DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANDAN 20 ÖLKƏYƏ KÜTLƏVİ ETİRAZLARI QIZIŞDIRMAQDA İTTİHAM

İranın hərbi kəşfiyyat rəhbəri Məhəmməd Kazemi 20 ölkəni Məhsa Əmininin ölümü ilə bağlı ölkəsində kütləvi etirazları qızışdırmaqda ittiham edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu sırada İranın əlaqələri normallaşdırmağa çalışdığı ölkələr də yer alıb.

Hərbi kəşfiyyat rəhbəri bu sırada ABŞ, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrailin adını çəkib. O, 18 ölkənin adını hallandırsa da, digər iki ölkəni açıqlamayıb.

Eyni zamanda, Məhəmməd Kazemi iddia edib ki, İsrail və BƏƏ-nin kəşfiyyat qurumları İrandakı etirazlara necə dəstək veriləcəyini müzakirə etmək üçün bir ərəb ölkəsində vaxtaşırı görüşüblər. Bundan əlavə, o, Səudiyyə Ərəbistanı və Bəhreyni “düşmən ölkələr” adlandırıb.

Bununla yanaşı, Kazemi kəşfiyyat orqanlarının iğtişaşlarla bağlı məlumat və dəlillər toplamaq üçün Avropa, eləcə də qeyri-Avropa vətəndaşlarını, o cümlədən əfqanıstanlı, pakistanlı və iraqlıları işə cəlb etdiyini iddia edərək, bununla bağlı 40 nəfərin həbs edildiyini bildirib.

 

ALMANİYA PREZİDENTİNİN QAZAXISTANA SƏFƏRİ

Qazaxıstan və Almaniya prezidentləri Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer Astanada iyunun 20-də apardıqları danışıqlarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, Almaniya prezidenti Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlib. Çərşənbə axşamı keçirilmiş görüşdə prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Həmsöhbətlər siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

Bununla yanaşı, Tokayev və Ştaynmayer beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Qazaxıstan liderinin mətbuat xidməti qeyd edib ki, təkbətək danışıqlar dostluq şəraitində keçib, konstruktiv və mənalı olub.

 

Aİ UKRAYNAYA 50 MİLYARD AVRO MALİYYƏ YARDIMI AYIRMAĞI PLANLAŞDIRIR

Avropa İttifaqı (Aİ) Ukraynaya təxminən 50 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim etməyi planlaşdırır. “Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Avropa Komissiyasının təklifi Ukrayna hökumətinin cari xərclərini maliyyələşdirməyə və təcili yenidənqurma prioritetlərini ödəməyə kömək edəcək.

Agentliyin mənbələri qeyd ediblər ki, yardım qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində təklif olunacaq.

Həmsöhbətlərdən birinin sözlərinə görə, plan bazar kreditləri əvəzinə üzv dövlətlərin töhfələri hesabına maliyyələşdiriləcək.

Bununla yanaşı, xəbər verilir ki, rəsmi Brüssel Rusiya Mərkəzi Bankı da daxil olmaqla, dondurulmuş aktivlərdən istifadə variantlarını da nəzərdən keçirir.

 

SATURNUN PEYKİ YERDƏN KƏNARDA HƏYAT ÜÇÜN ƏN İDEAL YER OLA BİLƏR

Saturn planetinin peyklərindən biri olan Enseladın donmuş səthinin altında - okeanda həyat üçün vacib element olan fosfor tapılıb. “The New York Times” qəzetinin yazdığına görə, Berlin Azad Universitetindən planetoloq Frank Postberqin rəhbərlik etdiyi tədqiqat qrupu Enseladda həyat üçün zəruri olan sonuncu elementi aşkar edib.

Bildirilir ki, alimlər ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin 2017-ci ildə işini başa vuran Saturn araşdırma gəmisi “Cassini” tərəfindən toplanan məlumatları araşdırıblar. Alimlər Saturnun peykində buzla örtülmüş okeanda fosforun olduğunu müəyyənləşdiriblər. Bundan əvvəl Enselad peykində karbon, hidrogen, azot, oksigen və kükürd tapılmışdı.

