Düna xəbərləri
Dünya xəbərləri

Düna xəbərləri

“F-16”ların UKRAYNAYA TƏDARÜKÜ PROSESİ YAXIN ZAMANDA BAŞLAYACAQ

“F-16” qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı bizə vəd verən konkret ölkələr var. Proses yaxın zamanda başlayacaq”. “Report” agentliyinin məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba bəyan edib.

XİN başçısının sözlərinə görə, artıq veriləcək qırıcıların sayı da məlumdur. O, həmçinin əlavə edib ki, artıq təlimlərin başlanma tarixləri barədə razılıq da əldə olunub.

Eyni zamanda, nazir konkret olaraq hansı ölkənin Ukraynaya sözügedən qırıcı təyyarələri vəd verdiyini açıqlamayıb: “Proses tezliklə başlayacaq və hər şey plana uyğun olacaq”.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden Ukraynaya “F-16”ların tədarükünə əminliyini ifadə etmişdi.

 

MARIN LE PEN: FRANSA DÜNYA MÜHARİBƏSİNƏ SƏBƏB OLA BİLƏR

Ukraynanın uzaqmənzilli “SCALP” raketləri ilə təchiz edilməsi qərarı Fransa prezidenti Emmanuel Makron tərəfindən üçüncü dünya müharibəsinə səbəb ola biləcək məsuliyyətsiz addımdır. “Sputnik” informasiya agentliyinin “Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Milli birlik” partiyasının lideri Marin Le Pen bəyan edib.

Xanım siyasətçi hesab edir ki, “üçüncü ölkəyə” zərbə vurmaq üçün istifadə oluna biləcək silahların tədarükü üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Marin Le Pen deyib: “Fransa tərəfindən verilən silahlardan təsirlənəcək üçüncü ölkənin reaksiyasının necə ola biləcəyini biz bilmirik".

Xatırladaq ki, Emmanuel Makron çərşənbə axşamı NATO-nun Vilnüs sammitində Ukraynaya uzaqmənzilli raketlərin verilməsi barədə qərarını açıqlayıb. Məlumata görə, söhbət uçuş məsafəsi 300 kilometrə yaxın olan “SCALP” raketlərindən gedir.

 

TRAMP SADƏCƏ NITQ SÖYLƏMƏKLƏ 12 MİLYON DOLLAR QAZANIR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsindən getdikdən sonra nitq söyləmək müqabilində 12 milyon dollardan çox pul alıb. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, sabiq ABŞ prezidenti vəzifəsindən getdikdən sonra 15 ictimai tədbirdə iştirak edib. O, hər çıxışına görə 150 min dollardan 2,5 milyon dollara qədər gəlir əldə edib.

Eyni zamanda, Trampın həyat yoldaşı Melaniya da 2021-ci ildən ictimai tədbirlərdə iştirakına görə 1 milyon dollardan çox gəlirə sahib olub.

Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti müxtəlif aktivlərdən 13 milyon dollardan çox gəlir əldə edib.

Məlumatda o da qeyd olunur ki, Trampın turizm daşınmaz əmlakı və qolf meydançaları da daxil olmaqla aktivlərinin ümumi dəyəri ən azı 1,5 milyard dollar qiymətləndirilir. Belə ki, Aberdin qolf turizm mərkəzi Trampa 7 milyon dollardan çox gəlir gətirib.

 

ÇİNDƏ 25 UŞAĞI ZƏHƏRLƏYƏN MÜƏLLİMƏ ÖLÜM HÖKMÜ VERİLİB

Çinin Mərkəzi Məhkəməsi məktəbəqədər sinfin 25 şagirdini zəhərləyən müəllim Van Yunun edamı barədə hökm verib. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumatı “ABC News” yayıb.

Bildirilir ki, 40 yaşlı Van Yun 2019-cu il martın 27-də digər həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli kimyəvi maddə qatıb. Zəhərlənmə nəticəsində 25 uşaqdan biri vəfat edib. Qalanları isə müalicə olunaraq sağalıb.

