DAVAMLI İNKİŞAFIN YENİ DÖVRÜ
Siyasət

DAVAMLI İNKİŞAFIN YENİ DÖVRÜ

Çinin şimal-qərbində və Avrasiya qitəsinin daxili hissəsində yerləşən Sincan-Uyğur Muxtar Vilayəti 1,66 milyon kvadratkilometr əraziyə malikdir. 5700 kilometrdən çox uzanan quru sərhədi vasitəsilə səkkiz ölkə ilə həmsərhəddir. Sincan Çinin ən uzun quru sərhədi olan inzibati bölgəsidir. Bu məkan qədim İpək Yolunun mühüm həlqələrindən biri idi.

Sincan qədim zamanlardan çoxmillətli bölgə olub. Burada 56 etnik qrup, o cümlədən uyğurlar, hanslar, qazaxlar, monqollar, huilər, qırğızlar, mançular, xibelər, taciklər, daurlar, özbəklər, tatarlar, ruslar və s. yaşayır. 2021-ci ilin sonunda Sincanda daimi yaşayanların ümumi sayı 25,89 milyon nəfər olub. Hazırda bölgədə beş muxtar prefektura, beş prefektura və dörd prefektura səviyyəli şəhər, Urumçi, Karamay, Turpan və Hami daxil olmaqla 14 prefektura səviyyəli inzibati bölmə var.

Sincan-Uyğur Muxtar Vilayəti 1990-cı illərdən bəri separatçı hərəkatlar və terror aktları kimi ciddi problemlərlə üzləşib. Bu çağırışlar mürəkkəb dinamikaya malik olmaqla yanaşı, xarici təsirlər və xarici maliyyələşdirmə ilə birbaşa əlaqədar idi.

Sincanın tarixində 2014-2018-ci illər müxtəlif Qərb mənbələrindən dəstək və maliyyə alan terror təşkilatlarının İslam dəyərlərini "qorumaq" şüarları ilə hərəkətə keçdiyi çətin dövr kimi yadda qaldı. Xüsusi vurğulamaq lazımdır ki, İslam bir din olaraq yalnız sülhü, xeyirxahlığı təbliğ edir, hər cür zorakılığı pisləyir.

Qeyd etmək lazımdır ki, həm Çin, həm də Azərbaycan təkcə daxili təhlükəsizliyini deyil, həm də ərazi bütövlüyünü təhdid edən terrorizm və separatizm çağırışları ilə üzləşmişdi.

Ötən əsrin 90-cı illərində Azərbaycan Qarabağda separatizm dalğasına və Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı ki, bu da ərazisinin 20 faizinin işğalına səbəb oldu. Separatizm və qanlı terror aktları bütün Cənubi Qafqazda regional sabitliyə və təhlükəsizliyə təhdid yaradırdı. Lakin Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdi. Ona görə də iki ölkə arasında separatizm və terrorizmə qarşı mübarizə, sülhün və sabitliyin bərpası istiqamətində təcrübə mübadiləsi Azərbaycan və Çin üçün xüsusi əhəmiyyət kəsb edir.

Çin rəhbəri Si Cinpinin uzaqgörən siyasəti, habelə Sincan əhalisinin səyləri nəticəsində vəziyyət dəyişməyə başlayıb. Dövlət separatizm və terrorizmə qarşı mübarizə, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirib. Sincan əhalisi ictimai təhlükəsizliyin möhkəmləndirilməsində və ekstremizmə qarşı mübarizəyə fəal surətdə qoşulub.

Bununla belə, Qərb mediası Sincanda baş verən hadisələri qərəzli şəkildə işıqlandırırdı. Onlar xəbər və şərhlərində ikili standartlar tətbiq edirdilər. Maraqlıdır ki, heç vaxt Sincan-Uyğur Muxtar Vilayətinə səfər etməyən jurnalistlər və analitiklər Çinin bu əyalətindəki vəziyyəti özlərinə uyğun tərzdə şərh etməyə çalışıblar. Bizə bu vəziyyət çox yaxşı tanışdı. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı bir çox Qərb mediası tərəfindən Azərbaycanın reallaşdırdığı əks-hücum əməliyyatı ədalətsiz şəkildə işıqlandırıldı. Azərbaycanın, o cümlədən Qarabağ iqtisadi rayonunun xəritədə dəqiq harada yerləşdiyini belə bilməyən insanlar ölkəmizin öz suveren ərazisində hərəkətləri barədə mülahizələrini və dəyərləndirmələrini irəli sürməyə çalışırdılar.

