Qarabağ Universiteti bölgənin təhsilinə yeni imkanlar yaradacaq
Elm və təhsil

Qarabağ Universiteti bölgənin təhsilinə yeni imkanlar yaradacaq

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdəki mənzərə hər bir azərbaycanlıda təəssüf doğurmuşdu. Ötən 30 il ərzində düşmən bu yerləri əsl cəhənnəmə çevirmişdi. Şəhərlər, kəndlər bütünlüklə tanınmaz hala düşmüşdü. Bir vaxtlar çal-çağırlı, toy-bayramlı Qarabağ sanki gördüyü faciələrin dəhşətindən susub yuxuya getmişdi.

Vətən oğlunun iradəsi, mərdliyi və döyüş əzmi Qarabağın əvvəlki əhvalını özünə qovuşdurdu. Torpaq, yurd nisgilinə, həsrətinə son qoydu. Hər dağın, daşın üzü güldü. Çiçək açdı atəş açılan düzənliklər. Yamacları bürüyən topun, tüfəngin səsini tikib, quran insanların külüng, çəkic səsi əvəzlədi. Xain düşmənin söküb dağıtdığı, od vurub yandırdığı yurd yerlərimiz bir-bir tikilib, qarabağlıların istifadəsinə verilir. Ölkə başçısının da dediyi kimi, Qarabağ yenidən cənnətə çevrilir. Dövlətin həyata keçirdiyi Böyük Qayıdış planına uyğun olaraq tikinti-quruculuq işləri nəticəsində kənd və şəhərlərə keçmiş məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndindən start götürən tikinti-quruculuq işləri Laçını, Kəlbəcəri əhatə etdi.

İndi təkcə ağalılılar deyil, Talış kənd sakinləri, laçınlılar, zabuxlular da yurduna, yuvasına qovuşanlar sırasındadır. Onların sevincinə füzulililər də qoşulurlar. Növbəsini gözləyənlər arasında isə Ağdam şəhəri "səbirsizlik" göstərir. Böyük Qayıdış proqramına əsasən, 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək. Onu da qeyd edək ki, artıq şəhərdə Ağdam Konfrans Mərkəzinin və 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşıb. İlk yaşayış məhəlləsinin, "Ağdam Residence" yaşayış kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, "Park Qarabağ" yaşayış kompleksinin tikintisi isə davam edir. Ağdam Cümə məscidində görülən bərpa işləri yekunlaşmaq üzrədir. İqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə rayonda sənaye parkı yaradılır. Vəhşi düşmən tərəfindən tanınmaz hala salınan və "Qafqazın Xirosiması" adlandırılan Ağdam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə yaxın zamanlarda regionun ən gözəl şəhərlərindən birinə çevriləcək.

Şəhərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası geniş olduğu və böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün Ağdama keçmiş məcburi köçkünlərin yerləşdirilməsi gələn ilin sonuna nəzərdə tutulub. Təxminlərə görə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılır. Ağdam işğala qədər Azərbaycanın ən gözəl, inkişaf etmiş rayonları sırasında ilk yerlərdə dayanırdı. Rayon ərazisinin olduqca səfalı, münbit təbiətə malik olması xeyli gəlirli və faydalı imkanlar yaradırdı. Dövlətin prioritet məsələlərindən biri Ağdamın keçmiş şöhrətini özünə qaytarmaqdır. Elə bütün bunları nəzərə alaraq şəhərdə yaşayış üçün nəzərdə tutulan binalarla yanaşı, geniş imkanlara malik infrastruktur obyektlərinin də tikintisi aparılır. Sakinlərin istirahət və rahatlığı ilə bərabər məşğulluğu da nəzərə alınır. Onu da qeyd etmək yerinə düşər ki, bu şəhər hələ qədim dövrlərdən özünü elm və təhsil sahəsində də hələ tanıda bilmişdi. Belə ki, Ağdam şəhər 1 nömrəli orta məktəb 1883-cü ildə əslən Füzuli rayonunun Qarğabazar kəndindən olan Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb. Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmiş Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagirdi olan bu məktəbdə dərslər rus dilində keçirilib. Qarabağda yetişən nəslin maariflənməsinə xidmət edən bu məktəbin əhəmiyyəti o dövrdə ölçüyəgəlməz dərəcədə böyük olmuşdu. Müasir dövrümüzdə də Ağdamın tədris, təhsil prosesi önəmli məsələdir. Oktyabrın 9-da Elm və Təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda bildirib ki, yaxın gələcəkdə Ağdamda Qarabağ Universiteti tikiləcək: "Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik. Tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır. İlk növbədə qeyd edim ki, işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda ali təhsil müəssisələri olacaq. Xankəndidə və Şuşada hazırda universitetlər var və tezliklə bərpa olunacaq".

Ağdamda universitetin tikilməsi olduqca təqdirəlayiq addımdır. İşğaldan azad edilmiş bütün rayonlarda mütəxəssis kadrlara olan ehtiyacları ödəmək üçün orta, peşə, ali ixtisas təhsil müəssisələrinin olması vacibdir. Bu mənada təhsil sahəsində də atılan addımlar bölgənin inkişafına xidmət edir.

Ramidə YAQUBQIZI,

"Respublika".