DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİ: BAŞQA ÖLKƏLƏRİ İŞĞAL ETMƏK NİYYƏTİMİZ YOXDUR

“Başqa ölkələri işğal etmək niyyətimiz yoxdur”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Çin dövlət başçısı Si Cinpin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bəyan edib.

Çin lideri bu il inkişaf etməkdə olan ölkələrə 100 milyon pulsuz “COVID-19” peyvəndi göndərməyi planlaşdırdıqlarını bildirib. “Çin bu ilin sonuna qədər dünyaya ümumilikdə 2 milyard doza peyvənd tədarük etməyə çalışacaq”, - deyə Si Cinpin əlavə edib.

Çin lideri ölkəsinin beynəlxalq mövqelərindən heç vaxt digər ölkələri işğal etmək, zorakılıq göstərmək və ya dünyada hegemonluq qurmaq üçün istifadə etməyəcəyini vurğulayıb. O deyib: “Çin həmişə qlobal sülhün memarı, qlobal inkişafa töhfə verən ölkə və beynəlxalq nizamın müdafiəçisi olub. Çin yeni inkişafı ilə dünyaya yeni imkanlar təqdim etməyə davam edəcək”.

Si Cinpin qeyd edib ki, BMT ölkələrin ümumbəşəri təhlükəsizliyinin birgə qorunması üçün mərkəzi platforma rolunu oynamalıdır.

 

UKRAYNA PREZİDENTİNİN MÜŞAVİRİNƏ SUİ-QƏSD TƏŞKİL EDİLİB

Ukrayna prezidenti Vladimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd təşkil edilib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Ukranews” yayıb.

“Sergey Şefirin avtomobilinə atəş açılıb. Onun sürücüsünə üç güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - deyə məlumatda bildirilib.

Verilən xəbərə görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Hadisə Kiyev vilayətində törədilib.

Qeyd edilir ki, hazırda prezidentin müşavirinə hücum edənlərin tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir.

 

İBRAHİM RƏİSİ: DANIŞIQLAR SANKSİYALARIN LƏĞVİ ÜÇÜN FAYDALI ALƏTDİR

Tehran nüvə proqramı üzrə danışıqların İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinə gətirib çıxaracağına ümid edir. “Trend” agentliyinin məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı İran prezidenti İbrahim Rəisi bildirib.

“İran hesab edir ki, danışıqlar son nəticədə bütün sanksiyaların ləğv edilməsinə gətirib çıxaracaq faydalı alətdir. Nüvə silahına Tehranın müdafiə doktrinasında yer yoxdur”, - deyə İbrahim Rəisi vurğulayıb.

Məlumat üçün qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirmişdi ki, nüvə razılaşmasının tam bərpa edilməsi üzrə danışıqlar bir neçə həftə ərzində Vyanada bərpa olunacaq.

 

İRAQDAN OĞURLANAN 3600 İLLİK TARİXİ ƏSƏR GERİ QAYTARILIR

1991-ci ildə İraqdan oğurlanan və 1997-ci ildə qanunsuz yollarla ABŞ-a aparılan 3600 illik tarixə malik  şeirin olduğu qədim daş parçası geri qaytarılacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, tarixi əsərin rəsmən İraqa qaytarılmasına dair sentyabrın 23-də  rəsmi tədbir keçiriləcək.

Bildirilir ki, sözügedən tarixi ədəbiyyat nümunəsi “Gilqameş dastanı”na aid şumer şeirinin parçasıdır. “Gilqameş dastanı” isə dünyada ən qədim dini mətnlərdən biri sayıla bilər.

Verilən xəbərə əsasən, ABŞ-a qanunsuz aparılan bu nadir tarixi nümunə 2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən müsadirə edilib.

 

BORİS CONSON FRANSA LİDERİNƏ KÜSMƏMƏYİ TÖVSİYƏ EDİB

Böyük Britaniyanın baş naziri Boris Conson Fransa prezidenti Emmanuel Makrona “AUKUS” müdafiə ittifaqına görə “küsməməyi və özünü ələ almasını tövsiyə edib”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Boris Conson bu sözləri ABŞ Prezidenti Cozef Baydenlə görüşü zamanı səsləndirilib.

