DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DÖRD ÖLKƏ YENİ HƏRBİ İTTİFAQ YARATDI

Avstraliyanın baş naziri Skott Morrison Vaşinqtonda ABŞ, Hindistan və Yaponiya liderlərinin görüşündən sonra “QUAD” ittifaqının yaradılması haqda açıqlama verib. “Teleqraf.com”un xəbərinə görə, baş nazir “Dördlük” ittifaqını “böyük ortaqlıq” adlandırıb.

Məlumata əsasən, Avstraliya baş naziri Skott Morrison, ABŞ prezidenti Cozef Bayden, Hindistan baş naziri Narendra Modi və Yaponiya baş naziri Yoşixide Suqa Ağ Evdə bir araya gəliblər. Bu, Hind-Sakit okean bölgəsində Çinə qarşı mübarizə üçün qurulmuş format olan “QUAD”ın ilk üz-üzə görüşü olub.

Ağ Evdə görüşən dörd lider koronavirus, yeni texnologiyalar, regional proseslər, energetika və iqlim dəyişikliyi ətrafında fikir mübadiləsi aparıblar.

“Bu, Hind-Sakit okean bölgəsində Çinə və ya hansısa bir ölkəyə qarşı olan ortaqlıqdır. Bölgədə sabitliyə nail olmaq üçün bu addımı atmışıq”, - deyə Skott Morrison bildirib.

Çinlə yanaşı Rusiya da “QUAD” və ötən günlərdə elan edilmiş “AUKUS” adlı hərbi ittifaqların onun əleyhinə olduğunu açıqlayıb.

 

“TALİBAN” HƏRƏKATI DÜNYA BİRLİYİNDƏN MÖHLƏT İSTƏYİB

Beynəlxalq birlik Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatını ölkənin idarəetməsinə görə mühakimə etməzdən öncə 20 ay möhlət verməlidir. “APA”nın verdiyi xəbərə görə, bunu Əfqanıstanın müvəqqəti hökumətində “Taliban” tərəfindən təyin edilmiş iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif bildirib.

“Biz dünyadan əvvəlki rejim kimi bizə kömək etməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya birliyi əvvəlki hakimiyyətə 20 il ərzində kömək etdi, lakin hakimiyyət yenə də uğursuzluğa məruz qaldı. Qoy dünya bizə 20 ay möhlət versin, sonra bacarıb-bacarmamağımızı mühakimə etsin”, - deyə nazir bildirib.

Xatırladaq ki, ABŞ hökuməti bu ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxaracağını açıqladıqdan sonra “Taliban” ölkədə nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyat həyata keçirdi.

 

SUDANDA AKSİYALAR SƏBƏBİNDƏN ÖLKƏ İFLİC VƏZİYYƏTİNƏ DÜŞÜB

Sudanın şərqində etiraz aksiyalarının iştirakçıları ölkə paytaxtı Xartumla Xayya şəhərlərinin birləşdiyi ərazidə yerləşən neft kəmərini bağlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Beca tayfasının Ali Şurası məlumat yayıb.

Bildirilir ki, etirazçılar Xayya şəhərindəki dəmir yoluna nəzarəti də ələ keçiriblər. Bu yol Qırmızı dəniz sahilində yerləşən Port-Sudana və başqa əhəmiyyətli limanlara uzanır.

Qeyd edək ki, bir neçə gün öncə aksiya iştirakçıları Port-Sudan şəhərində hava limanını da ələ keçiriblər.

Yerli mətbuat yazır ki, etirazlar əhalinin həyat səviyyəsinin aşağı olması, səhiyyə və təhsil sahəsində çatışmazlıqlar, eləcə də xidmət sektorundakı boşluqlar səbəbindən baş verib.

 

YAPONİYA BMT-DƏ İSLAHATLAR TƏKLİFİ İLƏ ÇIXIŞ EDİB

Yaponiya hökuməti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması ilə bağlı konkret danışıqlara başlamağı tələb edib. “Report” agentliyinin məlumatına görə, bunu Yaponiyanın baş naziri Yoşihide Suqa BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirədə videomüraciətində bildirib.

“Yaponiya təşkilatın XXI əsrin reallıqlarını əks etdirməsi üçün islahatlarla bağlı konkret danışıqlara başlamağa çağırır”, - Suqa deyib.

Hökumət başçısının sözlərinə görə, daha dinc və təhlükəsiz bir dünya yaratmaq üçün tərk-silah məsələsində atılan addımlar vicdanlı və şəffaf olmalıdır.