Feyk xəbərlərin və saxta reportajların qarşısının alınması üçün hansı tədbirlərin görüldüyü ilə bağlı "Respublika" qəzetinin sualına cavab olaraq Çin Kommunist Partiyasının Sincan-Uyğur Muxtar Vilayəti Komitəsinin təbliğat şöbəsinin müdir müavini və Sincan Xarici Əlaqələr İdarəsinin lider partiya üzvləri Qrupunun katibi Süy Quysianq obyektivlik naminə hadisələrin işıqlandırılması məsələnin mahiyyətinin anlaşılmasını tələb etdiyini söylədi. Yəni Sincanı tanımaq, bilmək çox vacibdir: "Biz təbii ki, Qərb mediasının Sincan bölgəsindəki vəziyyət barədə materialları hərtərəfli, olduğu kimi və obyektiv dərc edilməsini istəyirdik. Ona görə də müvafiq tədbirlər reallaşdırdıq və xeyli iş gördük. Əvvəla, muxtar bölgəmizdəki vəziyyətlə tanış olmaq üçün, xüsusən Qərbdən media nümayəndələrini dəvət etdik və xeyli sayda Qərb jurnalistlərinin Sincana gəlməsi təmin olundu. Onlar məscidlərə, məktəblərə, müxtəlif müəssisələrə baş çəkdilər. Xüsusilə, onları Təlim, Tədris və Təhsil Mərkəzlərinə dəvət etdik. Bəzi media nümayəndələri səfər zamanı bölgədəki əsl vəziyyətlə tanış olub və bunu öz reportajlarında əks etdiriblər. Ancaq reallığı təhrif edən jurnalistlər də tapıldı. İkincisi, biz media nümayəndələri üçün mətbuat konfransları təşkil etdik və 2020-ci ildən bu yana 680-dən çox mətbuat konfransı keçirdik. Bu tədbirlərdə əhalinin aztəminatlı təbəqələri də daxil olmaqla 1000-dən çox vətəndaş iştirak edərək ərazidəki əsl vəziyyətdən danışıblar. Düşünürəm ki, bu, medianı Sincan-Uyğur Muxtar Vilayətindəki real vəziyyətlə tanış etmək üçün effektiv üsul idi. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Regionda sabitliyin əldə olunmasında daha bir mühüm amil Sincan iqtisadiyyatının inkişafı oldu. İnvestisiya və infrastrukturun modernləşdirilməsi sayəsində rayon iqtisadi artımın yüksək səviyyəyə qalxdığı mərkəzlərdən birinə çevrilib. Bu proses həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun stimullaşdırılması ilə müşayiət olundu. Bölgənin ÜDM-i 2012-ci ildəki 741,183 milyard yuandan 2021-ci ildə 1598,365 milyard yuana yüksəlib və orta illik artım tempi 7,5 faiz təşkil edib. Adambaşına düşən ÜDM 2012-ci ildəki 33,103 yuandan 2021-ci ildə 61,725 yuana yüksəlib, orta illik artım 5,8 faiz təşkil edib.