“Düşünürəm ki, ən əziz dostlarımızın küskünlüyünü dayandırıb özlərini toparlamasının vaxtı çatıb. “AUKUS”un yaradılması beynəlxalq təhlükəsizliyin inkişafı yolunda böyük addımdır”, - deyə baş nazir qeyd edib.

Nəşr Boris Consonun bununla Fransa liderinə istehza etdiyini yazıb.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ, Böyük Britaniya və Avstraliya arasında “AUKUS” adlı hərbi ittifaqın qurulduğu elan edilib. Avstraliya bundan sonra Fransa ilə 90 milyard dollarlıq hərbi sazişi ləğv edib. Fransa baş verənlərə görə, müttəfiqlərini xəyanətdə günahlandırıb.

 

ABŞ Aİ-YƏ QAZ BAZARINDA MANİPULYASİYALARLA BAĞLI ÇAĞIRIŞ EDİB

ABŞ Avropa İttifaqını (Aİ) qaz bazarında manipulyasiyaları axtarmağa və onlara müqavimət göstərməyə çağırır. “APA”nın məlumata görə, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

“Avropadakı qaz qiyməti böhranı mövcud qaz təchizatı yollarının etibarlılığı ilə bağlı ciddi suallar doğurur. ABŞ və Avropa İttifaqı əlavə qazanc əldə etmək üçün qaz tədarükü ilə manipulyasiya edən oyunçulara müqavimət göstərməyə hazır olmalıdır”, - deyə ABŞ-ın energetika naziri vurğulayıb.

Cennifer Qranholmun sözlərinə görə, Avropa enerji tədarükünün şaxələndirilməsi məsələsi ABŞ-ın iştirakı ilə uzunmüddətli perspektivdə fəal şəkildə həll edilməlidir.

 

BRİTANİYANI SARSIDAN ZƏHƏRLƏNMƏ HADİSƏLƏRİ İLƏ BAĞLI YENİ FAKTLAR

Böyük Britaniyanı sarsıdan zəhərlənmə hadisələri ilə bağlı yeni faktlar üzə çıxıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, 2018-ci ildə İngiltərədə keçmiş rus casusunun zəhərlənməsində iştirak edən üçüncü Rusiya agentinin adı müəyyən edilib.

İngiltərədə olarkən “Sergey Fedotov” təxəllüsünü istifadə edən Denis Sergeyev keçmiş rus casusu Sergey Skripal, qızı Yuliya və keçmiş polis zabiti Nik Beylini öldürməkdə ittiham olunub. D.Sergeyev üç cinayətə cəhddə, Sergey Skripal, Yuliya Skripal və Nik Beyliyə ağır bədən xəsarəti yetirməkdə, kimyəvi silah saxlama və istifadəsi də daxil olmaqla 7 cinayətdə günahlandırılır.

Böyük Britaniya mətbuatında yayılan məlumatda zəhərlənmə hadisəsi ilə bağlı diqqətçəkən detal da yer alıb. Belə ki, polisin açıqlamasına görə, 2018-ci ildə həyata keçirilən sui-qəsddə bir ətir şüşəsinə qoyulan “Noviçok” maddəsi minlərlə insanın ölümünə səbəb olacaq qədər çox olub.

 

DÜNYADA ÇİP BÖHRANI DAHA DA DƏRİNLƏŞİB

Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, bu, çip tədarükü ilə bağlı müşahidələrin aparıldığı 2017-ci ildən bəri rekord həddir.

Ekspertlər hesab edirlər ki, çip böhranı 2023-cü ilin sonuna qədər davam edə bilər. İndiyə qədər çatışmazlıq qlobal avtomobil sənayesinə 110 milyard ABŞ dolları ziyan vurub.

Məlumat üçün qeyd edək ki, bu ilin başa çatmaqda olan 9 ayı ərzində dünyada istehsal olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ədəd az olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.