DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

YAPONİYANIN SABİQ BAŞ NAZİRİ SUİ-QƏSD NƏTİCƏSİNDƏ ÖLDÜRÜLÜB

Yaponiyanın sabiq baş naziri Şinzo Abe iyul ayının 8-də hücuma məruz qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat edib. “Trend” agentliyinin məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, sabiq nazirin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şinzo Abe seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı odlu silahdan hücuma məruz qalıb.

Hücumda şübhəli bilinən 41 yaşlı keçmiş hərbçi Yamaqami Tetsuya hadisə yerində polis tərəfindən saxlanılıb. Nara prefekturasının polisi Şinzo Abeni öldürən Tetsuya Yamaqaminin evində partlayıcı maddə aşkar edib.

Şübhəli şəxs müstəntiqlərə keçmiş baş nazirdən narazı olduğunu və onu öldürmək istədiyini qeyd edib. Həmçinin hadisə yerindən ələ keçirilən silahın kustar üsulla hazırlandığı məlum olub.

Eyni zamanda, hüquq mühafizə orqanlarındakı mənbələrindən bildirilib ki, şübhəli şəxs təxminən 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.

 

BORREL: DÜNYADAKI ƏRZAQ BÖHRANI SANKSİYALARLA ƏLAQƏLI DEYIL

Rusiya və  Ukrayna arasında davam edən müharibə dünyada ərzaq böhranını kəskinləşdirib. Cəmi iki il ərzində dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı artıq iki dəfə artıb. “APA”nın verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “G20”nin iclasında çıxış edərkən bildirib.

Ali nümayəndənin sözlərinə görə, dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı “COVID-19” pandemiyasından əvvəl 135 milyondan çox idisə, 2022-ci ilin əvvəlində bu rəqəm 276 milyona, hazırda isə 323 milyona çatıb.

Bununla yanaşı, Jozep Borrel qeyd edib ki, 1,2 milyard insan ərzaq, enerji qiymətlərinin artmasından, maliyyə şərtlərinin sərtləşməsindən ciddi şəkildə əziyyət çəkir.

Eyni zamanda, ali nümayəndə Afrikanın bu böhrandan ən çox təsirlənən qitə olduğunu bildirərək deyib: “Bir çox ölkələr Rusiya və Ukraynadan gələn taxıl və gübrələrdən çox asılıdır. Bu ərzaq böhranı Avropanın sanksiyaları ilə bağlı deyil”.

 

AVROPANIN BİR SIRA ÖLKƏLƏRİNDƏ “COVID-19”UN YENİ DALĞASI BAŞLAYIB

Avropanın bir sıra ölkələrini “SARS-CoV-2” koronavirusunun yeni dalğası bürüyüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri keçirdiyi brifinq zamanı bəyan edib.

Departament rəhbərinin sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan “omikron” ştamının “BA.4” və “BA.5” alt növləri səbəb olur.

“Avropa ölkələrində “BA.4” və “BA.5” variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq”, - deyə Kavaleri vurğulayıb.

Eyni zamanda, mütəxəssisin sözlərinə görə, hazırda “omikron” ştammının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da vəziyyəti ağırlaşdırır.

 

MƏHKƏMƏ YUNANISTANI MIQRANT ÖLÜMÜNƏ GÖRƏ CƏRİMƏLƏYİB

Avropa İnsan Hüquqları Məhkəməsi gəmi qəzasında həyatını itirmiş 11 qaçqının qohumlarının Yunanıstana qarşı iddiasına dair qərarını elan edib. “APA”nın məhkəmə katibliyinə istinadən verdiyi məlumata görə, iddia təmin edilib.

Qərarda göstərilir ki, Yunanıstan təfəri 20 yanvar 2014-cü ildə 27 miqrantı daşıyan gəmini qəsdən qəbul eməyərək geri qaytarıb. Qısa müddət sonra gəmi açıq dənizdə qəzaya uğrayıb. Gəmidə onlardan 11-i həyatını itirib. Digər tərəfdən, dövlət qurumları məsələni ciddi araşdırmayıb.

