Ümumdünya Məskunlaşma Günü çərçivəsində beynəlxalq tədbir
Sosial həyat

Ümumdünya Məskunlaşma Günü çərçivəsində beynəlxalq tədbir

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən keçirilən tədbir Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və digər dövlət qurumlarının birgə təşkilatçılığı, eləcə də İstanbulun Üsküdar Bələdiyyəsinin evsahibliyi ilə baş tutub.

BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla, hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsində qlobal platforma rolunu oynayır. Şəhərsalma hədəflərinin inkişafı və şəhərlərin əhəmiyyətinə diqqət çəkmək məqsədilə elan edilən Ümumdünya Məskunlaşma Günü, bu il İstanbulda "Hər kəs üçün davamlı şəhərsalmanın gələcəyinin maliyyələşdirilməsi" mövzusunda təşkil olunub. Tədbirdə Azərbaycanı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təmsil edib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, Türkiyə Respublikasının Birinci xanımı və 2023-cü il Dünya Şəhərlər Gününün himayədarı Əminə Ərdoğan, Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmen çıxışlarında dayanıqlı məskunlaşmanın əhəmiyyətinə toxunublar. Bildirilib ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar inkişaf proqramlarının əhəmiyyətini daha da artırır.

''Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra uzun bir yol keçib. Son üç onillikdə Azərbaycan özünü münaqişə ilə əhatə olunmuş aşağı gəlirli ölkədən yuxarı orta gəlirli ölkəyə çevirə bilib. Yoxsulluq 49 faizdən 5 faizə düşüb''. Bu fikri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirdə çıxışı zamanı bildirib. O deyib ki, Azərbaycan "Dayanıqlı İnkişaf Hesabatı 2022"yə əsasən, ümumi DİM İndeksində 73,5 balla 163 ölkə arasında 50-ci yerdədir. Bu, regionda ən yaxşı nəticədir. Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına nail olmaq öhdəliyi götürüb. Azərbaycan regionda 2030-cu il gündəliyinin icrasına dair 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən birinci ölkədir.

Komitə sədri vurğulayıb ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə 56 şəhərin yeni baş planları işlənib və daha 12 şəhərin baş planı hazırda yekun təsdiqin son mərhələsindən keçir. Başqa sözlə, Azərbaycanın şəhərlərinin demək olar ki, 90 faizi üçün artıq yeni müasir baş planlar hazırlanıb.

Tullantıların yenidən emalı prosesinə toxunan A.Quliyev, bunun təkcə tullantıların azaldılması deyil, həm də yeni iş yerlərinin yaradılması və iqtisadi artımın stimullaşdırılması baxımından da mühüm rol oynadığını vurğulayıb.

Bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələni xatırladan komitə sədri qeyd edib ki, Türkiyə həmin şəhər və rayonların yenidən qurulması istiqamətində mühüm işlər görür. Bildirilib ki, keçən ay Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi imzalanıb. Bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələdir və ölkələrimiz arasında qardaşlıq münasibətlərini simvolizə edən daha bir gözəl nümunədir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.