Siyasət

"Xocalıya ədalət" -  dünyaya sülhdü

Qalib Liderimizin siyasi iradəsi sayəsində bu gün üçrəngli bayrağımız Xocalıda da dalğalanır

"Minə yaxın Xocalı sakini ermənilər tərəfindən girov götürülmüşdü. Girovların bir qismi Xankəndiyə, digər hissəsi Əsgərana aparılmışdı. Rusiyanın "Memorial" Hüquq-Müdafiə Mərkəzinin nümayəndələrinin uzun danışıqlarından sonra onlara girovlarla görüşməyə icazə verildi. Hüquq müdafiəçiləri deyirdilər ki, girovlar soyuq zirzəmidə ac saxlanılırdı. Onların arasında uşaqlar, qadınlar da vardı. Girovlar müxtəlif işgəncələrə məruz qalırdılar, kişilər vəhşicəsinə döyülür, qadınlara güc tətbiq olunurdu. Erməni faşizminin nə olduğunu ilk dəfə olaraq xocalılılar, ümumən azərbaycanlılar, həmçinin Mesxeti türkləri bildilər".

Bu fikirlərin müəllifi 1992-ci ilin fevral ayında Vilnüsdən Bakıya səyahət edən 23 yaşlı litvalı gənc Riçard Lapaitisdir: "Xocalı soyqırımı mənim həyat yolumu dəyişdi, hərbi jurnalist oldum", - deyən Riçard o zaman şahidi olduqlarını bu gün də ürəkağrısı ilə xatırlayır.

Dili, dini bizdən olmayan birisi girovlardan danışanda səsi titrəyir, cümlələri rabitəsiz və aramla ifadə edir, doluxsunur, göz yaşlarını içində boğurdu. Hiss edirdin ki, danışdıqca əzab çəkir, səsi, sözü, baxışları yaşadıqlarının acısını əks etdirirdi...

Ötən il Xocalı soyqırımının 30 ili tamam oldu. Doğrudur, soyqırımının bu ildönümünü, Xocalı qurbanlarının anım gününü fərqli şəkildə, qalib xalq kimi yad etdik, ancaq ürəyimizin yarası qaysaq bağlamamışdı, o yaralardan hələ də qan axırdı, günahsız insanların qanı... Xocalıya qan yaddaşımız, göz dağımız dedik, içimizi yandıran atəşin öləziyəcəyi, sönəcəyi günü gözlədik... İndi Xocalıda üçrəngli bayrağımız dalğalanır.

İllər boyu Xocalı soyqırımının dünyada tanıdılması ədalətli insanların əsas məqsədinə çevrildi. İstədilər ki, bütün dünya erməni vəhşiliyi, faşizmi haqqında həqiqətləri bilsin. Bəziləri vaxtilə Xocalı soyqırımının şahidi olan bütün jurnalistləri vicdanlarının səsini dinləməyə, gözləri ilə gördüklərini danışmağa, mediada yayımlamağa çağırdılar. Cinayətkarların, dinc xocalılıların qatillərinin, Xocalı soyqırımı cinayətkarlarının mütləq cəzalandırılmasını istədilər ki, onlar bir daha baş qaldırmasın, digər dövlətlərdə də dinc əhaliyə qarşı belə vəhşilik törədilməsin.

