Zəfər sədalı Böyük Qayıdış
Siyasət

Zəfər sədalı Böyük Qayıdış

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyən edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim beş milli hədəfimizdən biri kimi təsbit edilib. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi "qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır". Böyük Qayıdışın uğurla reallaşdırılması üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya zəruridir. Daha sadə desək, insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir.

Vətəndaşın layiqli həyat şəraiti dövlətimizin konstitusion səviyyədə təsbit edilmiş ali məqsədlərindən biridir. Ona görə də işğaldan azad olunmuş torpaqlarımızda ilk növbədə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması, müasir infrastrukturun qurulması və müasir xidmətlərə əlçatanlılığın təmin olunması qarşıya hədəf kimi qoyulub. Qısa müddət keçməsinə baxmayaraq, deyə bilərəm ki, bu istiqamətdə çox əhəmiyyətli nəticələrimiz var. Cəmi 8 aya müasir standartlara uyğun inşa edilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, 2022-ci il iyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə, 2023-cü il martın 16-da Tərtər rayonunun Talış kəndinə, mayın 27-də Laçın şəhərinə, avqustun 18-də Füzuli rayonuna, avqustun 25-də Laçın rayonunun Zabux, 2024-cü il may ayının 9-da Şuşa şəhəri və Laçın rayonunun Sus kəndinə, may ayının 27-də isə Xocalı şəhərinə ilk köç reallaşıb və proses uğurla davam edir.

Bütövlükdə mövcud mənzərə deməyə əsas verir ki, istər infrastruktur, istər kommunikasiya xətləri baxımından Qarabağ və Şərqi Zəngəzur yenidən ən müasir standartlara uyğun qurulur. Bərpa-quruculuq işlərinə və qayıdış coğrafiyasına baxsaq, aydın şəkildə görərik ki, proses bütün amillərin uzlaşdırılması şəraitində həyata keçirilir. Yəni nəqliyyat, kommunikasiya və kommunal infrastrukturun ardıcıllığı təmin olunur. Bu, həm xərclərin effektivliyi, həm qayıdışın təhlükəsizliyinin səmərəli formada təmininə imkan yaradır. Bu işlərin mühüm xüsusiyyətlərindən biri də odur ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun iqlim şəraiti və profili nəzərə alınır, azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişaf etdirilməsi, milli dövriyyəyə inteqrasiya edilən torpaqlarda ən müasir suvarma sistemlərinin yaradılması prioritet kimi müəyyən edilir. Həmçinin infrastruktrur layihələrinin tikintisinin məşğulluq məsələlərinə təsiri öyrənilir, bölgə iqtisadiyyatına mühüm töhfə olacaq turizm marşrutlarının işlənib hazırlanması, azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas hədəflər sırasında yerini qoruyur.

Digər tərəfdən, unutmamalıyıq ki, biz təsadüfi seçdiyimiz əlverişli bir zonada yaşayış məskənləri salmırıq. Söhbət vandallar tərəfindən qəsdən yerlə-yeksan edilmiş və üstəlik dünyanın mina ilə ən çox çirklənmiş ərazisində quruculuq və bərpadan gedir. Proses çevik və səmərəli, eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üçillik zamanı göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənildiyindən daha yaxşı gəlir, lakin bütün bunlar üçün vaxt lazımdır. Son zamanlar Ermənistandan müəyyən müsbət meyillər görünməsinə baxmayaraq, bütövlükdə İrəvanın təcavüzkar mahiyyəti dəyişmədiyi üçün hazırda Böyük Qayıdış yolunda ən böyük əngəl də məhz bu təcavüzkarlıqdan doğan maneə, yəni minalı ərazilərdir. Möhtərəm Prezident ötən ilin may ayında bildirmişdi ki, "Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər".

30 illik işğal dönəmində ilkin qiymətləndirmələrə görə Ermənistan Qarabağ və Şərqi Zəngəzura 1,5 milyondan artıq mina basdırmışdır. Minaların yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə basdırılması prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Üstəlik, Ermənistan tərəfindən minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, bir sıra Qərb dövlətlərinin və aidiyyəti beynəlxalq təsissatların isə prosesdə məqsədli hərəkətsizliyi bu cinayətlərin daha geniş miqyasda mütəşəkkil mahiyyət daşıması və Qərbin açıq formada terror və müharibə cinayətlərinə ortaqlığı deməkdir. Postmüharibə dövründə 400-ə yaxın vətəndaşımız davam edən mina terrorunun qurbanına çevrilib, tələfatlar isə gündən-günə artmaqdadır. Təbii ki, mina terrorunda bu və ya digər formada rolu olan hər kəs cəzasını alacaq və öz növbəsində Azərbaycan qarış-qarış bu əraziləri təmizləyəcək. Lakin buna zaman lazımdır və ümumi prosesi gecikdirən də budur. Azərbaycan vətəndaşını işğaldan azad olunmuş ərazilərdə taleyin ümidinə buraxa bilməz, məhz buna görə də köçürmə mərhələli şəkildə həm minalar təmizləndikdən sonra, həm də ən müasir infrastruktur qurulduqca reallaşır. Bu, bizim üçün prinsipial məsələdir və ortada çox ciddi siyasi iradə var. Hər kəs də əmindir ki, mövcud siyasi iradə bütün zəruri tədbirləri görərək vətəndaşların işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz şəraitdə məskunlaşmasını təmin edəcək.

Aydındır ki, məhz Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan hazırkı yanaşmanın alternativi yoxdur. Eyni zamanda Ermənistan və havadarlarının mahiyyətinə yaxşı bələd olduğumuz üçün işi şansa buraxa bilmərik, Azərbaycan böyük quruculuq və bərpa prosesində müdafiə və təhlükəsizlik amilinə konseptual yanaşır. Bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xocalı şəhərinə köçən sakinlərlə görüşündə ifadə etdiyi kimi, "Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək".

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.