Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

PUTİN MAKRONUN AÇIQLAMALARINA MÜNASİBƏT BİLDİRİB

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronun Ukraynaya qoşun göndərmək ehtimalı ilə bağlı bu yaxınlarda verdiyi açıqlamalara münasibət bildirib. “Trend” agentliyi bu barədə Rusiya mətbuatına istindən xəbər verib.

Məlumata əsasən, Putin Makronun Rusiyaya qarşı bu cür sərt reaksiyasını Afrikada baş verən hadisələrlə əlaqələndirib.

“Biz Fransanı Afrikadan sıxışdırıb çıxarmamışıq. Sadəcə bəzi Afrika ölkələrinin liderləri Rusiyadan olan iqtisadi operatorlarla işləmək istədilər, fransızlarla yox. Bu heç bizim təşəbbüsümüz deyildi, afrikalı dostlarımızın təşəbbüsü idi. Əgər müstəqil bir dövlət digər tərəfdaşları, o cümlədən Rusiya ilə əlaqələrini inkişaf etdirmək istəyirsə, burada Rusiyadan incimək nəyə lazımdır? Bunun bizimlə əlaqəsi yoxdur”, - deyə Vladimir Putin qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Fransa prezidenti Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.

Martın 4-də Çexiya mətbuatına müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə hərbçi göndərməyi planlaşdırmadığını bildirib.

ALMANİYA “TAURUS” RAKETLƏRİNİ DÖYÜŞƏ HAZIR VƏZİYYƏTƏ GƏTİRİR

Almaniya hökuməti ordunun arsenalında olan bütün “Taurus” qanadlı raketlərini modernləşdirmək və döyüşə hazır vəziyyətə gətirmək qərarına gəlib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Nəşrin açıqlamasına görə, Bundesverin arsenalında olan bütün “Taurus” raketləri modernləşdirilməlidir. Almaniya Silahlı Qüvvələrinin arsenalında təxminən 600 sistemin olduğu ehtimal edilir, çünki raketlərin dəqiq sayı məxfi saxlanılır. Hazırda onların yalnız yarısı 2018-ci ildəki texniki yeniləmədən sonra istismara hazır hesab olunur. Qalan partiya sertifikatın müddəti başa çatıb.

Bununla yanaşı, “Die Welt” xəbərinə görə, indi həm mövcud sistemlərin əsaslı təmiri, həm də hazırda sertifikatlaşdırılmayan qanadlı raketlərin təmiri aparılmalıdır. Bundesverin xüsusi idarəsi bu sifariş üçün çərçivə müqaviləsi təklif etməli, sonra isə raket istehsalçısına təqdim etməlidir.

Nəşrin məlumatına görə, Bundestaqın Müdafiə Komitəsi çərşənbə axşamı keçirilən növbədənkənar iclasda planlar barədə məlumatlandırılıb.

UKRAYNA AVROPA İTTİFAQI İLƏ KREDİT ALMAQ ÜÇÜN MEMORANDUM İMZALAYIB

Ukrayna Avropa İttifaqı ilə 6 milyard avro məbləğində kredit almaq üçün memorandum və saziş imzalayıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Ukrayna Milli Bankının (UMB) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Bəyanatda deyilir: “UMB-nin rəhbəri Andrey Pışnı, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və maliyyə naziri Sergey Marçenko ilə birlikdə Ukrayna ilə Aİ arasında anlaşma memorandumu, habelə müvafiq kredit sazişi imzalayıb”.

Xəbər verilir ki, şərtlər yerinə yetirilərsə, 4,5 milyard avro məbləğində birinci tranş mart ayında, ikinci tranş isə 1,5 milyard avro həcmində apreldə ayrılacaq.

Məlumata əsasən, kredit güzəştli şərtlərlə verilir, maksimum ödəmə müddəti 35 ildir və əsas borcun ödənilməsinə başlanan tranş məbləğinin Milli Bankdakı hesaba köçürüldüyü tarixdən 10 il sonra başlanır.

Ukraynanın baş naziri Denis Şmıqal bir müddət öncə bəyan edib ki, ümumilikdə rəsmi Kiyev bu il  Avropa İttifaqından 16 milyard avro kredit almaq niyyətindədir.

TISBAĞA ƏTİNDƏN ZƏHƏRLƏNƏN 9 NƏFƏR DÜNYASINI DƏYİŞİB

Tanzaniyanın Zənzibar muxtar bölgəsində tısbağa ətindən zəhərlənmə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər ölüb, 78 nəfər xəstəxanaya yerləşdirilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Bild” nəşri yayıb.

