İstanbul
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə bağlı təntənəli mərasim keçirilib. Tədbir hər iki ölkənin Dövlət himni səsləndirildikdən sonra öz işini davam etdirib.
Mərasimdə İstanbul Valisi Ali Yerlikaya, baş konsul Nərminə Mustafayeva, İstanbulda müalicə olunan Vətən müharibəsi qaziləri, Türkiyənin digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının qardaş ölkədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən hərbçilərimiz və digər qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən baş konsul Nərminə Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan Müstəqillik Gününü ərazi bütövlüyünü bərpa edən ölkə olaraq qeyd edir: "Bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə türk və islam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin milli ordusu və bir sıra digər dövlət qurumları yaradıldı, şanlı Azərbaycan bayrağı və dövlət himni təsdiq edildi. Bu tarixin bizə qoyduğu ən böyük miras isə dili, dini, irqindən asılı olmayaraq hər bir vətəndaşa dəyər verməyimizdir'', - deyib baş konsul.
Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Nərminə Mustafayeva bunun heç də asan olmadığını deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Hazırda onun başlatdığı bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır. Baş konsul, həmçinin Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu da xatırladıb: "Əsrlərə dayanan və dastana dönmüş bu qardaşlıq və dostluq üçün təşəkkür edirik".
Mərasimdə çıxış edən İstanbul valisi Ali Yerlikaya Türkiyə ilə Azərbaycanın əbədi qardaşlıq münasibətlərindən danışıb. O qeyd edib ki, həm kədərli, həm də sevincli günlərdə daima bir yerdə olacağıq. "Qarabağda zəfərə gedən yolda tək yumruq olmağımız bunun ən gözəl nümunələrindən biridir. Bizim üçün İstanbul, Ankara, Qaziantep, Kars nədirsə, Gəncə, Bakı, Kəlbəcər və Naxçıvan da eynidir. Azərbaycanın müstəqilliyinin 105-ci ilini böyük qürur hissi ilə qeyd edirik", - deyə vurğulayıb A.Yerlikaya.
Ankara
Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar və qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. İlk öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuat Oktay və digər natiqlər çıxış ediblər.
Tədbirdə səfir Rəşad Məmmədov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri və dövlət müstəqilliyimizin bərpası haqqnda ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinə qarşı yaranmış təhlükələri məharətlə dəf edərək işıqlı gələcəyimizin strategiyasını müəyyən edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı rəşadətli qələbənin dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını ifadə edən səfir Azərbaycan-Türkiyə qardaşlığına geniş yer ayıraraq deyib: "İki müttəfiq dövlət olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin güclənməsinə böyük töhfə vermişdir. Türkiyə bugünkü müzəffər Azərbaycan Ordusunun qurulmasında müstəsna rol oynamış, qəhrəman əsgər və zabitlərimiz türk qardaşları ilə birlikdə təhsil və təlimlər keçmişlər. Bu baxımdan, 44 günlük Vətən müharibəsində qazandığımız rəşadətli qələbəyə Azərbaycan və Türkiyənin ortaq tarixi Zəfəri olaraq qiymət verə bilərik".
Mərasimdə çıxış edən Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, "Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi çox qürurlandırır". Vitse-prezident türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının "Dildə, fikirdə, əməldə birlik" prinsipini xatırladaraq deyib ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi günü-gündən daha da güclənir. Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını artırıb: "Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə və sabitləşməsinə də eyni dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük".
Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" anlayışını xatırladan vitse-prezident Fuat Oktay Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyənnaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib: "Xüsusilə bildirmək istərdim ki, biz Ankaranın taleyini Bakının taleyindən ayrı düşünmürük. Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daimi etsin!".
Rəsmi hissədən sonra mərasim rəngarəng bədii proqramla davam edib. Zəfər, Vətən sevgisi, ölkəmizin füsunkar gözəlliyi, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ifalar, bayram ovqatını yüksəldib.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.