Ermənilər heç zaman deportasiyaya məruz qalmayıb
Siyasət

Ermənilər heç zaman deportasiyaya məruz qalmayıb

"Qaçqın" statusundan faydalanmaq üçün hayların yalan üyüdən dəyirmanı yenidən işə düşüb

"O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılması, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya Dağlıq Qarabağda 90 min erməni qaçqın olub. Yalandır. Mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq. Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik". Bu fikirləri Prezident İlham Əliyev 2020-ci ilin noyabrında xalqa müraciətində bildirib.

Ermənilər "deportasiya" məsələsini tez-tez gündəmə gətirirlər. Elə ki, onların saxtakarlıq və yalan üyüdən dəyirmanı işə düşür, ağına-bozuna baxmadan, əsassız iddialar, həqiqətə uyğun olmayan "faktlar" səsləndirirlər. Hələ İkinci Qarabağ müharibəsindən bir qədər əvvəl erməni mediasında bu ruhlu məlumatlar yayılmağa başladı. Guya ki, 1949-cu il iyunun 14-də ermənilər Ermənistan SSR-in, xüsusən də Rusiyanın müxtəlif vilayətlərinə "deportasiya" ediliblər. Doğrudur, o dövrdə müxtəlif xalqlar, etnik qruplar SSRİ rəhbərliyi tərəfindən sürgün edilirdilər, amma o xalqların arasında ermənilərin adları ilk dəfə idi ki, çəkilirdi, o da özləri tərəfindən...

Erməni mediası yazırdı: "SSRİ-də müxtəlif xalqların tamamilə və ya qismən deportasiyası 1919-cu ildən 1953-cü ilə qədər həyata keçirilib və mövcud hesablamalara görə, təxminən 6,15 milyon insan deportasiya olunub. Kabardin balkarlar, inquşlar, kalmıklar, qaraçaylar, krım tatarları, çeçenlər, almanlar, Məhsəti türkləri Sibirə, Qazaxıstana və Orta Asiyaya sürgün ediliblər. 1936-1937-ci illərdə Ermənistanda etnik deportasiyalar baş verib və ermənilər kürdlərlə birgə iki dəfə "deportasiya" olunublar".

1949-cu ildə isə daşnakların Ermənistandan deportasiya edildiyini iddia edən erməni mediası əsassız olaraq bildirirdi ki, etnik ermənilərin SSRİ-nin müxtəlif yerlərinə köçürülməsi "Repressiya edilmiş şəxslər haqqında" Qanunda əks olunmur. Onlar qeyd edirdilər ki, Türkiyədən köçürülən ermənilər də "deportasiya edilib".

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rüsvayçı məğlubiyyəti və 3 rayonumuzun da azad edilməsinin labüdlüyü qarşısında guya erməni əhalinin, eləcə də "xristian abidələri"nin də məhv olacağı uydurmasını yaymağa cəhd edirdi. Paşinyanın xarici mediaya müsahibələrində ortaya qoyduğu yalanlardan biri də Qarabağdan saxta "erməni qaçqın" sayının artırılması ilə bağlı idi. Demoqrafik tənəzzülü ört-basdır etməyə çalışan ermənilərə görə Azərbaycanın "işğalçılardan azad Qarabağ" ifadəsi "ermənilərsiz Qarabağ" anlamına gəlirdi.

Ermənistanın keçmiş prezidenti Aram Sarkisyan deyirdi: "Biz nəinki bu müharibədə, həmçinin demoqrafik müharibədə də məğlub olmuşuq. 90-cı illərdə əhalinin sayı necə 100 min nəfər idisə, 30 ildə də elə qaldı. Halbuki bu rəqəmi müxtəlif yollarla ən azı 500 minə çatdırmaq bizim borcumuz idi. Əsgərin arxasında 100 min insanın durması bir, 500 min əhalinin dayanması başqa məsələdir".