"Ömrümün axırına kimi Xocalı soyqırımını dünyaya tanıtdırmağa çalışacam. Bu faciəni bütün dünyaya çatdırmaq lazımdır", - deyən dünyaşöhrətli fotojurnalist Reza Deqati də 1990-cı illərdən başlayaraq Azərbaycana müntəzəm səfərlər edib işğal nəticəsində doğma yurdlarından didərgin salınmış, doğmalarını itirmiş insanları lentə alır. Tanınmış fotoqraf müxtəlif ölkələrdə bu mövzuda sərgilər təşkil edir, KİV-ə müsahibələr verir: "Təbii ki, müharibələr fəlakətdir, insanlar ölür, qaçqın, köçkün olur. Qarabağ müharibəsini dünyanın başqa müharibələri ilə müqayisə etmişəm. Bu müharibədə Azərbaycan insanlarının qarşılaşdığı erməni vəhşiliyi heç bir yerdə olmayıb. Xocalı soyqırımı müasir tarixdə baş verən ağlasığmaz bir faciədir. Müharibə belədir ki, tərəflər vuruşur, ölürlər. Bir də var ki, düşmən düşünülmüş şəkildə gecə girir evlərə, qadınların başına oyun açır, hamilə qadınların qarnını yarır, uşaqların başını kəsir, bu dəhşətdir...", - deyir Reza Deqati. Neçə illərdir ki, Xocalı həqiqətlərini dünyaya çatdırmağı özünün insanlıq, vəzifə borcu bilən məşhur fotoqraf bu yolda bəzən təzyiqlərlə də üzləşir, ona təhdidlər edilir. Lakin o, əqidəsindən, tutduğu yoldan dönmür, cinayətkarlara cəza istəyir... Təəssüf ki, bütün səylərə, soyqırımına dair fakt və sübutlara baxmayaraq, Xocalıda dinc əhalini qətlə yetirən hərbi cinayətkardan heç biri də cəzalandırılmadı. Bu qatillər yazdıqları kitablarda, memuarlarda Xocalı soyqırımını etiraf etdilər. Arkadi Tadevosyan kimi qatil siyasətçi müsahibələrində deyirdi ki, Xocalı soyqırımını bizdən siyasətçilər tələb edirdi. Siyasət tələb edirdi ki, olduqca çoxlu qan axıdaq. Axıdıldı da...

Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü şəkildə çalışmaq lazım gəlirdi. Elə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası da bu məqsədlə fəaliyyətə başladı və qısa zamanda müəyyən nəticə əldə olundu. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidə xalqa müraciətində bununla bağlı deyib: "Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, "Xocalıya ədalət" hərəkatı geniş beynəlxalq vüsət almışdır".

"Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində ilk tədbir İstanbulun "Taksim" metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı oldu. Kampaniya çərçivəsində təkcə Türkiyə deyil, Avropanın digər şəhərlərində də sərgilər təşkil edildi. 2008-ci il mayın 17-də İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və ISESCO-nun təşkilatçılığı ilə keçirilən iclasda 26 fevral Xocalı soyqırımı gününün bu beynəlxalq təşkilata üzv ölkələrdə humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması haqda mühüm qərar qəbul olundu. O vaxtdan bu beynəlxalq kampaniyanın dünya miqyasında daha geniş təbliği üçün informasiya kommunikasiyaları sistemlərindən səmərəli istifadə edilməyə başlandı. Kampaniyanın virtual aləmdə yayılması və bu qəbildən olan silsilə tədbirlərin sistemləşdirilməsi məqsədilə yaradılan internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır.

Aparılan məqsədyönlü iş nəticəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının miqyası hər il genişlənir, bu istiqamətdə görülən tədbirlər müsbət nəticələr verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla bağlı deyib: "Xocalıya ədalət" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik".

Bu gün dünya birliyi Xocalıda insanlığa qarşı törədilmiş ən ağır cinayətin günahkarlarını pisləyir. Doğrudur, bu bir uğur, nailiyyət hesab oluna bilər, ancaq söhbət cinayətdən gedir və cinayət cəzasız qalmamalıdır.

31 ildir ki, biz dünyadan bunu gözləyirdik: cinayətkara layiqli cəza! Nəhayət ki, istədiyimizə çatdıq. 3 il əvvəl Vətən müharibəsində qələbə qazanan Azərbaycan əsgəri Ali Baş Komandanın növbəti "silaha!" əmri ilə suverenliyimizi tam bərpa etdi. Xocalıya da üçrəngli bayrağımız sancıldı. Bax, budur ədalət! Xocalıda əsl ədaləti elə biz özümüz təmin etdik.

İndi ruhlar şaddır, o dəhşətləri yaşayanların üzü gülür, doğma yurda qayıdışı gözləyir. İndi cinayətkarlar qanun qarşısında cavab verirlər. Onlar üçün ən ağır cəza isə budur: Biz Xocalıya qayıtmışıq...

Zümrüd QURBANQIZI,

"Respublika".