Yeni müəssisələr yerli istehsalı artıracaq
İqtisadiyyat

Yeni müəssisələr yerli istehsalı artıracaq

Bölgə resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi Qarabağın dirçəlişində mühüm rol oynayır

Vətən müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, bu ərazilərin gələcək inkişafının, malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, soydaşlarımızın Böyük Qayıdışı üçün bütün tədbirlərin həyata keçirilməsi dünyaya bir mesajdır: Azərbaycan qurucu dövlət, xalqımız yaradıcı olmaqla yanaşı, həm də bu torpaqların əsl sahibidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənayenin, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan, yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi-sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Sənaye parklarının yaradılması, həmçinin ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalın qarşısını ala bilən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər uğurla davam etdirilir, beynəlxalq təcrübə öyrənilir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını daha da genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə isə "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.

Qeyd edək ki, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkil edilməsidir. Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ağdam Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyalarının həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında ümumilikdə 1800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

"BAFCO İnvest" MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq. "BAFCO İnvest" MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.

İnvestisiya həcmi 7 milyon manat olan "Mister Decor" MMC Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Almaniya və Çin texnologiyasından istifadə olunan fabrikdə istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə də ixrac ediləcək.

"Metkons" MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və burada 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. "Metkons" MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min manatdan çox vəsaitə qənaət edib.

Ağdam Sənaye Parkında həmçinin "Rail Trans Service" MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin, "Eel Electric" MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, "Prof-Dam" MMC-nin dam örtüklərinin, "Tabaterra" MMC-nin tütün məmulatlarının, "Agah Group" MMC-nin metal profil və anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri aparılır. Bu müəssisələrin bir qismi bu il fəaliyyətə başlayacaq.

İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən-xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir. Beləliklə, Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verəcək, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

M.MİRZƏ,

"Respublika".