Azərbaycan regionda sülhə, rifaha və sabitliyə təminat verir
Siyasət

Azərbaycan regionda sülhə, rifaha və sabitliyə təminat verir

Postmüharibə dövründə də ölkəmizin siyasətinin əsasında bu amillər dayanır

"Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək". Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər həyatda artıq öz təsdiqini tapır. Belə ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında apardığı sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Azərbaycan xalqı səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir, bu siyasətə alternativ görmür.

Cənab İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasi strategiyası milli təhlükəsizliyin möhkəm sütunlarından biridir. Azərbaycan liderinin uğurlu xarici siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir. Dövlət başçısı prinsipial, ardıcıl, milli maraqlara yönəlmiş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Müstəqil strateji kurs Azərbaycanın inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Regionda yeni təhlükəsizlik və əməkdaşlıq formatı məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionda, həm də Avrasiyada sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycanla müzakirə olunur.

Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr Azərbaycana inam və etimadın yüksək olduğunu göstərir.

Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır. Bir sözlə, 44 günlük müharibədə qalib gələn Azərbaycan regiondakı 100 illik geostrateji arxitekturanı dəyişdirir. Regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapması isə diqqəti cəlb edir. İki dost, iki qardaş və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və onun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bəyannamə regionun yeni geostrateji reallıqlarını əks etdirən sənəddir.

Bu il 28 May - Müstəqillik Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib ki, "bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram".

Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması isə regional təhlükəsizlik faktoru olmaqla yanaşı, mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. İndi ölkəmizin təşəbbüsü ilə yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Azərbaycanın yüksəlişi, siyasi üstünlüyünün möhkəmləndirilməsi, iqtisadi imkanlarının artması, beynəlxalq mövqeyini gücləndirməsi müəyyən geosiyasi planlara malik olan mərkəzləri, hətta bəzi region dövlətlərini narahat edir. Odur ki, müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına əngəl yaradır, sülh müqaviləsinin imzalanmasını ləngidirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur. Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir.

44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diktəsi ilə cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühitinə, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yaranar.

Təbii ki, Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynaya bilər. Azərbaycan bununla Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi və əməkdaşlığı təklif edir.

Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, daha bir işğalçının zərərsizləşdirilməsinə və onun sivil, normal münasibətlər müstəvisinə çıxarılmasına, regionda və dünyada iqtisadi-siyasi əlaqələrin daha intensiv şəkildə reallaşdırılmasına xidmət edəcək.

Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni etməyə, öhdəliyinə düşəni reallaşdırmağa hazırdır. Dövlət başçısı İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir.

Zümrüd QURBANQIZI,

"Respublika".