Məhkəmənin qənaətinə görə, Yunanıstan Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncə və qeyri-insani rəftarın qadağan edilməsi) maddələrini pozub. 7 nəfərlik kollegiyanın qərarı ilə rəsmi Afina ölənlərin varislərinə 330 min avro təzminat ödəməlidir.

 

İSRAİLİN MÜDAFİƏ NAZİRİ VƏ FƏLƏSTİN LİDERİ ARASINDA GÖRÜŞ KEÇIRILIB

Fələstin lideri Mahmud Abbas və İsrailin müdafiə naziri Benni Qantz ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərq turu çərçivəsində Fələstinə səfəri əfərəsində Ramallahda görüşüblər. “Trend”in məlumatına görə, bu barədə “The Washington Post” qəzeti xəbər verib.

Bildirilir ki, görüş zamanı təhlükəsizlik sahəsində fəaliyyətlərin əlaqələndirilməsi müzakirə edilib. Həmçinin verilən açıqlamada görüşün müsbət şəkildə keçdiyi qeyd olunur. Hər iki tərəf təhlükəsizlik üzrə koordinasiyanı davam etdirməyə və qeyri-sabitliyə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa razılaşıb.

Bununla yanaşı, Benni Qantz Mahmud Abbası və Fələstin xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Verilən xəbərə görə, görüş zamanı Mahmud Abbas siyasi üfüq yaratmağın, imzalanmış razılaşmalara hörmətlə yanaşmağın və vəziyyətin pisləşməsinə səbəb olan hərəkət və tədbirlərə son qoymağın vacibliyini vurğulayıb.

 

RUSİYADAN KALININQRADA GÖRƏ LİTVA VƏ Aİ-YƏ XƏBƏRDARLIQ

Rusiya bəzi malların tranzitinin Kalininqrada bərpa olunmayacağı təqdirdə, Litva və Avropa İttifaqına sərt tədbirlər tətbiq edəcək. “APA”nın “Sky News” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

“Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.

 

PAKİSTANDA DAŞQINLAR NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Pakistanda güclü yağışların səbəb olduğu daşqınlar və dağıntılar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. “Report”un məlumatına görə, güclü yağışlar Bəlucistan, Pəncab və Xayber Paxtunxva əyalətlərini, həmçinin Gilgit-Baltistan bölgəsini əhatə edib.

Verilən xəbərə görə, Bəlucistanda təbii fəlakət daha 9 nəfərin həyatına son qoyub. Səlahiyyətlilərin məlumatına əsasən, onlardan beşini su axını aparıb, divarın uçması nəticəsində dörd uşaq həlak olub. Güclü yağışlar nəticəsində yeddi bənd partlayıb, bir sıra ərazilər isə su altında qalıb.

Məlumat üçün qeyd edək ki, hər ilin iyun-sentyabr aylarında Cənubi Asiyada yağan musson yağışları böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

 

ABŞ-DA SƏMA YAŞIL RƏNGƏ BÜRÜNDÜ

ABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində qasırğanın təsiri ilə səma açıq yaşıl rəngə bürünüb. “TRT” telekanalının   verdiyi xəbərə görə, səmanın rənginin dəyişməsi yerli sakinlərin heyrətinə səbəb olub.

Mütəxəssislər səmanın açıq yaşıl rəngə bürünməsinin əsas səbəbini isə tam açıqlaya bilməyiblər. İlkin olaraq bildirilib ki, əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meyilli olmasıdır. Mavi işıq isə gün batandan sonra qırmızı və sarı işıqla birləşdiyi zaman səma yaşıl rəngə çevrilib.

Məlumata görə, qasırğasının təsirli olduğu üç ştatda təxminən 30 min insan saatlarla işıqsız qalıb. Sözügedən qasırğanın sürətinin saatda 93 kilometrə çatdığı bildirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.