Enseladda fosforun kəşfi həyat üçün lazım olan bütün elementlərin varlığı anlamına gəlir və bu, peykin Yerdən kənarda həyat üçün ən ideal yer ola biləcəyinə işarədir.

Əvvəlki tədqiqatlar göstərirdi ki, fosfor yerdənkənar okeanlarda nadir olduğu üçün Günəş sistemində və ya qalaktikada həyat mövcud ola bilməz.

 

UKRAYNA ORDUSU ÜÇ İSTİQAMƏTDƏ ƏKS-HÜCUM ƏMƏLİYYATI KEÇİRİB

Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinin ən azı üç istiqamətində əks-hücum əməliyyatları keçirib və uğur qazanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında qeyd olunur.

Məlumata görə, Ukrayna qoşunları Baxmutun şimal-qərbinə, cənub-qərbinə və şimal-şərqinə hücumlarını davam etdirir. Ukrayna ordusunun bu istiqamətlərdə irəlilədiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələri həmçinin Zaporojye istiqamətində də irəliləyib. Geolokasiya görüntüləri təsdiq edir ki, Ukrayna qoşunları Zaporojye vilayətinin qərbində, Orixovdan təxminən 25 kilometr şimal-qərbdə yerləşən Pyatixatki şəhərini azad edib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi etiraf edib ki, son 10 gün ərzində Rusiya qoşunlarının böyük hissəsini Xerson vilayətinin sol sahilindən Zaporojye və Baxmut istiqamətlərinə köçürüb.

 

AVROPA ITTIFAQININ İQTİSADİ TƏHLÜKƏSİZLİK STRATEGİYASI TƏQDİM EDİLİB

Avropa Komissiyası (AK) tarixdə ilk dəfə Avropa İttifaqının (Aİ) İqtisadi Təhlükəsizlik Strategiyasını təqdim edib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu strategiyaya dair sənədlər paketi Avropa Komissiyasının saytında dərc olunub.

Məlumata əsasən, strategiya Brüsselin səlahiyyətlərini genişləndirəcək, Qərbə dost olmayan ölkələrlə ticarət və texnologiya mübadiləsini məhdudlaşdıracaq.

Brüsseldə keçirilən mətbuat konfransında bu layihəni AK rəhbəri Ursula fon der Lyayen, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell, AK rəhbərinin müavinləri Valdis Dombrovskis və Marqrete Vestaqer təqdim ediblər.

Bu strategiyanın qüvvəyə minməsi üçün indi onun Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

AK-dan vurğulayıblar ki, bu strategiyanın hazırlanmasına səbəb pandemiya, Rusiyanın Ukraynadakı müharibəsi, kiberhücumlar və seçkilərə müdaxilə, habelə dünya arenasında gərginliyin artması və bunun Avropa icmaları, şirkətləri və vətəndaşları üçün bir neçə ildir mövcud olmayan risklər və həssaslıqlar yaratmasıdır.

 

BMT 20 İLLİK MÜZAKİRƏLƏRDƏN SONRA BU SAZİŞİ TƏSDİQLƏDİ

BMT okeanları qorumaq üçün tarixi sazişi təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, BMT 20 ildən çox davam edən müzakirələrdən sonra okeanları qorumaq və dəniz biomüxtəlifliyindən davamlı istifadəni təmin etmək məqsədi daşıyan tarixi müqaviləni qəbul edib.

Məlumata əsasən, qanun müqaviləsi 60 ölkə tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək. Belə ki, saziş sentyabrın 28-dən etibarən iki il müddətinə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında imzalanmaq üçün üzv dövlətlərə təqdim olunacaq.

BMT-nin baş katibi Antoniu Quterreş sazişin qəbulunu yüksək qiymətləndirib. Baş katib bütün üzv dövlətləri sazişin qüvvəyə minməsi üçün səylərini əsirgəməməyə çağırıb və müqaviləni mümkün qədər tez imzalamaq və ratifikasiya etmək üçün gecikmədən hərəkətə keçməyə çağırıb.

Baş katib bildirib ki, saziş beynəlxalq sularda geniş okean qoruqlarının yaradılması üçün hüquqi baza yaradacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.