Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya həftəsi
Elm və təhsil

Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya həftəsi"nin açılış mərasimi olub

İyulun 7-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri" mövzusunda "Diplomatiya həftəsi"nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş gənclərin iştirakı ilə keçirilən "Diplomatiya həftəsi" iyulun 7-dən 16-dək baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "Şuşa İli" çərçivəsində həyata keçirilən layihə zamanı iştirakçıların postmünaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılması nəzərdə tutulur. "Diplomatiya həftəsi" çərçivəsində XİN, habelə digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, deputatlar, müstəqil ekspertlərlə görüşlərinin keçirilməsi, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərin təşkili nəzərdə tutulub.

Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.

Nazir Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək builki "Diplomatiya həftəsi"nin iştirakçıların Azərbaycanın bölgədə sülh, quruculuq, inkişaf və tərəqqi gündəliyi barədə geniş məlumat əldə etməsi üçün yaxşı fürsət yaradacağını bildirib. Diplomatiya Könüllülərinin Xarici İşlər Nazirliyinin fəaliyyətinə böyük töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, bu yaxınlarda XİN-ə Dövlət İmtahan Mərkəzi xətti ilə təşkil olunan işə qəbul imtahanının iki mərhələsini uğurla keçən namizədlər arasında 8 diplomatiya könüllüsünün olduğunu məmnunluqla qeyd edib.

Çıxışında nazir Ceyhun Bayramov, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması, üçtərəfli bəyanatların icrasının təmin edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Gənclərimizin münaqişədən sonra bölgədə yaranmış yeni reallıqlar barədə məlumatlandırmasının vacibliyini qeyd edən nazir bu imkanların gələcəkdə bir reallığa çevrilməsi işində Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Sonra Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb.

İştirakçıları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev diplomatik fəaliyyətindən, təcrübəsindən çıxış edərək bu sahə üzrə öz tövsiyələrini gənclərlə bölüşüb.

"Diplomatiya həftəsi"nin ilk günündə növbəti görüş Türkiyənin ölkəmizdəki səfirliyində səfir Cahit Bağçı ilə baş tutub. Postmünaqişə dövründə Türkiyə və Azərbaycan münasibətləri, bölgədə yaranmış yeni reallıqlardan danışan səfir Cahit Bağçı, Türkiyə və Azərbaycan arasında mövcud qardaşlığın, müttəfiqliyin bariz nümunəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb və bu sənədin gənclər tərəfindən dərindən öyrənilməsini tövsiyə edib. Sonda səfir Cahit Bağçı iştirakçıları maraqlandıran sualları cavablandırıb.

AZƏRTAC