Livandakı səfirliyimizə hücum qəbuledilməzdir
Siyasət

Livandakı səfirliyimizə hücum qəbuledilməzdir

Ermənistan tərəfindən tarix boyu Azərbaycan, türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilib. Cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilib. Bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş verib. 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulub, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb, hasarlara zərbə vurub və müxtəlif şüarlar səsləndirib.

Məsələ ilə bağlı “Respublika”ya danışan Tural İsmayılov bildirib ki, bu gün Ermənistan kütləvi şəkildə dünyada "Asala" terroruun ənənəsini yaşatmağa çalışır: "Bunun nəticəsində regionda gərgin bir mənzərə formalaşıb. Əslində neçənci dəfədir ki, Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərinə qarşı bu tip terror təxribatları baş verir. Bu hadisələrin başvermə səbəblərindən biri də vaxtında Ermənistanın həyata keçirdiyi təxribatlara adekvat və layiqli reaksiyaların sərgilənməməsidir. Eyni zamanda Ermənistan tarix boyu faşist və irqçi siyasət həyata keçirib. Bu mənfur siyasət isə indiyədək özünün obyektiv qiymətini almayıb".

Politoloqun sözlərinə görə, Livanda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən növbəti hücum İrəvanın çirkin mahiyyətini ortaya qoyur: "Eləcə də, bütün dünyaya erməni lobbisi adı altında yayılan konkret mütəşəkkil terror şəbəkəsinin nə qədər təhlükəli və qəbuledilməz addımlar ata biləcəyini göstərir. Bu baxımdan hesab edirəm ki, diplomatik korpusların və nümayəndəliklərin qorunması həmin səfirliyin yerləşdiyi ölkənin birbaşa vəzifəsidir. Odur ki, Livan hökuməti öz ölkəsində Azərbaycan səfirliyinin qarşısında həyata keçirilən bu vəhşiliyə görə konkret addımlar atmalıdır. Əks halda, bu hadisənin növbəti beynəlxalq qarşıdurmaya səbəb olacağını düşünürəm".

Nurlan ABDALOV,

"Respublika".