Yeni yüksəliş mərhələsinin dayanıqlı inkişaf modeli
İqtisadiyyat

Yeni yüksəliş mərhələsinin dayanıqlı inkişaf modeli

Böyük inkişaf yolu keçən müasir Azərbaycanın 2024-cü ildə də qarşısında yeni perspektivlər açılıb. Sürətli və hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artmasını təmin edib. Tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib.

Hazırda regional güc mərkəzi olan Azərbaycan yeni beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm uğur isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bu amil müasir tariximizin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Yeni mərhələdə qarşıda dayanan  hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Gücümüz və qüdrətimiz daha da artmaqdadır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və yenidənqurma işləri həyata keçirilir. Bir zamanlar torpaqlarından didərgin düşmüş həmvətənlərimiz öz yurd-yuvalarına qayıdır. "Ağıllı" kəndlər, şəhərlər salınır… Azərbaycan sözün əsl mənasında çiçəklənmə dövrünü yaşayır.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur. Bu inkişaf modelinin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır. Sosial sahədə həyata keçirilən siyasət yeni mərhələdə sistemli şəkildə davam etdirilir. İqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən, bu yolda böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.

Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini, sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini, xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz ölkəmizə Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan "qlobal oyunçu" statusunu təmin etmişdir.

Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin - ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.

Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlılığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

2024-cü ildə ölkəmizin siyasi nüfuzu və iqtisadi gücü daha da artacaq.  İqtisadi artım tempinin 2023-cü illə müqayisədə daha çox olacağı gözlənilir. Eyni zamanda sosial paketin dərinləşməsi də gözləniləndir. Çünki ehtiyac meyarındakı və yaşayış minimumundakı artımlar nəticə etibarı ilə sosial yardım məbləğinin artmasına gətirib çıxaracaq. Pensiyalarda da yanvar ayından etibarən artımlar müşahidə olunacaq. Bütün bunlar o anlama gəlir ki, həm də iqtisadi hədəflər, həm də sosial gözləntilər 2024-cü il üçün də prioritetdir. Qarabağ və Şərqi Zəngəzurun qurulmasına 4 milyard manatdan artıq vəsait xərclənəcək. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Ölkəmiz regionda həm əvvəlki illərdə olduğu kimi, əsas güc mərkəzlərindən biri olacaq, eyni zamanda enerji layihələrini davam etdirəcək, bir çox beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi edəcək.

Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə fəal qoşulur. Bu baxımdan, COP29-un keçirilməsinə evsahibliyi  məsələsi daha çox diqqət çəkir. Belə ki, bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır, qarşıya yeni hədəflər qoyulur. Məhz bu hədəfə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonası yaradılır, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", BP kimi şirkətlərlə əməkdaşlıq edilir. Bu baxımdan, 230 MVt gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının istismara verilməsi əlamətdar haldır. Azərbaycanın "Qlobal Geotermal Alyans"a üzv seçilməsi, ölkə üzrə "Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatının və Elektromobillik üzrə Milli Planın hazırlanması yeni istiqamətlərdə inkişafın təməlini təşkil edir.

Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bərpaolunan enerji sektorunun inkişafına və qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verəcək, ev sahibliyi edəcəyimiz yerli və beynəlxalq tədbirlərin sayını artıracaq. Bu il müstəqil Azərbaycan dövlətçiliyi tarixində çox mühüm bir hadisə baş verəcək. Bu hadisə ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan xalqı, özünün seçmək hüququnu ölkəmizin bütün ərazilərində Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə, Şuşada və sair realizə edə biləcəkdir. Bu yeni hüquqi siyasi hadisə uğurların davam etdirilməsi üçün yeni imkanlar yaradacaq.

Mustafa KAMAL,

"Respublika".