Çoxşaxəli iqtisadi inkişaf modeli
SİYASƏT

Çoxşaxəli iqtisadi inkişaf modeli

Ölkəmizin ixrac potensialının artması bölgədə və dünyada mövqelərimizin möhkəmlənməsinə stimul verir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar ölkəmizin bütün sahələrində olduğu kimi, iqtisadiyyatında da özünü büruzə verir. Bu gün iqtisadi potensiala, yeni strategiyalara əsaslanan Azərbaycan iqtisadiyyatının artım templəri, əldə olunan uğurlu nəticələr böyük perspektivlərdən xəbər verir. Artan xarici iqtisadi əlaqələr dünya iqtisadiyyatına daha dərindən inteqrasiya, dünyamiqyaslı layihələrin, proqramların reallaşması Azərbaycanda yaranmış daxili sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və etibardan qaynaqlanır. Gündən-günə güclü, qüdrətli bir ölkəyə çevrilən Azərbaycanda iqtisadiyyat sahəsində dinamik proseslər daha da güclənir, güclü sənaye potensialı yaranır.

Çoxşaxəli iqtisadiyyatı olan Azərbaycan iqtisadiyyatın neft amilindən aslılığını maksimum dərəcədə azaltmaq üçün investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirir, ölkənin bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmaqla hərtərəfli inkişaf təmin olunur. Belə ki, dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərir. Bu gün ölkəmizin hər yerində regionların inkişafı proqramı uğurla həyata keçirilir, sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar cəlb edilir və hər bir bölgə özünəxas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək yerli istehsalın artırılmasında əhəmiyyətli rol oynayır. İqtisadi siyasətin əsasında sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması və s. dayanır. Belə ki, beynəlxalq iqtisadi münasibətlərə, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatların həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırır, perspektiv inkişafa, xalqın rifahının sürətlə yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. İqtisadiyyatın modernləşdirilməsi, konkret inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmiz dinamik və hərtərəfli inkişaf edir, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.

Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür, iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə  artıran və ixrac imkanlarını genişləndirən  yüzlərlə müasir sənaye müəssisəsi,  yeni istehsal sahələri yaradılır.

Bu gün Azərbaycanın ikinci böyük şəhəri, sovetlər birliyində  kimya sənayesinin mərkəzi  sayılan Sumqayıt şəhərində iri sənaye müəssisələri yaradılır ki, bu da ölkəmizin ümumi sənaye  potensialını gücləndirir, minlərlə iş yerinin açılmasına imkan yaradır. Qafqazın  ikinci böyük sənaye mərkəzində təməli qoyulan iri müəssisələr, ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq yaradılan təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və s. sahələr üzrə ixtisaslaşmış sənaye parklarının uğurlu istehsal fəaliyyəti ölkə tələbatını ödəməklə yanaşı, eyni zamanda böyük ixrac potensialı da yaradır. Yeni ixrac potensialının yaradılmasında, idxalın əvəz edilməsində, ümumiyyətlə, iqtisadi inkişafda və sənayedə bu parkların əhəmiyyətli rolu vardır. Belə ki, sənaye parkları yaranana qədər ölkəmiz üçün ənənəvi olmayan məhsulların - azot gübrəsi, polimerlər, şpris, ferroərintilər, tütün məmulatları,  aqrokimyəvi məhsullar  və  s. məhsullar tamamilə idxal olunurdu.

Sənaye parklarının yaranması nəticəsində bu məhsullar üzrə idxalın əvəzlənməsi, həmin məhsulların daha çox ixraca hesablanması ölkəmiz üçün yeni imkanlar yaratmaqla bərabər, ölkədən valyuta çıxarılmasının qarşısını alır, əksinə, ölkəyə əlavə valyuta gəlməsinə zəmin yaradır. Bu da nəticədə iqtisadiyyatın vacib amillərindən biri kimi milli valyutanın möhkəmlənməsinə öz töhfəsini verir.

Sənaye parklarında qurulan iri istehsal müəssisələrində - fabrik və zavodlarda dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalına, ölkənin xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda insan resurslarının inkişaf etdirilməsində, bilikli kadrların istehsala cəlb olunmasında, kadr potensialının artırılmasında da mühüm əhəmiyyət kəsb edir.

Sumqayıt Sənaye Parkında fəaliyyətə başlayan, 17-ci rezident olan “Azmonbat” MMC ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıracaq istehsal müəssisəsidir. Sentyabr ayının 3-də Sumqayıt Sənaye Parkında ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılan “Azmonbat” MMC-də istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir ki, bu da orta hesabla 800 min ədəd akkumulyator deməkdir. Bundan isə 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkün olacaq. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

Ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcək, dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirini azalda biləcək belə müəssisələrin yaradılması daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulmasında, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artmasında mühüm rol oynayacaq.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Həm sosial, həm də iqtisadi sahədə uğurlu layihələr həyata keçirilən respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri yaradılır, sənayenin ixrac potensialı artırılır, maddi-texniki səviyyəsi yüksəlir.

Bir sözlə, ölkə iqtisadiyyatının səmərəlilik göstəricilərinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür.

Mehparə ƏLİYEVA,

“Respublika”.