Dost və tərəfdaş ölkələrin münasibətləri yeni mərhələdə
Siyasət

Dost və tərəfdaş ölkələrin münasibətləri yeni mərhələdə

Qütbləşən dünyada ölkələrin bir araya gəlməsi, mövcud əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması zamanın, dövrün tələbi kimi çıxış edir. Bu baxımdan, düşünülmüş siyasət yürüdən, xalqının, millətinin firavan gələcəyini yalnız sülh, əmin-amanlıq şəraitində təmin etməyin mümkünlüyünü vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev təkcə region ölkələri ilə deyil, dünyanın bir çox dövlətləri ilə də səmimi dostluq münasibətləri qurmağı, dost ölkələrlə hərtərəfli əməkdaşlıq həyata keçirməyi xarici siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Bunun nəticəsidir ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır.

Rusiya-Ukrayna müharibəsi fonunda dünyada baş verən hadisələr, beynəlxalq münasibətlərdə yaranmış gərginlik, Avropanın enerji təhlükəsizliyi məsələsi müstəqil siyasət yürüdən dövlətimizin zəngin təbii resurslara malik ölkə olaraq önəmini daha da artırır. Bu bir faktdır ki, Avropa ölkələrinin üçdəbiri Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ilə Avropa İttifaqı bu istiqamətdə bir sıra mühüm sənədlər imzalamışlar. 2027-ci ilə qədər Azərbaycandan Avropaya nəql ediləcək qazın həcminin iki dəfə artırılması isə strateji əlaqələri daha da möhkəmləndirir. Azərbaycandan idxal edilən təbii qaz, elektrik enerjisi, o cümlədən də yaşıl enerji Avropa ölkələrinə Macarıstandan ötürüləcək. Bu baxımdan, Azərbaycan ilə Avropa ölkələri arasında əlaqələrin inkişafında Macarıstan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ilə Macarıstan əlaqələri getdikcə daha da dərinləşir. İki ölkə arasında mövcud olan əməkdaşlıq həm ölkələrimiz üçün, eyni zamanda Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Yanvar ayının 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü başa çatdıqdan sonra "Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə imzalanması ölkələr arasında strateji tərəfdaşlığın dərinləşməsinə geniş imkanlar yaradır.

Uzun illər ərzində həyata keçirilən uğurlu siyasət, xalqların milli mənafeyinə xidmət edən birgə addımlar bu gün enerji sahəsində Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq üçün güclü zəmin yaradıb. Belə ki, vaxtilə Azərbaycandan Avropaya enerji nəql edilməsi üçün layihələr hazırlanmış, bu sahədə ciddi addımlar atılmışdır. Lakin nəzərdə tutulan NABUKKO layihəsi maliyyə mənbələri müəyyən olunmadığı üçün icra edilməmişdi. Bu gün reallaşmayan NABUKKO layihəsi iki ölkə arasında həyata keçirilən uğurlu əməkdaşlıq sayəsində canlandırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə rəsmi səfərdə olarkən mətbuata bəyanatla çıxışında bu barədə demişdir: "Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək".

Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Azərbaycan sahib olduğu təbii qazla hələ bundan sonra ən azı yüz il Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirdir. Bu isə ölkəmizin nüfuzunu Avropada günbəgün artırır. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Macarıstan Prezidenti xanım Katalin Novak isə ölkə başçımızla yanvar ayının 30-da geniş tərkibdə görüşü zamanı Azərbaycan ilə Macarıstan əlaqələrində enerji təhlükəsizliyinin ən vacib məsələ olduğunu qeyd etmiş və enerji resurslarının şaxələndirilməsi üçün Azərbaycanı etibarlı tərəfdaş olaraq dəyərləndirmişdir. Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuş, Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilmişdir. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu, Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə mətbuata birgə bəyanatla çıxışı zamanı ölkəmizin zəngin neft və qaz yataqlarına malik olması ilə yanaşı, böyük yaşıl enerji potensialını da diqqətə çatdırmış və bunu Azərbaycan-Avropa əlaqələrinin daha da yaxınlaşmasında mühüm amil olaraq vurğulamışdır.

Ölkə başçımız bir neçə gün sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzalayan ölkələrin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlarını və bununla da Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirmişdir.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, iki ölkə arasında nəqliyyat sahəsində də birgə əməkdaşlıq müzakirə mövzusu olmuşdur. Belə ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcminin kəskin artması fonunda təkcə keçən il tranzit yüklərin həcminin 75 faizə çatdığı bildirilmiş və artıq dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürüldüyü diqqətə çatdırılmışdır. Dövlət başçımız Azərbaycanın açıq dənizlərə çıxışı olmasa belə, müasir nəqliyyat infrastrukturu sayəsində Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilə bilmək imkanlarına sahib olduğunu vurğulamış və bu sahədə Avropa ölkələri ilə, xüsusilə Macarıstanla geniş imkanların mövcudluğunu qeyd etmişdir.

Macarıstanla şaxələndirilmiş əməkdaşlıq çərçivəsində həmçinin təhsil sahəsində çox yaxşı nəticələrin əldə edildiyi, 200 Azərbaycan gəncinin Macarıstan hökumətinin tələbə təqaüdləri ilə Macarıstanda oxuduğu diqqətə çatdırılmışdır. Digər sahələrdə əməkdaşlıq perspektivlərinin mövcudluğundan bəhs edilmiş, İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin həyata keçirilməsində Macarıstanın təcrübəsindən yararlanmağın üstünlüyü qeyd olunmuşdur. Eyni zamanda, şəhərsalma sahəsində böyük təcrübəyə sahib olan Macarıstanın tikinti şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirakının əhəmiyyəti vurğulanmış, yaxın günlərdə bu istiqamətdə konkret layihələrin müzakirəsinə başlanılacağı bildirilmişdir.

Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü doğruldan, saf, təmiz niyyətlə dostluq münasibətləri quran Azərbaycan bütün ölkələrlə hərtərəfli, şaxələndirilmiş əməkdaşlıq həyata keçirir. Bütün bunlar isə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, tərəqqisinə xidmət edir.

M.VƏLİQIZI,

"Respublika".