Urumçidə böyük filialı olan uğurlu Çin şirkətlərindən biri Asiya İnnovativ Enerji Şirkətidir (ASIAE). Bu, memarlıq örtüklərinin, istilik izolyasiyalı dekorativ panellərin, yeni odadavamlı və istilik izolyasiyalı dekorativ və suyadavamlı materialların tədqiqat və inkişafı, istehsalı və xidmətini birləşdirən qabaqcıl, yüksək texnologiyalı bir müəssisədir. Şirkət ardıcıl 12 ildir ki, "Çin İnkişaf Müəssisələrinin ən yaxşı 500 üstünlük verilən təchizatçılar" arasında yer alır, istilik izolyasiya materialları və istilik izolyasiyası üçün dekorativ hazır panellərin istehsalında birinci, Çində örtüklərin istehsalında isə üçüncü yerdədir. 2017-ci ildə ASIAE Şanxay Fond Birjasında qeydə alınıb. Beləliklə, şirkət səhmləri Çinin əsas enerjiyə qənaət və hazır materialları birjasında yer alan ilk səhmdar cəmiyyətdir. 2020-ci ildə şirkət rəqəmsal transformasiya yoluna qədəm qoyub və müasir müəssisə və onlayn biznes, onlayn rəqəmsal texnologiyalar və onlayn-təşkilediciliyi reallaşdıran rəqəmsal əməliyyat müəssisəsinə tam şəkildə çevrilməyə can atır.

Sürətlə böyüyən və davamlı inkişaf yolunda olan avtomobil istehsalı konserni Guangzhou Automobile Group-u (GAC) da qeyd etməyə dəyər. Bu istehsalçının avtomobilləri azərbaycanlı avtomobil həvəskarlarına yaxşı tanışdır. Amma az adam bilir ki, GAC elektrik avtomobilləri keyfiyyət və satış həcminə görə dünyada Amerikanın Tesla və Çinin BYD istehsalçılarından sonra üçüncü yeri tutur. GAC Qrupunun Sincan filialı istehsalın maksimum avtomatlaşdırılması ilə xarakterizə olunur. Bütün komponentlər 200 kiloqrama qədər yükqaldırma qabiliyyətinə malik robotlar tərəfindən konveyerə çatdırılır, montaj avtomatlaşdırılıb, insanlar sadəcə olaraq konveyerə nəzarət edir və istehsal prosesinə minimal şəkildə müdaxilə olunur. Zavodun ərazisində, demək olar ki, insan gözə dəymir. Şübhəsiz, bu müəssisə gələcəyin müəssisəsi təəssüratını yaradır. Təsadüfi deyil ki, GAC konveyerindən çıxan avtomobillərə təkcə Çində deyil, bütün dünyada yüksək tələbat var.

Son dövrlər Sincanın kənd təsərrüfatında da davamlı irəliləyişlər əldə edilmişdir. Hökumət kəndlərin dirçəldilməsi strategiyasını həyata keçirir, taxılçılıq, pambıqçılıq, meyvəçilik və heyvandarlıqla təmsil olunan müasir kənd təsərrüfatı istehsalı yüksək səmərəli və keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. 2021-ci ildə ümumi taxıl istehsalı 17,358 milyon tona çatıb. Ərzaq təhlükəsizliyinə səmərəli təminat verilir. Ümumi pambıq istehsalı 5,1285 milyon tona qaldırılmışdır ki, bu da ölkənin ümumi istehsalının 89,5 faizini təşkil edir, keyfiyyət göstəriciləri də davamlı olaraq yaxşılaşdırılır. Sincan Çində heyvandarlıq istehsalının 126,6 milyard yuana çatdığı mühüm heyvandarlıq bazasıdır. Əsas bitkilərin becərilməsi və yığımının kompleks mexanikləşdirilməsi səviyyəsi 85,48 faizə çatıb ki, bu da ölkədə ən yüksək göstəricidir.

Sincan həm də özünəməxsus mədəniyyəti, tarixi və təbii gözəlliyi ilə dünyanın bir çox yerindən insanları cəlb edən məşhur turizm məkanına çevrilib. Turizm sənayesi sürətlə inkişaf edir. Bu da təsadüfi deyil, çünki rayon mədəni turizm resursları ilə zəngindir və inkişaf üçün böyük potensiala malikdir. Möhtəşəm və bənzərsiz mənzərələri olan təbiət möcüzələri var. Məşhur turizm istiqamətləri arasında Cənnət Gölü, "yer üzündə cənnət" Kanas gölü, "yaşıl sahil", Turfandakı Üzüm Vadisi, "havalı çöl" Narat çəmənlikləri və Koktokay geoloji möcüzəsi var. 2013-cü ildə Tyan-Şan dağları, eləcə də Sincandakı gözəl Tyançi gölü təbiət abidəsi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2018-ci ilin sentyabr ayında Altay şəhəri "Çinin Qar Paytaxtı" milli iqlim nişanı ilə təltif edilib.