Suqa əlavə edib ki, Yaponiya dağıdıcı atom bombalarının atıldığı yeganə ölkə olaraq, fərqli mövqelərdəki ölkələr arasında körpü rolunu oynayacaq və dünyanın nüvə silahlarından azad edilməsinə töhfə verəcək.


İMRAN XAN DÜNYA BİRLİYİNİ ƏFQANISTANA YARDIM ETMƏYƏ ÇAĞIRIB

Dünya ölkələri “Taliban” hərəkatının formalaşdırdığı hökuməti təcrid etmək siyasəti yerinə, ölkədəki kritik humanitar vəziyyətlə əlaqədar onlara yardım etməlidirlər. “Trend” agentliyinin məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında Pakistanın baş naziri İmran Xan videoformatda çıxışı zamanı bəyan edib.

“BMT-nin məlumatlarına əsasən əhalisinin yarısının yoxsul vəziyyətdə olduğu Əfqanıstana əgər indi diqqət yetirilməzsə, gələn il bu ölkənin əhalisinin təxminən 90 faizi yoxsulluq həddinin altında olacaq”, - deyə baş nazir vurğulayıb.

İmran Xanın sözlərinə görə, Əfqanıstandakı humanitar böhran yalnız bu ölkə ilə qonşu olan ölkələrə yox, bütün dünyaya təsir edəcək. Baş nazir çıxışının sonunda Əfqanıstana təcili olaraq humanitar yardımın göstərilməsinin vacibliyini qeyd edib.

 

ŞİMALİ KOREYA: MÜHARİBƏNİ YALNIZ BU HALDA BİTİRƏ BİLƏRİK

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen Cənubi Koreyanın düşmənçilik siyasətindən imtina edəcəyi təqdirdə danışıqları davam etdirmək istədiklərini bildirib. “Teleqraf.com”un xəbərinə görə, Kim Yo Çen Şimali Koreya Xarici İşlər Nazirliyinin Cənubi Koreyanın müharibənin bitdiyi barədə rəsmi açıqlama vermək təklifini rədd etməsindən sonra yazılı açıqlama ilə çıxış edib.

Kim Yo Çen müharibənin bitdiyini rəsmən bildirmək istədiklərini, lakin bunun üçün hər şeydən əvvəl qarşılıqlı hörmətin təmin edilməsi, düşmənçilik siyasətindən və ikili standartlardan imtina olunması şərtlərini irəli sürüb.

“Cənubi Koreya ikili standartları ilə bizi hər addımda təhrik etdiyi və tənqid etdiyi keçmişindən uzaqlaşsa, sözlərində və davranışlarında səmimiyyəti bərpa etsə və düşmənçiliyi dayandırsa, yenidən yaxın əlaqələri başlatmağa, qurmağa və inkişaf etdirməyə hazır olacağıq”, - deyə Kim Yo Çen qeyd edib.

 

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ HÖKUMƏTİNDƏ DƏYİŞİKLİKLƏR

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətində sentyabrın 25-də dəyişikliklər edilib. “Report”un məlumatına görə, bu barədə baş nazir Məhəmməd bin Rəşid əl-Maktum öz tvitter səhifəsində məlumat verib.

“Nailiyyətlərimizi qorumaq və milli inkişaf prosesini sürətləndirmək üçün federal hökumətə yeni nazirlərin təyin olunmasını bildirir və Nazirlər Kabineti üçün yaxın 50 il üçün yeni bir metodologiya elan edirik”, - deyə baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, BƏƏ hazırda dünyada və regionda bir sıra iqtisadi göstəricilərə görə liderdir.

Dəyişikliyə əsasən, yeni hökumətdə 9-u qadın olmaqla 33 nazir var. Hökumət başçısının oğlu şeyx Maktum bin Məhəmməd baş nazirin müavini və Maliyyə Naziri təyin edilib.

 

KATALONİYADA PUÇDEMONA DƏSTƏK MƏQSƏDİLƏ AKSİYALAR KEÇİRİLİB

Kataloniya müstəqilliyinin tərəfdarları bölgənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər. Aksiyaçıların əsas məqsədi İspaniyanın tələbi ilə İtaliyada tutulan, lakin sonradan sərbəst buraxılan muxtariyyətin keçmiş lideri Karles Puçdemona dəstək nümayiş etdirmək olub. “APA”nın verdiyi xəbərə görə, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.

Barselonada mitinq Müqəddəs İakov mərkəzi meydanında baş tutub. Oxşar aksiyalar muxtariyyətin digər şəhərlərində də keçirilib.

Qeyd edək ki, K.Puçdemon cümə günü Sardiniya adasında saxlanılıb. İtaliya məhkəməsi heç bir məhdudiyyət qoyulmadan onun azadlıqda saxlamağa qərar verib. Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.