DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTIN ƏFQANISTANDAKI VƏZIYYƏTI MÜZAKIRƏ EDIBLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə “Report” agentliyi Kremlin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilir ki, danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə edilib.

Tərəflər Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər.

Bununla yanaşı, terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Liderlər Türkiyədə yanğını söndürərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirən türk və rus ekipajının ailələrinə qarşılıqlı başsağlığı veriblər.

 

BRITANIYANIN BAŞ NAZIRI: “TALIBAN”LA IŞLƏMƏYƏ HAZIRIQ

Böyük Britaniyanın baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda “Taliban” hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu bəyan edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə baş nazir “Sky News” telekanalının efirində “COBRA” adlı Fövqəladə Vəziyyətlər Komitəsinin Əfqanıstandakı vəziyyətlə bağlı iclasından sonra bildirib.

Boris Conson deyib: “İnsanları inandırmaq istəyirəm ki, biz Əfqanıstandakı vəziyyətin siyasi və diplomatik həlli yollarını axtarmağa davam edəcəyik və təbii ki, lazım gələrsə, “Taliban”la işləyəcəyik”.

Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya son altı gündə Əfqanıstandan 6115 nəfəri təxliyə edib. Onlardan 320-si  səfirliyin əməkdaşı, 402-si Əfqanıstan vətəndaşlarıdır.

Eyni zamanda, baş nazir Əfqanıstanda vəziyyətin bir qədər yaxşılaşdığını qeyd edib: “Vəziyyət bir az yaxşılaşıb və Kabil hava limanında sabitləşmə müşahidə edirik”.

 

AVSTRALIYADA KARANTIN TƏDBIRLƏRINƏ QARŞI ETIRAZ AKSIYALARI KEÇIRILIB

Avstraliyanın ən böyük şəhərləri olan Sidney və Melburnda izolyasiyaya və sanitar məhdudiyyətlərə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Bu barədə “Report” agentliyi “Reuters”ə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, toqquşmalar nəticəsində yüzlərlə şəxs həbs olunub, 7 polis zabiti xəstəxanaya yerləşdirilib. Sidneydə 47 nəfər həbs olunub, daha 260 nəfər isə epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələnib.

Ştatın polis və fövqəladə xidmətlər naziri Devid Elliotun sözlərinə görə, Sidneydə keçirilmiş etirazlarda çox insan iştirak etməsə də, bu aksiyalar yoluxma hallarının artmasına səbəb olacaq.

Xatırladaq ki, Avstraliyanın ən çox əhaliyə malik şəhəri olan Sidney şəhərində iki aydan çoxdur ki, sərt karantin rejimi qüvvədədir.

 

KURIL ADALARINDAN YAPONIYAYA ÜZÜB GƏLMIŞ ŞƏXS SAXLANILIB

Kunaşir adasından Yaponiyanın Hokkaydo adasına üzüb gəldiyini iddia edən Rusiya vətəndaşı Sapporo şəhərinin miqrasiya bürosuna təhvil verilib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, rusiyalı Yaponiyadan sığınacaq istəyib və tezliklə onun barəsində hansı qərarın qəbul olunacagı açıqlanacaq.

Qeyd edək ki, Kunaşir və Hokkaydo adaları arasında məsafə təqribən iyirmi kilometr təşkil edir.

Yujno-Kurilsk şəhər administrasiyasından isə bildirilib ki, Udmurtiyadan Kuril adalarına gəlmiş rusiyalı burada üç il yaşayıb. Mənbənin sözlərinə görə, həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb.

Bununla yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti Sərhəd İdarəsində yalnız hadisə ilə bağlı araşdırma aparıldığı vurğulanıb.

 

“TALIBAN” TEZLIKLƏ ÖLKƏNIN IDARƏETMƏ SISTEMINI TƏQDIM EDƏCƏK

“Taliban” hərəkatı tezliklə Əfqanıstanın idarə ediləcəyi yeni siyasi sistemi təqdim edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə “Taliban”ın nümayəndəsi “Reuters” agentliyinə bildirib.

“Hüquq, din və xarici siyasət üzrə ekspertlər yaxın həftələrdə ölkənin yeni idarəetmə sistemini təqdim etmək niyyətindədirlər”, - deyə hərəkat nümayəndəsi vurğulayıb.

Eyni zamanda, “Taliban” nümayəndəsi əlavə edib ki, yeni idarəetmə forması bütün əhalinin müdafiəsinə yönələcək.

Həmçinin hərəkat nümayəndəsinin sözlərinə görə, “Taliban” danışıqlarda Qərb qoşunlarının dostluq münasibətləri əsasında ölkədən çıxarılmasını müzakirə edir.

 

MARIYA ZAXAROVA: ABŞ-IN SANKSIYALARINA CAVABIMIZ SƏRT OLACAQ

“ABŞ-ın Rusiya müxalifətinin lideri Aleksey Navalnı ətrafında yaranmış vəziyyətlə əlaqədar təxribatları rəsmi Vaşinqtonun reallıqla hesablaşmaq istəmədiyini göstərir”. “Report”un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

XİN-in mətbuat katibinin sözlərinə görə, Rusiyaya təzyiq göstərmək faydasızdır, sanksiyalara isə cavab sərt və adekvat olacaq.

Diplomat həmçinin qeyd edib ki, rəsmi Moskva “Şimal axını-2” qaz kəməri və “Navalnı işi” ilə əlaqədar ABŞ-ın yeni sanksiyalarının tətbiqini rəsmi Vaşinqtonun ikitərəfli münasibətləri tərəfdaşlıq əsasında qurmaq üçün siyasi iradəsinin olmaması hesab edir.

 

KIŞILƏRIN KORONAVIRUSDAN ÖLMƏ EHTIMALI QADINLARA NISBƏTƏN DAHA YÜKSƏKDIR

Rusiyalı həkim allergoloq-immunoloq Vladimir Bolibok bildirib ki, hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir. Bu barədə “Sputnik” informasiya agentliyi Rusiya mediasına istinadən xəbər verib.

Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır. “Onlarda antitel yaranma səviyyəsi bir qədər aşağıdır”, - deyə mütəxəssis qeyd edib.

Vladimir Bolibok vurğulayıb ki, qadınlarda antitellərin virusa yoluxmuş hüceyrələrə nüfuz etməsi daha asan olur.

“Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur”, - deyə həkim əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda mütəxəssis bildirib ki, “COVID-19”a qarşı immunitet təxminən səkkiz ay davam edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.