DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FİNLANDİYA PREZİDENTİ: NATO-YA ÜZVLÜYÜMÜZ TÜRKİYƏNİN ƏLİNDƏDİR

“NATO-ya üzvlüyümüzlə bağlı təsdiq Türkiyənin öz əlindədir. Bu proseslə bağlı heç nə edə bilmərik”. “Report” agentliyinin məlumatına görə, bu barədə Finlandiya prezidenti Sauli Niinistö bəyan edib.

Eyni zamanda, prezident ölkəsinin NATO-ya üzvlük fəaliyyətinin İsveçsiz də davam etdirilə biləcəyini diqqətə çatdırıb.

Dövlət başçısının sözlərinə görə, fevralın 28-də Finlandiya parlamentində NATO-ya üzvlük prosesi ilə bağlı səsvermə keçiriləcək. “Bu qərarı parlament verəcək. Macarıstan və Türkiyə təsdiq edərsə, NATO-ya üzv olacağıq”, - deyə Sauli Niinistö əlavə edib.

Məlumata əsasən, İsveçin baş naziri Ulf Kristersson isə ölkəsinin NATO xaricində Finlandiya ilə çox yaxın hərbi əməkdaşlıq etdiyini və bu səbəbdən Alyansa üzvlük prosesində çiyin-çiyinə olduqlarını vurğulayıb.

Qeyd edək ki, Macarıstan parlamenti də gələn ay üçün açıqladığı təqvimdə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün 6-9 mart tarixlərində səsvermənin keçiriləcəyi bildirib. Üzvlük təkliflərinin müzakirəsinin gələn həftə keçirilməsi nəzərdə tutulsa da, macar deputatlar iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı ayrı-ayrılıqda səs verəcəklər.

 

ABŞ-IN ÇİNLƏ DANIŞIQLARA “UYĞUN ZAMANDA” BAŞLAYACAĞI AÇIQLANIB

Vaşinqton Pekinlə iqtisadi danışıqları “uyğun zamanda” yeniləyəcəyini açıqlayıb. Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Hindistanda keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda, maliyyə naziri ABŞ-Çin əlaqələrinin “bütün dünya üçün mühüm olduğunu” diqqətə çatdırıb.

Vaşinqton və Pekin arasında nəzərdə tutulan bir sıra əlaqələr ABŞ ərazisi üzərində ehtimala görə Çinə məxsus kəşfiyyat şarının vurulmasından sonra təxirə salınmışdı.

Bununla yanaşı, verilən xəbərə görə, ABŞ maliyyə nazirinin və dövlət katibi Antoni Blinkenin daha əvvəl Çinə planlaşdırılan səfərlərinin tarixləri qeyri-müəyyən olaraq qalır.

ABŞ maliyyə naziri, həmçinin, Çinin problemlərlə üzrləşən, borclarını silməyə çalışan ölkələrlə - onun fikrincə, bu, əsasən Zambiya və Şri-Lankaya aiddir - əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib.

 

MOLDOVA MDB SAZİŞLƏRİNDƏN ÇIXACAQ

Moldova bu həftə MDB çərçivəsində imzalanmış bir sıra sazişlərin denonsasiyası prosesinə başlayacaq. “Report” agentliyinin Moldova mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər naziri Niku Popesku bildirib.

Məlumata əsasən, nazir qeyd edib ki, rəsmi Kişinyovun Aİ-yə daxil olmaq üçün götürdüyü öhdəliklərə uyğun gəlməyən razılaşmalar ləğv ediləcək.

XİN başçısının sözlərinə görə, Moldova Rusiyanın ölkədəki sabitliyi pozmaq cəhdlərini məhdudlaşdırmaq üçün artıq çox geniş istiqamətlərdə fəaliyyət göstərir.

Eyni zamanda, nazir vurğulayıb ki, Moldova qurumları MDB çərçivəsində imzalanmış bir sıra sazişlərin aktuallığını təhlil ediblər.

 

DÜNYANIN ƏN ÇOX SANKSİYA TƏTBİQ EDİLƏN ÖLKƏSİ MƏLUM OLUB

Rusiya, İran, Suriya və Şimali Koreya dünyanın ən çox sanksiyaya məruz qalan ölkələri sayılır. Ukraynada başladılan müharibədən sonra Rusiyaya 11 mindən çox sanksiya tətbiq olunub. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukraynada müharibə başlayandan bu yana qərb ölkələri Rusiyaya qarşı iqtisadi zərbə üçün çox sayda sanksiyalar tətbiq ediblər.

