Ümumi evimizin qayğısına qalmaq borcumuzdur
Sosial həyat

Ümumi evimizin qayğısına qalmaq borcumuzdur

Texnoloji inkişaf insanların həyat şəraitini asanlaşdırmaqla bərabər, özü ilə bir sıra problemlər də gətirir. İnsanların öz rahatlığı üçün yaratdıqları bəzən dünyanın məhvinə yol açır. Qazılmış neft buruqları, kimyəvi tullantılar, təbiətə dost olmayan infrastruktur obyektlər və daha nələr-nələr... Bütün bunlar dünyanın "ağciyərləri"nin məhvinə səbəb olur. Nəticədə qlobal problemə çevrilən iqlim dəyişmələri, qlobal istiləşmə, içməli suyun tükənməsi kimi ekoloji problemlər meydana çıxır. Məsələnin aktuallığı isə dünyamızın qorunmasını hər birimizin borcu və başlıca məsuliyyətinə çevirir. Məhz bu səbəbdən də 22 Aprel Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur.

Bu əlamətdar günün ilk dəfə keçirilmə tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında ağac günü elan olunaraq bayram kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə amerikalı ekoloji fəal, senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırılıb. Tədricən bu tarix beynəlxalq xarakter alıb. Müasir dövrümüzdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da 22 aprel xüsusi qeyd olunur. Beynəlxalq Yer Kürəsi Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak edir, ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar da ətraf mühitin yaxşılaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. Ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan sülh zəngi bir dəqiqə müddətində çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırış hesab olunur. Sözügedən mərasimin mənası ondan ibarətdir ki, bu bir dəqiqə ərzində insanlar özlərini planetin bir parçası kimi hiss etmək barədə düşünürlər.

Hazırda Yer kürəsinin gələcəyi naminə daha çox enerji səmərəliliyi və "yaşıl enerji" terminləri aktuallaşıb. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan mənbələrlə əvəz edilməsini özündə ehtiva edir. Çünki hazırda iqlim dəyişmələrinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Araşdırmalara əsasən ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara görə, Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Prezident İlham Əliyevin ötən il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişmələri probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji zonası" 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdədir. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpa olunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Üstəlik, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində çoxlu təçəbbüslər yaranacaq. Bu regionda və onun hüdudlarından kənarda iqlim hədəflərinə nail olmağı asanlaşdıracaq. Elə bu səbəbdən də 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək.

Bu gün doğma Yer kürəsi bizi onun qeydinə qalmaq üçün hərəkətə çağırır. Gəlin, biz də öz yurd-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!

Jalə QASIMZADƏ,

"Respublika".