DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADIMIR PUTIN RUSIYANIN MILLI TƏHLÜKƏSIZLIK STRATEGIYASINI TƏSDIQLƏDI

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə fərman rəsmi hüquqi internet portalında yayımlanıb.

“Rusiya Federasiyasının əlavədə qeyd edilmiş Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyirəm”, - deyə fərmanda qeyd olunub. Fərmanın imzalandığı gündən qüvvəyə mindiyi bildirilir.

Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyası - Rusiyanın milli maraqlarını və strateji milli prioritetlərini, uzunmüddətli perspektivdə milli təhlükəsizliyin gücləndirilməsinə və davamlı inkişafının təmin edilməsinə yönəlmiş daxili və xarici siyasət sahəsindəki hədəfləri, vəzifələri və tədbirləri müəyyənləşdirən əsas strateji planlaşdırma sənədidir.

Strategiyanın yeni versiyasında ən yüksək prioritet Rusiya xalqının qorunub saxlanmasına verilir.

 

“TALIBAN” DAHA 5 RAYONA NƏZARƏTI ƏLƏ KEÇIRIB

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin 5 rayonu son sutka ərzində “Taliban” qruplaşmasının nəzarətinə keçib. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Bədəxşan əyaləti şurasının deputatı Əhməd Cavid Mücəddədi açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, əyalətin Varduç, Draim, Tegab, Kişim və Tişkan rayonlarına “Taliban”ın etdiyi hücum nəticəsində həmin ərazilər silahlıların əlinə keçib.

Həmçinin əyalət rəsmisi qeyd edib ki, hökumət qüvvələri rayon mərkəzlərindən geri çəkiliblər. “Taliban” isə Bədəxşan əyalətinin 7 rayonunu ələ keçirdiklərini bildirib.

Yerli mənbələrin məlumatına görə, Əfqanıstandakı 407 rayonun 130-dan artığı  artıq “Taliban”ın nəzarəti altındadır. Silahlılar isə 185 rayona nəzarət etdiklərini bildirib.

 

BUŞEHR AES FƏALIYYƏTINI BƏRPA EDIB

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası iyulun 3-də fəaliyyətini bərpa edib. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Energetika Nazirliyinin sözçüsü Mustafa Rəcəbi Məşhədi açıqlamasında bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, Buşehr AES də digər elektrik stansiyaları kimi, bir müddət fəaliyyətdən sonra təmir olunmalı və texniki problemləri aradan qaldırılmalı idi. Bu məqsədlə atom elektrik stansiyası təxminən 11 gün fəaliyyətini dayandırdı.

Nazirlik rəsmisi əlavə edib ki, yaxın günlər ərzində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar proqnozları nəzərə aldıqda Buşehr AES təxminən min meqavat saat elektrik istehsalı ilə İranın elektrik təsərrüfatına köməklik göstərəcək.

 

DÜNYANIN ƏN YAXŞI MEQAPOLISLƏRININ REYTINQI AÇIQLANIB

“Boston Consulting Group” şirkəti insanların həyat keyfiyyətindən məmnunluq səviyyəsi əsasında dünyanın ən yaxşı meqapolislərinin reytinqini tərtib edib. Bu barədə  “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, siyahıya Nyu-York başçılıq edir. İkinci yeri London, üçüncünü Moskva  tutur. Dördüncü yeri Sinqapurun tutduğu siyahıda ilk 5-liyi Dubay tamamlayır.

Ekspertlər 25 min şəhər sakini arasında aparılmış rəy sorğusu əsasında 16 meqapolisin qiymətləndirməsini aparıb.

Şəhərlərin qiymətləndirilməsi zamanı həyat keyfiyyəti, iqtisadi imkanlar, dəyişikliklərin sürəti, cəmiyyətdəki münasibətlər və hakimiyyətlə münasibət kimi meyarlar əsas götürülüb.

 

“ELZA” QASIRĞASI ABŞ-A DOĞRU ISTIQAMƏT ALIB

Atlantik okeanında formalaşmış “Elza” qasırğası ABŞ-a doğru irəliləyir. “Report”un verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Küləyinin sürəti 130 kilometr saata çatan “Elza” qasırğasına 5 kateqoriyalıq cədvəl üzrə hələlik birinci kateqoriya verilib. Artıq Haiti və Dominikan Respublikasına öz təsirini göstərmiş qasırğa yaxın vaxtlarda Kubaya çatacaq.

Hakimiyyət orqanları xəbərdarlıq edərək insanları ehtiyatlı olmağa və küçələrə çıxmamağa çağırıb. Haiti və Dominikan Respublikasında külək ağacları aşırıb, evlərə zərər vurub və əkin yerlərini məhv edib. Bəzi yaşayış məntəqələri işıqsız qalıb.

Proqnozlara görə, qasırğa iyulun 13-də ABŞ-ın Florida sahillərinə çatacaq.

 

RUSIYA HÜCUM PUA-LARININ IXRACINA BAŞLAYACAQ

Rusiyada ilk dəfə olaraq PUA-ların kütləvi istehsalına başlanılacaq. Belə ki, “Kronştadt” şirkətlər qrupunun məhsulu olan “Orion” PUA-larının istehsal xətti elm şəhəri olan Dubnada qurulur. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verib.

Bildirilir ki, zavod rekord şəkildə qısa müddətdə inşa edilir və 2021-ci ilin noyabrında artıq işə başlayacaq. “Kronştadt” şirkətlər qrupunun dronlarının ixrac üçün istehsalı isə 2022-ci ildə başlanacaq.

Məlumat üçün qeyd edək ki, PUA-ların istehsalı dünyada ən yüksək texnoligiyalara əsaslanan və güclü inkişaf edən istiqamətdir. Rusiyanın da bu istiqamətə ciddi diqqət yetirməsi qanunauyğun haldır.

Verilən xəbərə əsasən, fevral ayında Əbu-Dabidə keçirilən “IDEX-2021” beynəlxalq sərgisində xarici tərəfdaşların Rusiya stendlərində əsasən kəşfiyyat və həmlə təyinatlı pilotsuz texnikaya marağını aşkar edilib.

“Rostex” şirkətinin rəhbəri Sergey Çemezovun sözlərinə görə, Rusiya PUA-larının fərqli cəhəti onlara süni intellek sistemlərinin inteqrasiya olunmasıdır.

 

“WHATSAPP” TƏTBIQINƏ YENI FUNKSIYA ƏLAVƏ EDILƏCƏK

Dünyanın məşhur messencerlərindən olan “WhatsApp”da istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, yeni funksiya “Android” əməliyyat sistemli smartfonların “WhatsApp”ında mümkün olacaq. Qeyd edilir ki, istifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: “Avto”, “Yüksək keyfiyyət” və “Məlumatların qənaəti”.

Bununla yanaşı, yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır.

Daha əvvəl bildirilirdi ki, “WhatsApp” messenceri istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Bu zaman multimedia faylları yalnız bir görüntüdən sonra silinəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.