Xeyriyyəçilik missiyası
Tarixi şəxsiyyətlər

Xeyriyyəçilik missiyası

Şərqin ilk mesenatı, Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından biri, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev özündən sonra dərin izlər qoyub. 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olan Zeynalabdin elə uşaq olarkən anası ilə əbədi vidalaşmalı olub. Həmin vaxtlardan bütün ailənin yükünü öz balaca çiyinlərinə alıb. 10 yaşında atasının göstərişi ilə bənna yanında usta köməkçisi kimi işə başlayıb. Məktəbə gedib, təhsil almaq əvəzinə, balaca Zeynalabdin daş yonub, toz-torpaq içində alın təri ilə pul qazanıb. Çox keçmədən əsl bənna kimi işləməyə başlayıb. İnsanın qabiliyyəti varsa, hansı işdə olmasından asılı olmayaraq nailiyyət qazanır. Bu, həqiqətən də belədir. Zeynalabdin yavaş-yavaş gördüyü işlərlə tanınmağa başlayıb. Qısa zamanda o, insanlar arasında tikinti ustası və təşkilatçısı kimi ad qazanıb.

İdarəçilik qabiliyyəti Tağıyevdə gənc yaşlarından özünü büruzə verib.  Hələ 20 yaşı olanda ev tikintisi və daşyonma işlərinə başlayıb,  işə birbaşa özü nəzarət edib. Tikintidəki dəst-xətti sonradan yaşadığı, şəxsən açdırdığı Qızlar Gimnaziyasının binalarında da hiss edilirdi. Gənc Zeynalabdin sonradan özünü ticarətdə və yüngül sənayedə də sınayıb. Hər ikisində uğur qazanıb, dükanlara sahib olub. Onun ticarət və tikinti bilgisi, üstün zəkası karyerasına müsbət təsir göstərib. Getdikcə sərvətini artıran və işini böyüdən Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürüb. Avadanlıq alıb, usta və fəhlələr tutub, quyu qazdırmağa başlayıb. Lakin günbəgün xərc artır, neft isə görünmürdü. Vaxt keçdikcə şəriklər ümidlərini itirir, öz hissələrini satmağa müştəri axtarırlar. Bütün bunları görən Zeynalabdin axırda şəriklərinin pulunu verib, buruğun tək sahibi olur. Bundan sonra vəziyyət daha da pisləşir. İş daha da ağırlaşır. Bütün bunlara baxmayaraq,  Tağıyev bu dəfə də yanılmır. Quyu gözlənilmədən fontan vurur. Bundan sonra başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdinin həyatı tamamilə dəyişir. Kasıbçılıq içində böyüyən Tağıyev milyonçu olur. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.

Hacı Zeynalabdin təhsilə, mədəniyyətə və sosial rifaha böyük töhfələri ilə tanınıb. Tağıyevin xeyriyyəçilik fəaliyyəti Azərbaycanın tərəqqisinə də  təsirsiz qalmayıb və ona "Azərbaycan mesenatı" ləqəbini qazandırıb. Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinin əsasını təşkil edən sahələrdən biri də təhsil olub. O, məktəblərin və təhsil müəssisələrinin tikintisinə külli miqdarda vəsait ayırıb. Maarifçi Gəncədə, Naxçıvanda, Şamaxıda və Tiflisdə məktəblərin xeyrinə pul ödəyib. Tağıyev, həmçinin Bakı Dövlət Universitetinin qurulması üçün də xeyli vəsait ayırıb. Xeyriyyəçi, 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbini tikdirib. Bəzi mənbələrdə deyilir ki, qızlar məktəbinin inşasını xanımı Sona təklif edib, çünki o, gənc yaşda evlənib və təhsil ala bilməyib. Bu məktəb bütün Zaqafqaziyada yeganə qızlar məktəbi olub.

Xalq kitabxanalarının yaradılmasında da Tağıyev həlledici rol oynayıb. Onun sonralar Azərbaycan Milli Kitabxanasına çevrilən Bakı Xalq Kitabxanasının inkişafında böyük xidmətləri olub. H.Z.Tağıyevin kitabxanalara dəstəyi savadlılığın artırılmasına yönəlib. Xeyriyyəçi həm də incəsənətin, mədəniyyətin hamisi idi. O, Azərbaycan Milli Dram Teatrının tikintisinə dəstək verib. Onun mədəniyyət müəssisələrinə verdiyi töhfələr cəmiyyətin intellektual səviyyəsini zənginləşdirmək məqsədi daşıyıb. Tağıyev səhiyyə ilə bağlı xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub. O, Bakıda və onun hüdudlarından kənarda səhiyyə xidmətinin yaxşılaşdırılması naminə xəstəxana və poliklinikaların tikintisinə və təmirinə maliyyə dəstəyi göstərib.

Tağıyevin məscidlərin tikintisi və təmirində də xidmətləri olub. O, müxtəlif sosial rifah təşəbbüslərini, o cümlədən aztəminatlılar üçün uşaq evləri və sığınacaqların maliyyələşdirilməsini dəstəkləyib. Onun xeyriyyəçilik fəaliyyəti Azərbaycan cəmiyyətinin həssas təbəqələrinin ehtiyaclarını qarşılamaq məqsədi daşıyıb. H.Z.Tağıyev konkret sektorlarla yanaşı, ümumi infrastrukturun inkişafına da sərmayə qoyub. O, rayonun ümumi tərəqqisinə və müasirləşməsinə töhfə verərək yolların, körpülərin və digər ictimai obyektlərin tikintisinə nail olub. Bu həm də onun Azərbaycan cəmiyyətinin rifahına və tərəqqisinə sadiqliyini əks etdirir. Xeyriyyəçi Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Belə ki, xaricdən dəvət edilən mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu təsbit edir. Lakin Şollar kəmərinin çəkilişi lazımi vəsaitin yoxluğu və layihənin əleyhdarlarının çox olması səbəbindən uzanıb. Çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir və bundan sonra Şollar su kəməri layihəsinin tikintisinə başlanılır.

H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti geniş və çoxşaxəli olub. Təkcə Azərbaycan sərhədlərində yox, həm də xarici ölkələrdə də onun izlərini görmək olur. Belə ki, bəzi məlumatlara görə, o, Pakistana yayılmış pandemiya zamanı yardım göndərib. Bu dəstəyə görə çox sayda insan xəstəlikdən xilas olub.

Böyük xeyriyyəçinin həyatının kökündən dəyişdiyi dönəm isə 1920-ci ilə Sovet Rusiyasının Azərbaycanı işğal etdiyi vaxta təsadüf edir. Belə ki, insanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilirdi. Zeynalabdin də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, sovet hökuməti Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir. Bundan sonra vəziyyət daha da ağırlaşır. Lakin xeyriyyəçiyə vəfa borcu olan yüzlərlə insanın xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Zeynalabdin Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır. Lakin çox keçmir ki, Tağıyev dünyaya gözlərini əbədi yumur. Onun dəfni böyük izdihamla müşayiət olunur. Şərqin böyük xeyriyyəçisinin evi bu gün muzey kimi istifadə edilir. Onun xeyirxahlığı Azərbaycanda və dünyanın müxtəlif bölgələrində hələ də xatırlanır.

Töhfə SƏMƏDOVA,

Nurcan SÜLEYMANOVA,

"Respublika".