Sülh danışıqlarında vasitəçiyə ehtiyac qalmır
Siyasət

Sülh danışıqlarında vasitəçiyə ehtiyac qalmır

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etdiyi halda, Qərb öz "vasitəçi"liyini irəli sürərək prosesi ləngitməyə çalışır. Xüsusilə, Fransa Cənubi Qafqazda sülhün tez bir zamanda bərqərar olmasını Rusiyanın maraqlarına cavab verən proses kimi dəyərləndirir. Rəsmi Parisin davamlı olaraq görüşlərə qatılmaqda qətiyyətli olması ilk vaxtlar müsbət qarşılansa da, sonradan onun əsl niyyəti ortaya çıxdı. Postmüharibə dövründə qarşıya qoyulan əsas məqsəd məhz sülhün əldə olunmasıdır. Buna görə də ölkəmiz digər dövlətlərin müsbət mənada vasitəçi olma istəklərinə maneə törətmirdi. Lakin tədricən bəlli oldu ki, nə Fransa, nə də ümumilikdə Qərb Cənubi Qafqazda sakitlik, əmin-amanlıq istəmir.

Ötən il baş tutan Praqa görüşündən bir neçə gün sonra Fransa Prezidentinin televiziyaya verdiyi müsahibələrinin birində ölkəmizin gördüyü işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etməsi onu prosesdən ayırdı və əsl xislətini "su üzünə çıxardı". Fransanın neytrallıqdan uzaq addımları, qərəzli mövqeyi dəyirmi masada yeri və söz sahibi olmadığını bir daha sübut etdi. Azərbaycan heç bir dövləti tərəf olmaq üçün məcbur etmirdi. Çünki reallıq aydın formada bəlli idi. Fransa görüşlərdə nə qədər özünü sülh tərəfdarı kimi göstərsə də, sonradan buna əks addımlar atırdı. Buna əsasən ölkəmiz rəsmi olaraq elan etdi ki, Fransanın hər hansı bir nümayəndəsinin Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirakını artıq münasib hesab etmir.

Bu günə qədər dəyirmi masa arxasında keçirilən görüşlər bir çox müəyyən nəticə verib. Belə ki, mayda baş tutan 3 tərəfli görüşün sonunda Hayastan tərəfi Azərbaycanın 86,6 min kvadratkilometr və Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə qəbul edib. Lakin qeyd etməliyik ki, görüşdə Fransanın olmamasının da bura təsiri böyükdür. Bu səfər Ermənistanı manipulyasiya edə bilməyən rəsmi Paris bundan qəzəblənib növbəti həmləyə hazırlaşırdı. Belə ki, bu il oktyabrın 5-də Azərbaycanın razılığı alınmadan Qranada görüşü baş tutdu. Özü də ölkəmizin iştirakı olmadan. Hansı sənədlərin qəbul ediləcəyi, nələrin müzakirə olunacağı əvvəlcədən bəlli olan bu görüşə Prezident İlham Əliyev getmədi. Ölkə başçımız məsələyə münasibət bildirərək deyib: "Bir rus deyimi var - "Bez menə, menə jenili" - "qız evində toydur, oğlan evinin xəbəri yoxdur". Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistan ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram".

Maraqlıdır, burada məsələ Azərbaycan və Ermənistan arasındakı münasibətlərdirsə, nəyə əsasən Azərbaycanın iştirakı olmadan görüş baş tutdu? Əslində görüşdən bir neçə gün öncə məhz Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etmişdi, anti-Azərbaycan qətnaməni isə Prezident İlham Əliyevin Qranadada iştirakı şəraitində qəbul etməyi planlaşdırmışdılar. Parlamentin hiyləgərcəsinə qazdığı bu quyuya elə özləri də düşdü. Ölkə başçımız görüşə getməyərək əslində bütün anti-Azərbaycan planlarını alt-üst etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi əsir düşən hərbçilərin azad edilməsi barədə razılıq əldə edildi. Maraqlı cəhət odur ki, tərəflər arasında danışıqlar birbaşa aparılıb və heç bir üçüncü ölkə vasitəçilik etməyib. Buna əsasən deyə bilərik ki, rəsmi Bakı ilə İrəvan arasında sülh prosesinin vasitəçilər olmadan irəli aparıla biləcəyi, qısa müddətdə razılaşmanın əldə ediləcəyi artıq şübhə doğurmur. Nə Azərbaycanın, nə də Ermənistanın heç bir "vasitəçi"yə ehtiyacı yoxdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".