"Turizm vasitəsilə Sincan şəhərinin canlandırılması" strategiyası uğurla həyata keçirilir və turizm infrastrukturu daim təkmilləşdirilir. Bundan əlavə, avtomobil turları və ailə turizmi ilə yanaşı, mədəni turizm, sənaye turizmi kimi digər yeni sahələri də sürətlə inkişaf edir. Muxtar bölgədə 644 A səviyyəli mənzərəli yerlər var, o cümlədən 17 milli 5A səviyyəli mənzərəli yerlər Çinin şimal-qərbində birinci yerdədir və bütün ölkədə ən yaxşılardan sayılır. Narat turizm kurortu milli turizm kurortu kimi tanınır. Urumçidəki Sincan Beynəlxalq Böyük Bazarı və Yinin Altı Ulduz Yolu dövlət səviyyəli turizm və istirahət rayonları kimi təyin edilib. Urumçi, Şihezi, Turpan və Alar mədəniyyət və turizm səfərləri üçün milli pilot şəhərlər seçilib. "İpək Yolu" beynəlxalq kurortu ölkənin ən yaxşı on xizək kurortundan biridir. Altay şəhəri və Nanşan Urumçi milli xizək turizm kurortları siyahısına ilk daxil olanlar sırasında olub.

Sincan, həmçinin dərin tarixi və mədəni irsə malikdir. 5000 kilometrdən çox uzanan qədim İpək Yolunun cənub, şimal və mərkəzi marşrutları boyunca çoxsaylı mədəni landşaft qalıqları, o cümlədən qədim mədəniyyət abidələri, türbələr və mağaralar səpələnmişdir. Regionda 9542 daşınmaz mədəniyyət abidəsi, o cümlədən altı Dünya Mədəni İrs obyekti var.

Sincan etnik baxımdan, zəngin bölgədir, burada hər bir etnik qrupun özünəməxsus mədəniyyəti, incəsənəti, geyimi və milli mətbəxi var. Bunu Sincan İncəsənət İnstitutuna baş çəkərək əyani şəkildə görə bilərsiniz. Burada əsasən bölgədə yaşayan türkdilli xalqların nümayəndələri təhsil alırlar. Dövlət muxtariyyətin bütün etnik qruplarının mədəni irsinin qorunması üçün hər şeyi edir. Məsələn, Sincan müxtəlif və rəngarəng etnik rəqslərinə görə "mahnı və rəqs vətəni" kimi tanınır.

Bu gün Sincan keçmişdəki çətin sınaqları geridə qoyaraq davamlı inkişafın və müxtəlif etnik qrupların yaxınlaşmasının parlaq nümunəsinə çevrilir.

Təbii ki, Sincan-Uyğur Muxtar Vilayətinin timsalında təhlükəsizliyin təmin edilməsi, mürəkkəb çağırışların aradan qaldırılması, davamlı və uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi məsələlərində Çin və Azərbaycan təcrübə mübadiləsi apara və bir-birindən çox şey öyrənə bilər. Hər iki dövlət öz xalqlarının sabitliyini və rifahını təmin etməyə yönəlmiş müdrik siyasət yürüdür.

Belə təcrübə mübadiləsi Çin ilə Azərbaycan arasında əməkdaşlığın və tərəfdaşlığın, o cümlədən regional və qlobal sabitliyin möhkəmlənməsinə, habelə dövrün çağırışlarının öhdəsindən gəlməsi işinə mühüm töhfə verə bilər.

Emin QASIMOV,

"Respublika".