dönüb. Onu tanıyanların yaddaşına səmimi, mehriban, pozitiv bir insan, istedadlı jurnalist kimi yazıldı Rasim müəllim. Əzmkar, qayğıkeş övlad, gözəl ailə başçısı, yaxşı dost, haqqı, ədaləti, insani, əxlaqi prinsipləri hər şeydən üstün tutan Rasim Amanov ömrünün yarıdan çoxunu sevib-seçdiyi jurnalistlik peşəsinə həsr etdi. Həyatının ən xoş, ən ağrılı məqamlarında da qələmlə həmdərd oldu, istər sovet dövründə, istərsə də müstəqillik illərində milli mətbuatımızın jurnalistlər qarşısında qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirdi, jurnalist adına ləkə gətirmədi. Ölkə həyatının müxtəlif sahələrinin inkişafını nəzərdə tutan Dövlət proqramlarının bölgələrdə icra vəziyyətini, bu istiqamətdə görülən işləri, dağ kəndlərinin qayğılarını, o yerlərin məğrur insanlarının əzmkarlığını, dövlətə sədaqətini əks etdirən yazıları ilə o, həm də əsl vətəndaşlıq mövqeyini ortaya qoydu. "Unutsaq, unudularıq" rubrikası altında vaxtilə xalq, dövlət qarşısında xidmətləri olmuş, dünyasını dəyişmiş insanlar haqqında yazıları gələcək nəsillərə nümunə baxımından əhəmiyyətli, dəyərli idi.

Rasim müəllim ona verilən ömrü hədər yaşamadı, cəmiyyətdə öz mövqeyini qoruyub saxladı, özünə hörmət qazandı. Üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirdi. Ömür-gün yoldaşı Mahirə xanımla birgə üç övlad böyüdüb boya-başa çatdırdı, yaxşı ata, sevimli baba oldu.

Övladlarına ali təhsil verib, ailə sahibi etdi. İki qız, bir oğul atasın olan Rasim müəllimin qızları müəllim, oğlu isə iqtisadçıdır.

Rasim Amanovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində daim yaşayacaq. Ruhu şad olsun!..

"Respublika".