Yanlış siyasət, yoxsa yanlış hesablama?
Siyasət

Yanlış siyasət, yoxsa yanlış hesablama?

Ermənistan son günlərdə intensiv şəkildə atəşkəsi pozur. Sülh müqaviləsi haqqında hər iki ölkə tərəfindən mesajlar verildiyi bir dövrdə rəsmi İrəvanın belə addımlar atması yeni suallar doğurur.

Nə vaxt sülh sazişinin imzanlanması yaxınlaşsa, Ermənistanın bu kimi qeyri-konstruktiv addımlar atması gözdən qaçmır.

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. İyunun 14-ü saat 07:15-də isə Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən erməni mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə məruz qalıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib ki, Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir. Bundan sonra sənəd imzalana bilər. O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir: "Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq". Nikol Paşinyanın "son ştrixlər" sözü ilə nəyi nəzərdə tutması məlum olmasa da, hər bir halda bunu sülh danışıqlarının davam etməsi kimi dəyərləndirmək olar. Əgər danışıqlar davam edirsə, bu halda atəşkəs nə üçün pozulmalıdır? Rəsmi İrəvan Azərbaycandan Ermənistanda konstitusiya referendumu ilə bağlı tələbləri geri götürməsini istəyirsə və bu səbəblə sülhü uzadırsa, bu da qeyri-konstruktiv fəaliyyət hesab olunmalıdır. Çünki Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan bəndin ali qanundan çıxarılması sülh istiqamətində vacib məsələdir. Təbii ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiları davam edərkən sülh müqaviləsi imzalana bilməz. Baş nazir Nikol Paşinyan əslində bu ilin əvvəlində Ermənistanın yeni konstitusiyasının qəbul ediləcəyini bildirib. Lakin indi tamamilə fərqli mövqedən çıxış edir.

Ermənistan atəşkəs razılaşmasını intensiv şəkildə pozur, aparılan sülh danışıqlarına kölgə salır. Xüsusən də hər iki ölkənin başçılarının sülh mesajları verməsindən sonra gərginliyin bu cür artması, Ermənistanın hərəkətlərini şərtləndirən əsas motivlər və hesablamalar barədə suallar yaradır. Atəşkəsin pozulması kimə, nə səbəblə sərf edir? Bu situasiyada ölkəmizin sülh üçün can-başla çalışdığını nəzərə alsaq, gərginləşmədə maraqlı olan tərəfin rəsmi İrəvan olduğu aydın olur.

Artıq atəşkəs rejiminin pozulması Ermənistan üçün davam edən danışıqlara təsiretmə taktikası halını alıb. İşlər istədiyi kimi getmirsə, dağıdıcı fəaliyyətə əl atır. Bunun isə müxtəlif səbəbləri var. Daxili siyasət bir ölkənin xarici siyasət fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Ermənistanda siyasi liderlər əlverişsiz hesab edilən sülh müqaviləsinin müəyyən şərtlərinə qarşı çıxa bilən millətçi qrupların təzyiqi ilə üzləşir. Atəşkəsi pozmaq daxili dairələri sakitləşdirmək, sərt mövqe və milli maraqlara sadiqlik nümayiş etdirməyin bir parçası ola bilər. Yaxud Ermənistan atəşkəsi pozub, Azərbaycan qüvvələrinin əks-reaksiyasını təmin etməklə, vasitəçi tərəflərdən (Rusiya, ABŞ və ya ATƏT-in keçmiş Minsk qrupu kimi), beynəlxalq qınaq və ya dəstək əldə etməyi hədəfləyib. Bir tərəfdən də İrəvan iqtisadi problemlər, siyasi qalmaqallar və ya sosial iğtişaşlarla üz-üzədir. Bu cəhətdən gərginlik yaratmaq diqqəti daxili çağırışlardan yayındırmaq məqsədi güdə bilər. Bunların hamısı mümkün ehtimaldır. Lakin səbəbin nə olmasından asılı olmayaraq rəsmi İrəvanın bu kimi qeyri-konstruktiv mövqe ilə heç nə əldə edə bilməyəcəyi aydın məsələdir.

Atəşkəs pozuntuları onsuz da kövrək olan danışıqlar prosesini daha da çətinləşdirir. Bu cür hərəkətlər tərəflər arasında etimadı sarsıdır, davamlı sülhə nail olmağı çətinləşdirir. Atəşkəsin pozulması, həmçinin müqavilənin şərtlərinə də təsir göstərə bilər, çünki Azərbaycan təhlükəsizliyin təmin olunması üçün daha ciddi zəmanətlər və ya monitorinq mexanizmləri tələb edə bilər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".