Beləliklə, otuz ildə bölgədə azalaraq iflas həddinə çatan erməni əhalinin məhv olacağı ilə bağlı saxta hay-küyün yerinə yenisi ortaya atıldı. Guya bölgədən 90 min erməninin qaçqın düşməsi ilə bağlı yalanlar gündəmə gəldi. Əslində isə işğalın davam etdiyi son 3 onillikdə Ermənistanda və Qarabağda baş verən demoqrafik prosesin sübutuna ehtiyac yoxdur. Doğrudur, qondarma rejimdə obyektiv demoqrafik tədqiqatlar aparmağa imkanı olmayıb, ancaq BMT-nin, erməni rəsmilərinin, alimlərinin və xarici ekspertlərin təhlili Qarabağın iflasa uğramış demoqrafik mənzərəsini aydın göstərir.

Qarabağdan gedən ermənilərin sayının saxtalaşdırılması cəhdləri elə erməni rəsmilərinin açıqladığı bir-birinə zidd rəqəmlərlə də ifşa olunurdu. Məsələn, 2020-ci il oktyabrın 24-də Ermənistan XİN rəhbəri Z.Mnasakanyan 90 min qaçqın olduğunu dediyi halda, bilavasitə aidiyyəti qurum, ölkənin əmək və sosial məsələlər nazirinin müavini Tatevik Stepanyan noyabrın 5-də, döyüşlərin bitməsi ərəfəsində xarici mediaya bildirirdi ki, Qarabağdan Ermənistana təxminən 40 min adam gəlib. Yəni 50 min qaçqın sayının XİN tərəfindən aşkar şişirdilməsi göz önündədir. Müharibədən, atəşkəs razılaşması imzalandıqdan sonra sülhməramlıların bölgəyə qaytardığı ermənilərin sayında da saxtakarlıq edilirdi. Rusiya Müdafiə Nazirliyinin "Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti"nin rəsmi saytında 14-24 noyabr tarixlərində 8480 nəfərin qayıtdığı bildirilirdi. Bu rəqəmlərdən bixəbər olan mövcud olmayan rejimin "rəhbəri" Arayik Harutyunyan isə noyabrın 22-də Paşinyanla görüşündə "son 5 gündə 25 min qaçqının qayıtdığını" demişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində erməni "qaçqın"larla bağlı dediyi "yeni erməni saxtakarlığı və uydurması"nın bariz nümunəsi də elə budur. Daha bir fakt. Xankəndinin "sabiq merinin müavini "Müharibədən əvvəl burada yaşayan 50 min əhalinin 50 faizi hələ şəhərdə qalıb" deməklə, saxtakarlığı ört-basdır etməyə çalışdığı halda, döyüşlərin son günlərində şəhərdən yayımlanan reportajların hamısında "şəhərdə kimsənin qalmadığı" nümayiş etdirilirdi. Buna deyərlər tragikomediya...

Sentyabrın 19-20-də Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qondarma rejim ləğv edildi, separatçılar qovuldu. Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər altında yaşamağı qəbul etməyən ermənilər könüllü şəkildə bölgəni tərk etməyə başladılar. Ermənistanın qaçqın statusu ilə bağlı yalan maşını yenidən işə düşdü. Yenə də yalan, saxtakarlıq. İndi Ermənistan Qarabağdan gedən ermənilərə qaçqın statusu vermək, bunun müqabilində dünyadan yardım almaq istəyir. Şişirdilmiş rəqəmlər səsləndirməklə məsələni gündəmdə saxlamağa çalışır. Üstəlik buradan gedən ermənilərin problemlərini həll etməməklə vəziyyəti bir az da gərginləşdirir...

Ümumiyyətlə, ermənilər heç zaman sürgün olunmayıb, deportasiyaya məruz qalmayıblar. Tarixin amansız repressiya dövründə başqa xalqları güdaza versələr də, SSRİ rəhbərliyinə yarınmaq, onların xeyrinə casusluq etməklə özlərini repressiyadan xilas ediblər. Kiməsə yarınmaq, arxadan zərbə vurmaq isə onların çoxdankı peşəsidir.

Zümrüd QURBANQIZI,

"Respublika".