DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SENATORLAR BAYDENİ NEFT İXRACINI QADAĞAN ETMƏYƏ ÇAĞIRIBLAR

ABŞ Senatının 11 üzvü prezident Cozef Baydeni xam neftin ixracını və milli ehtiyatlardan istifadəni qadağan etməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Epoch Times” nəşri məlumat yayıb.

Bildirilir ki, senatorlar prezidentə göndərdikləri məktubda bu qərarın yanacağın və qazın pərakəndə satış qiymətlərinin artımının qarşısını alacağını iddia edirlər.

Məktubda qeyd olunur ki, “OPEC” neft tədarükünü məhdudlaşdırmaqla qiymətləri qəsdən manipulyasiya edir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Baydenin inaqurasiyasından sonra qazın qiyməti hər ay artıb.

Cozef Bayden ötən həftə bildirib ki, Rusiya və digər “OPEC+” ölkələri neft hasilatını artırmaqdan imtina etsələr, bu, yanacağın qiymətinin daha da artmasına səbəb olacaq.

 

MAKRON ƏLCƏZAİRLƏ BAĞLI AÇIQLAMALARINA GÖRƏ ÜZR İSTƏYİB

Fransa prezidenti Emmanuel Makron polemikaya səbəb olan Əlcəzairlə bağlı açıqlamaları səhv anlaşıldığına görə üzr istəyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayının məlumatında bildirilib. Açıqlamada Makronun Əlcəzair xalqına, tarixinə və suverenliyinə hörmət etdiyi qeyd edilib.

Prezidentin Əlcəzairlə bağlı fikirləri yanlış anlaşıldığına görə məyus olduğu vurğulanan açıqlamada qeyd olunub ki, Emmanuel Makron regional problemlərin həllini tapmaq üçün iki ölkə arasında münasibətləri inkişaf etdirməyə əhəmiyyət verir.

Eyni zamanda, Makronun noyabrın 12-də keçirəcəyi Liviya konfransına Əlcəzair prezidenti Əbdülməcid Tebbunu dəvət etdiyi bildirilir və Əlcəzairin regionda önəmli aktyor olduğu vurğulanır.

Qeyd edək ki, oktyabrın 2-də Emmanuel Makron Əlcəzair tarixinin “gerçəkliklərə əsaslanmadığını” və Fransaya düşmənlik üzərində qurulduğunu iddia edib.

 

GÜRCÜSTAN PAYTAXTINDA ETIRAZLAR ZAMANI 46 NƏFƏR SAXLANILIB

Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçiriblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, aksiya iştirakçılarının sayı bir neçə yüz nəfər təşkil edib.

Məlumata əsasən, aksiya iştirakçıları sabiq prezidentin azadlığa buraxılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Müxalifətin keçirdiyi aksiya zamanı 46 nəfər saxlanılıb.

Gürcüstan DİN-in yaydığı açıqlamaya görə, saxlanılan şəxslər polisin tələblərin tabe olmayıb və avtomobil yolunu bağlamağa cəhd ediblər. Hadisə yerinə Gürcüstan polis patrulunun rəisi Vaja Siradze də gəlib.

Qeyd edilir ki, noyabrın 8-də Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixeil Saakaşvili həbsxanadan çıxarılaraq hərbi hospitala aparılıb.

 

ISTIOTDA KORONAVIRUSA MANEƏ TÖRƏDƏN MADDƏ AŞKARLANIB

Rusiya alimləri müəyyən ediblər ki, bəzi təbii alkaloidlər, xüsusən də istiotun tərkibindəki piperin “COVID-19”un hüceyrələrə yoluxma qabiliyyətinə maneə törədir. “Report” agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun mətbuat xidməti xəbər yayıb.

Verilən xəbərə əsasən, Sankt-Peterburq alimləri hazırda insan hüceyrələrinin lipid membranlarının və koronavirusun birləşməsinə maneə törədə bilən maddələri öyrənirlər.

Tədqiqatçılar müəyyən ediblər ki, piperin virusun lipid örtüyünün xüsusiyyətlərini dəyişib. Nəticədə virus hüceyrələrə nüfuz etmir və bununla da onun yayılması dayandırılır.