Məlumata görə, Van Yun internet vasitəsilə aldığı həmin zəhərli maddə ilə əvvəllər həyat yoldaşını da zəhərləyib. O, yüngül zəhərlənmə ilə sağalıb.

Van Yunun əməlinin motivi hələ də məlum olmayıb. Onun ərini və şagirdləri zəhərləməkdə məqsədi aydın deyil. Ona ölüm hökmü cəzası verilib. Məhkəmə Vanın şikayətini rədd edib. O, edam yerinə aparılıb və hökm icra olunub.

 

UKRAYNA ALİ RADASINDAN MIXEIL SAAKAŞVILI ILƏ BAĞLI MÜRACİƏT

Ukrayna Ali Radası Gürcüstan prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin əfv olunmasının zəruriliyi ilə bağlı müraciət edib. “Teleqraf.com”un xəbərinə görə, müraciətin qəbul edilməsinə 285 deputat səs verib.

Qətnamənin mətnində göstərilir ki, sənədin qəbul edilməsinə Saakaşvilinin səhhətinin kritik vəziyyəti, onun həyat və sağlamlığının qorunması zərurəti səbəb olub. Buna görə də parlament Gürcüstan prezidentini Ali Radanın insan haqları üzrə nümayəndəsi Dmitri Lubinetsin Saakaşvili ilə görüşməsinə icazə verməyə çağırıb.

Ali Rada həmçinin Gürcüstan prezidentindən Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin ağır fiziki vəziyyətini nəzərə alaraq humanitar tədbir görməyi və əfv etməyi xahiş edib.

Bununla yanaşı, Ali Rada Aİ-yə üzv ölkələrin parlamentlərini Saakaşvilinin Gürcüstan hökuməti tərəfindən əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərar və qətnamələr qəbul etməyə çağırıb.

 

İRANDA SON 10 İLDƏ 40 MİN NƏFƏR İNTİHAR EDİB

İranda son 10 ildə intihar nəticəsində ölənlərin sayı 40 mindən çox olub. “Report” agentliyinin xəbərinə əsasən, bu barədə İran Polis Komandanlığının hesabatında bildirilib. Məlumata görə, 10 il əvvəl bu göstərici 20 minə yaxın olub.

Eyni zamanda, ekspertlər intiharların müxtəlif səbəblərdən baş verdiyini qeyd ediblər: “Məqsəd və ümid olmayanda insanlarda boşluq yaranır və onlar intihara əl atırlar”.

Məlumata görə, 283 gün ərzində yoxsulluq, borc və aşağı əməkhaqqı səbəbindən 23 fəhlə həyatına qəsd edib.

Ekspertlər bildirib ki, ədalətsizliyin artması, yoxsulluq, korrupsiya, tənəzzül və uğursuzluq İranda cəmiyyətin psixi sağlamlığına ciddi təhlükə mənbəyidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına əsasən, dünyada hər il 800 min nəfər intihar nəticəsində dünyasını dəyişir.

 

ABŞ-da KÜTLƏVİ QƏTLLƏR SÜRƏTLƏ ARTIR

ABŞ-da 2023-cü ilin ilk altı ayında ən azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir. “Trend” agentliyinin xəbərinə görə, əvvəlki antirekord 2022-ci ilin ikinci yarısında qeydə alınıb.

Məlumata əsasən, 2023-cü ildə 28 qətl hadisəsindən 27-si odlu silahdan istifadə edilməklə törədilib, faciələrdən yalnız biri yandırma nəticəsində baş verib. Hadisələrdən azı 140 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden ölkədə odlu silahlarla zorakılığı “epidemiya” adlandırmışdı.

Amerikanın “Gun Violence Archive” qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə ABŞ-da baş verən atışma hadisələri 43,6 mindən çox insanın həyatına son qoyub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.