Nəşr bildirib ki, dəniz tısbağası əti Zənzibarda delikates sayılır. Bununla belə onun tərkibində tez-tez insanlarda xelonitoksin yarada bilən toksinlər olur. Ürəkbulanma, qusma, həmçinin tərləmə və sinə boşluğunda ağrıların olması bunun əsas simptomları sayılır.

Məlumata görə, ən pis halda zəhərlənmə həyati vacib orqanların funksiyasını yerinə yetirə bilməməsi səbəbindən ölümlə nəticələnir. Zəhərlənməyə qarşı xüsusi preparat yoxdur, həkimlər yalnız simptomları yüngülləşdirə bilər.

Xelonitoksin zəhərlənmələri nadir sayılır. Lakin mütəxəssislər bu halın tez-tez baş verdiyini bildirirlər. Bir çox zəhərlənmə halları çox güman ki, bildirilmir. Çünki nəsli kəsilməkdə olan növlərin beynəlxalq ticarəti haqqında Vaşinqton Konvensiyasına əsasən heyvanların tutulması və yeyilməsi 1975-ci ildən qadağan edilib.

TÜRKİYƏ İRAQDA PKK-NI MƏHV EDƏCƏK PLANI AÇIQLAYIB

Türkiyənin İraqın şimalında PKK terror təşkilatını tamamilə məhv edəcək planının detalları açıqlanıb. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraqda ortaq hərəkət mərkəzinin qurulması üçün artıq işlərə başlanılıb.

Məlumata əsasən, PKK-nın bölgədən tamamilə təmizlənməsi üçün strateji bir nöqtədə mərkəz qurulacaq. İraqın Kandil, Sincar, Mahmur, Süleymaniyə və Qara bölgələrində PKK-nın nəzarət nöqtələri müəyyənləşdirilərək təmizlənəcək.

Eyni zamanda, bildirilib ki, PKK terrorçularının yerləşdiyi nöqtələr müəyyən edildikdən sonra həmin ərazilər üçün əməliyyatların planı müəyyənləşdiriləcək.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bugünlərdə İraqda yeni əməliyyatın anonsunu verib. Onun sözlərinə görə, Türkiyə bu yay terror problemindən xilas olacaq.

HƏMAS DANIŞIQLARDA MÖVQEYİNİ YUMŞALTMAĞA MƏCBUR OLUB

İsrail və radikal HƏMAS hərəkatı arasında vasitəçilərin köməyi ilə aparılan danışıqlarda  irəliləyiş əldə olunub. Bu barədə “The Times of Israel” qəzeti adı açıqlanmayan yüksək rütbəli ərəb diplomatına istinadən xəbər verib.

Bununla yanaşı, nəşrin məlumatına görə, Fələstinin radikal qruplaşması məhz Qətərin təzyiqi altında mövqeyini yumşaldıb.

Tərəflər arasındakı danışıqlar dalana dirəndikdən sonra bu həftə onlar arasında israilli girovlar müqabilində Qəzza zolağında atəşkəsin təmin edilməsi üzrə razılaşmalarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Qeyd olunur ki, rəsmi Doha HƏMAS-a təzyiq göstərib və danışıqlara yanaşma tərzi dəyişməyəcəyi halda qruplaşmanın Qətərdə yaşayan liderlərinin ölkədən qovulacağı ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda, bildirilir ki, hazırda t

ərəflər Qəzza bölgəsində 150 gündən artıq saxlanılan israilli girovların azad edilməsi müqabilində Fələstin anklavında üç mərhələli atəşkəs razılaşmasını müzakirə edir.

“XIAOMI” İLK ELEKTRİKLİ AVTOMOBİLİNİN SATIŞINA BAŞLAYIR

Çinin “Xiaomi” elektronika istehsalçısı bu ayın sonunda ilk elektrikli avtomobilini satışa çıxaracaq. “Trend” agentliyinin məlumatına görə, bunu dünyada üçüncü ən böyük mobil telefon istehsalçısı olan “Xiaomi”nin baş direktoru Ley Tsün bəyan edib.

“Xiaomi SU7”nin rəsmi təqdimatı martın 28-də baş tutacaq”, - deyə Ley Tsün Çinin “Weibo” sosial şəbəkəsində yazıb. Anons ilk dəfə dekabr ayında mətbuata göstərilən avtomobilin fotoşəkili ilə müşayiət olunub.

Məlumata görə, bu xəbərdən sonra martın 12-də günorta saatlarında Honq Konq Fond Birjasında “Xiaomi” səhmlərinin qiyməti təxminən 10 faiz artıb.

Qeyd edilir ki, “SU7” avtomobili yerli “BAIC” zavodu tərəfindən istehsal olunur, “Xiaomi” isə avtomobil üçün proqramlar və elektron komponentlər təqdim edir. Avtomobilin batareyaları 800 kilometrə qədər yol qət etməyə imkan verir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.