Qeyd edilir ki, piperin “COVID-19”un qarşısının alınması və müalicəsi üçün effektiv pəhriz əlavələrinin yaradılması üçün əsas alkaloid ola bilər.

 

POLŞA SƏRHƏDDƏKİ VƏZİYYƏTLƏ BAĞLI LUKAŞENKONU İTTİHAM EDİR

Belarusdan Polşaya keçən qanunsuz miqrantların saxlanıldığı bildirilir. “APA”nın verdiyi xəbərə görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bəyan edib. Onun sözlərinə görə, Polşa-Belarus sərhədində gecə heç də sakit olmayıb, Polşaya keçmək üçün çoxlu cəhdlər baş verib və sərhədi keçənlərin hamısı saxlanılıb.

Eyni zamanda, Belarusla sərhədə 15 min polşalı hərbçinin yerləşdirildiyini vurğulayan nazir əlavə edib ki, ehtiyac olarsa, hərbçilərin sayı daha da artırıla bilər.

Bununla yanaşı, müdafiə naziri iki ölkənin sərhədində baş verənlərə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonu ittiham edib.

Polşa Sərhəd Mühafizəsinin məlumatına əsasən, noyabrın 9-u axşam saatlarında ən azı iki miqrant qrupu Belarusdan ölkə ərazisinə daxil olub. Qanunsuz miqrantların hamısı saxlanılıb.

Qeyd edək ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində miqrantlarla bağlı gərginlik yaşanır. Yaxın Şərq ölkələrindən Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər.

 

ÜST PEYVƏNDLƏRİN HƏR İL MODİFİKASİYAYA MƏRUZ QALACAĞINI İSTİSNA ETMİR

Koronavirusun yeni təhlükəli ştammlarının yaranması, hazırda qripə qarşı peyvəndlə baş verdiyi kimi, “COVID-19”a qarşı vaksinlərin də hər il modifikasiyasını tələb edə bilər. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan bildirib.

ÜST rəsmisi qeyd edib ki, tərtibatçılar indi SARS-CoV-2 koronavirusunun gələcək variantlarının təhlükəsini aradan qaldırmaq üçün vaksinləri modifikasiya etməyin mümkün olub-olmadığını araşdırırlar.

“Xoşbəxtlikdən, hazırda təsdiqlənmiş peyvəndlər indiyə qədər gördüyümüz variantlara qarşı hələ də təsirlidir. Bununla belə, gələcəkdə bu peyvəndlərə cavab verməyən bir variantın olub-olmayacağını bilmirik”, - deyə Sumya Svaminatan vurğulayıb.

Baş elmi işçinin sözlərinə görə, istehsalçılar və alimlər əmin olmaq istəyirlər ki, onlar bu peyvəndləri tez bir zamanda dəyişdirirək, onları koronavirusun gələcək ştammlarına qarşı təsirli edəcəklər. O əlavə edib ki, bu istiqamətdə işlər artıq aparılır.

 

ƏFQANISTANDA “TALİBAN”A QARŞI PARTİZAN MÜHARİBƏSİ BAŞLANIB

Əfqanıstanın şərqində yerləşən Ləğman vilayətində “Taliban”ın silahlı əleyhdarları ölkədə hakimiyyəti ələ keçirən hərəkata qarşı partizan müharibəsinə başlayıblar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı partizanların bəyanatına istinadən məlumat yayıb.

“Mücahidlər və hüquq, azadlıq uğrunda mübarizə aparan silahlılar ölkədə ədaləti təmin etmək və işğala son qoymaq üçün Ləğman vilayətində partizan fəaliyyətlərinə və döyüşlərə başlayıblar”, - deyə açıqlamada bildirilib.

Eyni zamanda, taliblərlə döyüşənlər Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsini dəstəklədiklərini qeyd ediblər.

Bu yaxınlarda “The Wall Street Journal” nəşri anonim mənbələrə istinadən bildirib ki, Əfqanıstan ordusunun keçmiş hərbçiləri “Taliban”ın təqiblərindən ehtiyat edərək “İslam dövləti” terror təşkilatının tərkibində xidmət etməyə hazırlaşırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.