Qərəzli yanaşma sülh prosesinə ciddi əngəldir
Siyasət

Qərəzli yanaşma sülh prosesinə ciddi əngəldir

Qərbin Cənubi Qafqaz strategiyasında kifayət qədər qüsurlar var. Yəni qərb öz mövqeyində çox zaman ardıcıl olmur. Bəzən onun mövqeyində ikili standartlar hər şeyi üstələyir, bəzən xristian təəssübkeşliyi ön plana keçir və bu nöqteyi-nəzərdən də Qərbin Cənubi Qafqazdakı proseslərə münasibəti fərqli olur.

Ermənistana bir cür yanaşma, Azərbaycana isə başqa bir yanaşma sərgilənir. Bütün bunlar isə əsl həqiqəti axtarıb üzə çıxarmağa, bölgədə möhkəm, dayanıqlı sülhü bərpa etməyə imkan vermir. Bu gün sülhyaratma prosesində müəyyən bir dalan vəziyyət yaranır. Bu vəziyyətin yaranmasında Rusiya ilə yanaşı, Qərbin də rolu var. Qərb Qranadada sülh danışıqlarının gündəliyini əlavə şərtlərlə çoxaltdı, üstəlik, oraya Azərbaycan üçün arzuolunmaz şəxs olan Fransanın prezidenti Makronu dəvət etdi. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərinin geriyə qaytarılması məsələsini də bir təhdid kimi Azərbaycan tərəfinə qəbul etdirməyə çalışacaqlarını bəri başdan bildirmişdilər. Ona görə də Azərbaycan Qranada görüşünü boykot etdi.

Daha sonra Brüsseldə yeni bir görüş təyin edilmişdi. Lakin həmin görüşdə də Qaranadada qəbul edilmiş qərarları masaya gətirmək istəyirdilər. Bu da Azərbaycan tərəfini qane etmədiyindən Brüssel formatı baş tutmadı. O vaxtdan bəri görüşün yenə də Brüsseldə təşkil edilməsi üzərində çağırışlar edilir. Digər tərəfdən isə Rusiya görüşün Moskvada keçirilməsini və iki ölkə - Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin məhz Moskvada imzalanmasını istəyir. Ermənistan qətiyyətlə bunun əleyhinə olsa da, Azərbaycan üçün isə bunun o qədər də əhəmiyyəti yoxdur ki, sülh müqaviləsi harada imzalanacaq. Bu məkan Brüsseldə ola bilər, Moskva da.

Hələ ki, supergüclərin öz strateji maraqlarını ön plana çıxardığı bu ikili yanaşmalarda sülhyaratma prosesinə ciddi əngəllər törədilir. Yaxın vaxtlarda yeni sülh müqaviləsinin bağlanması üzrə görüşün keçirilməsi gözlənilir. Amma onun harada keçiriləcək yeri dəqiq deyil. Güman edirəm ki, bu görüşün keçirilməsi sülhyaratma prosesində irəliləyişlərə gətirib çıxara bilər.

Qabil HÜseynli,

politoloq.