Dəyişən zaman və siyasət, hədəf isə Qüdrətli Türkiyədir
Türk dünyası

Dəyişən zaman və siyasət, hədəf isə Qüdrətli Türkiyədir

Yeni dünya düzəninin formalaşdığı bir zamanda enerji ehtiyatlarına olan tələbat günbəgün artmaqda davam edir. Regional strukturların enerji siyasətinə inteqrasiyası prosesi reallığa çevrilir. Rusiya-Ukrayna müharibəsi qlobal gücləri yeni iqtisadi, siyasi və hərbi strategiya yaratmağa sövq edir. Geosiyasi və iqtisadi vəziyyətin bütünlüklə dəyişdiyi Avropa, Anadolu və Cənubi Qafqazda qardaş Türkiyənin enerji siyasətinə verəcəyi töhfələr dünyanın diqqət mərkəzindədir. Azərbaycan-Türkiyə qardaşlığından doğan uğurlu beynəlxalq enerji siyasətini daha da mötəbərləşdirən amillərdən biri də Türkiyənin yeni enerji ixracatçısına çevrilməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Nəsib olsa, aprelin 20-də təbii qazımızı çıxaracağıq. Bütün planlar buna uyğun olaraq hesablanır" ifadəsi yeni enerji layihələrinin reallaşaçağından xəbər verir.

Türkiyə Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan bir sıra enerji layihələri və yeni enerji siyasətinin müasir strukturları üzərində çalışır. Qardaş ölkə enerji ehtiyatlarını şaxələndirməklə müasir enerji xəritəsində qlobal mövqeyini möhkəmləndirir. "Tüpraş" iri neft emalı şirkətinin yeni neft emalı zavodunun açılması, "SOCAR-Türkiyə" şirkətinin öz coğrafi hüdudlarını artırması və digər enerji infrastrukturların yaradılması Türkiyənin böyük enerji qovşağına çevriləcək. Türkiyə enerji mənbələrinin tədarükü və nəqlində yeni enerji proqramı hazırlamaqla, yaxın illərdə hədəflərinə çatmağı planlaşdırır. Avropanın aparıcı tranzit ölkələrinin Türkiyə ilə yeni əməkdaşlıqlar quracaqları proqnoz edilir. Belə ki, Qara dənizdə tapılan təbii qaz resursları Avropa üçün yeni enerji qaynağı olacaq və Tükiyə üçün yeni iqtisadi imkanların formalaşmasını təmin edəcək. Digər tərəfdən, yeni marşrutların, qaz istehlakçılarını əhatə edən yeni şəbəkələrin formalaşmasının və Türkiyənin simasında Avropa qitəsində yeni qaz qovşağının yaranmasının şahidi oluruq. Yəni bütün bunlar yeni iqtisadi reallıqların, oyun qaydalarının, tamamilə fərqli, restrukturlaşdırılmış qaz bazarının formalaşması deməkdir.

Türkiyə son 20 ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında enerji tələbatının ən sürətlə artdığı ölkədir. Hazırda Türkiyə elektrik enerjisi və təbii qaz tələbatındakı artımda Çindən sonra dünyada ikinci yerdədir. Enerji ehtiyacının yaratdığı bu reallıq Türkiyəni yeni enerji qaynaqları axtarışına sövq etdi və qardaş ölkə Qara dənizdən əldə edəcəyi təbii qaz resusları vasitəsilə 2027-ci ilə qədər olan planda əhalisinin 30 faizə qədərini qazla təmin edə biləcək. Qeyd etmək lazımdır ki, hazırda Türkiyə təbii qazın 98, neftin isə 92 faizini idxal edir və bunun üçün ildə 50 milyard dollardan çox maliyyə vəsaiti ayırır. Heç şübhəsiz, Türkiyənin Qara dənizdə qaz ehtiyatlarının kəşfi regionda və Avropada yeni reallıqlar yaradacaq. Proqnozlara görə, qarşıdakı illərdə bu ehtiyatların daha çox olduğu aşkara çıxa bilər. Qeyd etmək lazımdır ki, Türkiyə böyük tranzit imkanlarına malik və LNG terminalları, eyni zamanda 7 fərqli xətt ilə 15 ölkədən qaz tədarük edən dövlətdir. Ölkə gündəlik 161 miliyon kubmetrdən çox maye qazın emalını həyata keçirməyə qadirdir, bu isə illik 50 milyard kubmetr qaz deməkdir.

"Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində aşkar edilən təbii qazın çıxarılması prosesi geniş çərçivəli planlarla təmin ediləcək. Belə ki, Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir və Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə ilk təbii qazın verilməsi də bu ilə planlaşdırılır. Bununla yanaşı, TPAO-nun Qara dənizdəki "Sakarya" qaz yatağında "Türkali-2" kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlaması yeni layihələrin tətbiqinə münbit şərait yaradacaq. Həmçinin, layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla fürsət deməkdir, ən əsası isə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq.

Türkiyə Azərbaycan qazının Avropaya nəqlinin təmin edilməsində mühüm rol oynayır və bu amil gələcəkdə qardaş ölkəni mərkəzi haba çevrəcək. Mərkəzi və Orta Asiyadan, eyni zamanda ərəb ölkələrindən, Azərbaycandan gələn boru kəmərlərinin buradan keçməsi və Türkiyənin yeni enerji siyasəti bunu deməyə əsas verir. Ölkədə mərkəzi habın yerləşməsi enerji nəqlinin Qərbi Avropaya paylanmasını təmin edir və gələcəkdə də nəhəng iqtisadi planların mövcudluğundan xəbər verir.

Türkiyənin ərazisindən onun Yunanıstanla sərhədinə qədər uzanan Trans-Anadolu boru kəmərinin tikintisi və Trans-Adriatik qaz kəmərinin istifadəyə verilməsi bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. Trans-Adriatik qaz boru kəməri (TANAP) Türkiyənin Orta və Yaxın Şərq, Mərkəzi Avropa regionunda strateji mövqelərini möhkəmləndirməsinə dərin əsaslar yaradır. TANAP-dan əvvəl regionda çox strateji əhəmiyyətli trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb və onların icrası istiqamətində işlər görülməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Biz energetika sahəsində mühüm addımlar atırıq. Hazırlıq işləri apararaq qaz anbarlarımızı 100 faiz doldurmuşuq. Azərbaycanla birgə TANAP kəmərinin gücünün 32 milyard kubmetrə çatdırılması üçün işlərə başlamışıq. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçündür" fikri Türkiyənin qarşılıqlı əməkdaşlıqda rolunun artmasını ehtiva edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan qazı Türkiyə vasitəsilə Yunanıstana, İtaliyaya və Bolqarıstana nəql olunur. 2021-ci ildə Tükiyə üzərindən təbii qazın Avropaya tədarükü 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təşkil edib.

Türkiyə bərpaolunan enerji mənbələrinin inkişafına böyük əhəmiyyət verir. 2017-ci ildə qəbul edilmiş Milli Enerji Siyasətinə uyğun olaraq daxili və bərpaolunan enerji resurslarından istifadənin artırılması əsas prioritetlər sırasındadır. Türkiyə bərpaolunan enerjinin istehsal gücünə görə Avropada 5-ci, dünyada isə 12-ci yerə yüksəlmişdir. 2022-ci ilin sonuna olan məlumata görə, Türkiyədə istehsal olunan enerjinin 54 faizi bərpaolunan mənbələrdən alınır.

Nurlan ABDALOV,

"Respublika".