Bununla yanaşı, Ukraynaya hücumların davamı ilə paralel sanksiyaların həcmi genişlənib - maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya sanksiyalar tətbiq edilib.

Qlobal sanksiya monitorinqi məlumat bazasının açıqlamasına görə, 22 fevral 2022-ci ildən Rusiyaya qarşı 11 min 327 yeni sanksiya tətbiq edilib.

Məlumata əsasən, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb. Bu rəqəmlə Rusiya İranı 4268, Suriyanı 2643 və Şimali Koreyanı 2133 sanksiya fərqi ilə geridə qoyub və siyahıda birinci yerdədir. Dünyada ən çox sanksiyaların tətbiq olunduğu ölkələrin sıralamasına Belarus, Venesuela, Myanma da daxildir.

 

BRİTANİYANIN BAŞ NAZİRİ: UKRAYNA NATO ÜZVÜ OLACAQ

Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Böyük Britaniya artıq bu ölkənin Alyansla yaxınlaşması üzərində işləyir. “Report” agentliyinin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak bəyan edib.

Baş nazir qeyd edib ki, Britaniya Ukrayna ordusunun NATO standartlarına cavab verməsi üçün əlindən gələni edir.

“NATO-nun baş katibi ilə Ukraynanın Alyansa üzv olacağı fikrində razıyam. Biz əmin olmalıyıq ki, Ukraynanı təkcə tezliklə deyil, həm də uzunmüddətli perspektivdə dəstəkləməyə davam etmək planı var. NATO üzvü olmaq üçün standartlara cavab verən texnikaya sahib olmaq lazımdır”, - deyə Rişi Sunak vurğulayıb.

 Eyni zamanda, baş nazir qeyd edib ki, hazırda Böyük Britaniya ukraynalı pilotları NATO standartlarına uyğun hazırlayır.

 

TÜRKİYƏDƏKI ZƏLZƏLƏNIN DAĞINTILARI ALTINDAN 1874 KİMSƏSİZ UŞAQ ÇIXARILIB

Türkiyədə baş vermiş şiddətli zəlzələdən sonra dağıntılar altından 1874 kimsəsiz uşaq çıxarılıb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya əsasən, 1353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

Məlumata görə, hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir və nazirlik müalicə prosesinə ciddi nəzarət edir.

Eyni zamanda, uşaqlardan 1768-nin şəxsiyyəti müəyyən olunub. Azyaşlılardan 106-nın şəxsiyyəti isə naməlumdur.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ nəticəsində 43556 nəfər dünyasını dəyişib.

 

POLŞA VƏ RUSİYA ARASINDA CASUS QALMAQALI

Uzun illər ərzində Polşada yaşayan və bizneslə məşğul olan Rusiya vətəndaşının 2015-ci ildən 2022-ci ilin aprelinə qədər Kremlə casusluq etdiyi üzə çıxıb. Bu barədə “Teleqraf.com” “Röyters” agentliyinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, casusluqda təqsirləndirilən şəxs aprel ayında Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının hərbi hazırlığı haqqında məlumat toplayıb. Daha sonra bu məlumatları Rusiya Kəşfiyyat Xidmətinə göndərməsi sübut edildikdən sonra o, həbs edilib.

Bununla yanaşı, Qdansk Prokurorluğunun sözçüsü açıqlamasında bildirib ki, ötən həftə şübhəli şəxslə bağlı məhkəməyə ittiham aktı təqdim olunub. “Şübhəlinin casusluq fəaliyyəti Polşa Silahlı Qüvvələrinin kəşfiyyat missiyaları apardığı ölkənin şimal-şərq hissəsində yerləşən hərbi hissələrə yönəlib”, - deyə ittihmanəmədə qeyd olunur.

Eyni zamanda, sözügedən şəxslə bağlı korrupsiya cinayətləri də ortaya çıxıb.

Verilən xəbərə görə, bu, Rusiya və Belarus kəşfiyyat xidmətlərinin Polşa Silahlı Qüvvələrinə qarşı fəaliyyəti ilə bağlı prokurorlar tərəfindən aparılan bir neçə işdən biridir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.